PDF Oxu

Dünya

  • 8

İranda rəsmi andiçə mərasimi bir aydan sonra keçiriləcək

İranda rəsmi andiçə mərasimi bir aydan sonra keçiriləcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran parlamenti 12 iyun prezident seçkilərinin qalibinin andiçmə mərasiminin keçiriləcəyi günü müəyyənləşdirmişdir. İranda inauqurasiya mərasimi və yeni hökumətin təşkili 26 iyul-19 avqust arasında keçiriləcəkdir. Seçkilərdə iqtidarda olan prezident Mahmud Əhmədinejad  qalib gəlsə də, parlamentin qərarında onun adı çəkilməmişdir.
 Rəsmi məlumata görə, M.Əhmədinejad 62,6, onun başlıca rəqibi Mirhüseyn Musəvi isə 33,8 faiz seçici səsi qazanmışdır. Ölkə müxalifəti hökuməti seçkilərin saxtalaşdırılmasında ittiham etmişdir. Bundan sonra Tehranda başlanmış kütləvi etiraz aksiyaları polis tərəfindən dağıdılmışdır. Seçki komissiyası bülletenlərin 10 faizini yenidən saymağa razılıq vermişdir. Səslər sayıldıqdan sonra, Konstitusiya Keşikçiləri Şurası seçkilərin gedişində heç bir ciddi pozuntu olmadığını bəyan edib seçkinin nəticələrini ləğv etməkdən imtina etmişdir. Rəsmi məlumata görə, etiraz aksiyaları zamanı 17 nəfər həlak olmuşdur.  Müxalifət isə 150 nəfərin öldürüldüyünü bildirir.
"Röyter"in məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun İranın hakimiyyət dairələrinin etiraz aksiyası iştirakçılarına qarşı güc metodlarından istifadə etməməyə çağırmışdır. BMT-nin baş katibi İran rəhbərliyini müxalifətçilərlə dialoqa çağırır. O, İran hökumətinin xalqı qorxutmasının əleyhinə çıxır və təcili olaraq, həbsləri dayandırmağı tələb edir. Pan Gi Mun nümayişçilərin vətəndaş və siyasi hüquqlarının qorunmasının vacibliyini vurğulayır.
"Assoşieyted Press"in məlumatına görə, Böyük Britaniya 7 diplomatının İrandan çıxarılmağa başladığını bəyan etmişdir. Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana getməməyi məsləhət görmüşdür.
"Frans Press" agentliyinin məlumatına görə, ABŞ-ın Demokratlar Partiyasının nümayəndələri prezident Barak Obamanın hazırkı vəziyyətdə İranın işinə qarışmamaq yönündə mövqeyinə müsbət yanaşmışlar. ABŞ-ın Senat Komitəsinin kəşfiyyat məsələləri üzrə sədri Diana Faynşteyn bununla əlaqədar demişdir: "Vacib cəhət odur ki, bu məsələdə bizim barmaq izlərimiz yoxdur." ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələri B.Obamanın İrana münasibətini "kifayət qədər yumşaq" hesab edirlər. Obamanın keçmiş rəqibi Arizona ştatının senatoru Con Makkeyn belə bir narahatlıq ifadə etmişdir ki, hətta Fransa prezidenti Nikolya Sarkozi və Almaniya kansleri Angela Merkel İran hadisələri haqda daha  sərt bəyanatlarla çıxış etmişlər.

Digər xəbərlər