PDF Oxu

Dünya

  • 15

Barak Obama Şimali Koreya üzərinə tətbiq edilmiş ticarət sanksiyasının müddətini uzadıb

Barak Obama Şimali Koreya üzərinə tətbiq edilmiş ticarət sanksiyasının müddətini uzadıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama iyunun 25-də Şimali Koreya ilə münasibətdə bu ölkə üzərinə tətbiq edilmiş bəzi sanksiyaların müddətini uzatmışdır. Söhbət, əsasən, mülkiyyətlə bağlı hər cür əməliyyatlara aid olan məhdudlaşdırılmalardan gedir. Əvvəllər bu maddə üzrə qoyulmuş sanksiyanın müddəti iyunun 26-da başa çatırdı. Obamanın imzaladığı yeni sanksiya bir il qüvvədə olacaqdır.
B.Obama sanksiyanın müddətinin uzadılmasını Şimali Koreyada yığışmaqda olan nüvə materialının ABŞ-ın dövlət təhlükəsizliyini təhdid etməsi ilə əlaqələndirmişdir. Agentlik xatırladır ki, 2008-ci ildə ABŞ-ın keçmiş prezidenti Corc Buş Pxenyanı terrorizmə dəstəkçi olan ölkələrin siyahısından çıxarmış və Şimali Koreya üzərindəki qadağaların hamısını götürmüş, yalnız mülkiyyət əməliyyatları ilə bağlı məhdudlaşdırılmaları saxlamışdır. B.Obama məhz həmin məhdudlaşdırılmaların müddətini yenidən uzatmışdır.
Şimali Koreya ətrafındakı konflikt  mayın 25-də Pxenyanın tarixində ilk yeraltı nüvə sınağını keçirməsindən sonra daha da gərginləşmişdi. O vaxtadək bu ölkə kosmosa bir neçə orta və aşağı radiuslu raket buraxmışdır. Buna cavab olaraq, BMT-nin Təhlükəsizlik Şurası iyunun 12-də Pxenyanın üzərinə sanksiya tətbiq etmiş və Şimali Koreyaya silah ixracını qadağan etmişdi. Qərb KXDR-dən tələb etmişdir ki, nüvə proqramını dayandırıb, danışıqlar stolu arxasına keçsin. Ancaq buna cavab olaraq, Pxenyan nüvə proqramını işləyib-hazırlamaqda və yeni raket sınaqları keçirməkdə davam edir. İyunun 24-də Şimali Koreyanın dövlət informasiya agentlikləri belə bir bəyanat yaymışlar ki, "Amerika imperialistləri"nin müharibəyə başlayacağı təqdirdə, Pxenyan ABŞ-ı məhv edəcəkdir.

Digər xəbərlər