NATO-nun baş katibi Gürcüstan və Ukraynanın alyansa üzv olmağa hazır olmadığını açıqladı
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 1-də tutduğu postu tərk etməyə hazırlaşan NATO-nun baş katibi Yaap de Hoop Sxeffer indiki məqamda Gürcüstan və Ukraynanın alyans üzvlüyünə qəbul hazır olmadıqlarını etiraf etmişdir.
O, bu bəyanatını iyulun 21-də Böyük Britaniyadakı vida mərasimində vermişdir. "Yalnız arzu etmək, avtomatik olaraq, alyansa üzv olmaq hüququ vermir" deyə Sxeffer bildirmişdir. Onun fikrincə, bu ölkələrin daxillərində cərəyan edən siyasi vəziyyət onların NATO-ya üzvlüklərinə maneçilik törədir. Sxeffer belə hesab edir ki, alyansa üzv olmaq istəyən dövlətlər Şimali Atlantika Blokunun bütün tələblərinə cavab verməlidirlər. Onun fikrincə, "nə Ukrayna, nə də Gürcüstan buna hazır deyil."
Sxefferin bu şərhi Gürcüstan prezidenti Mixail Saakaşvilinin "The Wall Street Journal"a verdiyi müsahibə ilə media qalmaqalına səbəb olmuşdur. Öz müsahibəsində Gürcüstan prezidenti Şimali Atlantika cəhdinin, faktik olaraq, "dəfn edildiyini" etiraf etmişdir. Bir gün sonra M.Saakaşvili fikirlərini təhrif etdiyi üçün jurnal rəhbərliyinin ondan üzr istədiyini bildirmişdi.
Məlum olduğu kimi, son vaxtlar Gürcüstan və Ukrayna dəfələrlə NATO-ya qəbul olmağa cəhd etdiklərini bəyan etmişlər. Buna baxmayaraq, Brüssel bu planın gerçəkləşməsinə tamamilə ehtiyatla yanaşır. Hazırda Ukraynada anti-Qərb meyilli qüvvələr çoxluq təşkil edirlər. Gürcüstanın isə 2008-ci il avqust müharibəsindən sonra Şimali Atlantika prespektivləri üzərinə qatı duman çökmüşdür. Son vaxtlar NATO-nun Rusiya ilə əlaqələrinin möhkəmlənməsi həm Ukraynanın, həm də Gürcüstanın alyansa üzvlüyünü sual altına almışdır.