PDF Oxu

Dünya

  • 13

Hillari Klinton və Barak Obamanın nəhəng sponsorları fırıldaçılıqda suçlanır

Hillari Klinton və Barak Obamanın nəhəng sponsorları fırıldaçılıqda suçlanır
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ Demokratlar Partiyasının nüfuzlu ianə toplayanı fırıldaqçılıq üstündə həbs edilmişdir. İstintaqın məlumatına görə, Hillari Klinton və Barak Obama ilə əlaqəsi olan Nyu-York şəhərinin maliyyəçi multimilyonçusu Hassan Nemazi fırıldaqçılıq yolu ilə "Citibank" koorporasiyasından 74 milyon dollar məbləğində istiqraz almışdır.
Prokurorluq orqanları belə ehtimal edirlər ki, H.Nemazinin cinayətkar sxemi 2006-cı ilin axırlarında gerçəkliyə çevrilməyə başlamışdır. Fırıldaqçılığın mahiyyəti ondan ibarət idi ki, maliyyəçi istiqrazların alınması zamanı koorporasiyaya yanlış məlumatlar verir və saxta sənədlər təqdim edirdi. Avqustun 24-də H.Nemazi Federal Təhqiqat Bürosunun nümayəndələri tərəfindən sorğu-suala tutulmuşdur. Bundan sonra o, təxirə salınmadan istiqrazların məbləğinin hamısını banka qaytarmışdır. Çərşənbə axşamı məhkəmənin qərarı ilə maliyyəçi nəzarət altına alınmışdır. Hazırda onun zaminə götürülməsi məsələsi ətrafında danışıqlar aparılır.
59 yaşlı H.Nemazi İran əsilli ABŞ vətəndaşıdır və "Nemazi Capital" investisiya holdinqinə başçılıq edir. Onun daha çox demokratların sponsoru kimi tanıyırlar. Onun Demokratlar Partiyası ilə sıx əlaqəsi 1990-cı illərin ortalarında başlanmışdır. Əvvəllər o, Bill Klinton və Albert Qorun prezident kampaniyasına vəsait toplayıb. Onun demokratların müxtəlif namizədlərinin fondlarına köçürdüyü ianələrin miqdarı yüz minlərlə dollar məbləğindədir.
H.Nemazinin demokratlarla əlaqəsi bu partiyanın 2006-cı il seçkilərində qələbəsi ilə nəticələnmişdir. 2008-ci ildə o, Hillari Klintonun namizədliyini dəstəkləmişdir. Demokratların praymerizləri başa çatdıqdan sonra H.Nemazi Barak Obamanı dəstəkləmiş və onun üçün yarım milyon dollardan çox pul toplamışdır.

Digər xəbərlər