İranda qətlə yetirilmiş nümayişçilərin xatirələrinin yad edilməsi qadağan edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın "Etimadi-Milli" müxalifət partiyasının lideri Mehdi Kərrubi, bir müddət əvvəl, iyunun 25-ə planlaşdırılmış matəm mərasimində qətlə yetirilmiş nümayişçilərin xatirəsinin yad edilməsi mərasimində iştirak etməkdən imtina etmişdir.
M.Kərrubinin dediyinə görə, hakimiyyət dairələri matəm mərasiminin keçirilməsinə icazə verməmişdir. Bir müddət əvvəl İranın hakimiyyət dairələri müxalifətin hər cür yığıncaq və tədbirini keçirməyi qadağan etmişdir. M.Kərrubinin dediyinə görə, matəm mərasimini gələn həftə Tehran Universitetində və ya qəbiristanlıqda keçirəcəklər.
Agentliyin məlumatına görə, iyunun 24-də İran universitetlərindən ən azı 70 müəllim həbs edilmişdir. Həbs edilənlər İranda liberal idarə üsulunu dəstəkləyənlər olmuşdur. Müxaliftçilər həbs edilənlərin hara aparıldıqlarını bilmirlər. Analitiklər belə hesb edirlər ki, həbslər İranın elitar dairəsinin təzyiqinin nəticəsi kimi üzə çıxır.
"CNN" agentliyinin məlumatına görə, Tehranda qarşıdurma baş verərkən, bir neçə xarici ölkə vətəndaşı da həbs edilmişdir. Onların bir çoxlarının Britaniya pasportları olmuşdur. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarının həbsi ilə bağlı informasiyanın yoxlanıldığını bildirmişdir. Rəsmi Tehran isə, bəyan etmişdi ki, Böyük Britaniya və onun kütləvi informasiya vasitələri İranın parçalanmasına cəhd edirlər. İran hökuməti "Bi-Bi-Si" jurnalistindən İranı tərk etməyi tələb etmiş və iki Britaniya diplomatını ölkədən çıxarmışdır. Buna cavab olaraq, London iki İran diplomatını ölkədən qovmuşdur. İran kəşfiyyatının başçısının verdiyi məlumata görə, Qərb və İsraillə bağlı bir neçə şəxs İranda partlayış törətməyə cəhd edirdilər.
İyunun 24-də Tehran polisi yenidən bir qrup nümayişçini meydandan qovmuşdur. Nümayişçilər parlament binası yaxınlığındakı meydançaya yığışmaq istəyirdilər. Polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edərək, nümayişçiləri meydandan uzaqlaşdırmışdır. Rəsmi məlumata görə, polis havaya aramsız atəş açmışdır. Nəticə onlarla nümayişçi ciddi bədən xəsarəti almışdır. Rəsmi məlumata görə, polislə nümayişçilərin qarşıdurması zamanı 17 nəfər həlak olmuşdur. Müxalifətçilər isə 150 nəfərin öldürüldüyünü təsdiq edirlər.