PDF Oxu

Dünya

  • 7

Gürcüstan müxalifəti siyasi məhbusların sayını dəqiqləşdirib

Gürcüstan müxalifəti siyasi məhbusların sayını dəqiqləşdirib
"Trend" ifnormasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanın siyasi məhbuslarının ümumi sayı 150 nəfərdən artıqdır. Məlumatı agentliyə müxalifətçi Gürcüstan Mühafizəkar Partiyası ötürmüşdür. Əldə edilmiş məlumat müxalifətin təşəbbüsü ilə yaradılmış komissiya tərəfindən üzə çıxarılmışdır. Komissiyanın tərkibində ölkənin başlıca hüquq-müdafiə təşkilatları iştirak etmişdir.
Komissiyanın hesabatında Gürcüstanın siyasi məhbusları 11 qrupa bölünmüşdür. Onların arasında 2009-cu ilin aprel-iyun aylarında həbs edilmiş müxalifət fəallarının adları çəkilir. Qruplardan biri 2007-ci ilin payızında həbs edilmiş müxalifətçilərə aid edilir. Növbəti qruplardan birini isə 2006-cı il dövlət çevrilişinə hazırlıqda ittiham edilən müxalifətçilər təşkil edir. Komissiya 2009-cu ilin mayında Muxrovani hərbi bazasında qaldırılmış üsyan nəticəsində həbs edilən zabitləri də siyasi məhbuslar siyahısına daxil etmişdir.
Hüquq müdafiəçiləri Gürcüstanda siyasi yöndə həbslərin 2005-ci ildə "qızılgül inqilabı"ndan iki il sonra başlandığını bəyan edirlər.
"İnterfaks"ın məlumatına görə, Gürcüstan müxalifətinin bir hissəsi etiraz aksiyalarını bu ilin payızınadək təxirə salmışlar. "Ədalətli Gürcüstan Uğrunda Hərəkat"ın lideri, Gürcüstanın keçmiş baş naziri Zurab Noqaideli belə bir bəyanat vermişdir ki, təmsilçisi olduğu partiya payızadək etiraz aksiyasını dayandıracaqdır. Onun dediyinə görə, fasilə zamanı müxalifətçilər əhali arasında iş aparacaq və payızda yenidən prezident Mixail Saakaşvilinin istefasını tələb edəcəklər.

Digər xəbərlər