İran müxalifəti Əhmədinejadın uduzması haqda məxfi sənəd tapıb
Müxalifət tərəfdarları Tehran küçələrində ölkənin daxili işlər naziri Sadiq Məhsulinin İranın ali rəhbəri ayətullah Əli Xameneiyə yazdığı məktubun fotosurətini yaymağa başlamışlar. Nazir yazır ki, prezident seçkilərində müxalifətçi namizəd Mirhüseyn Musəvi daha çox səs qazanmışdır. "İndependent" qəzeti bu məlumatı öz səhifələrində dərc etmişdir. Rəsmi qələbəni iqtidarda olan dövlət başçısı Mahmud Əhmədinejadın qazandığı bildirilir. S.Məhsuli məktubunda yazır ki, M.Xameneinin təklifi ilə seçkinin nəticələrində dəyişiklik edilib. İran seçicilərinin necə səs verməsi haqda nazir bu rəqəmləri sadalayır: M.Musəviyə 19 milyon, keçmiş parlament spikeri Mehdi Kərrubiyə 13,4 milyon, Əhmədinejada 5,7 milyon seçici səs vermişdir. Ancaq seçkinin rəsmi nəticələri bu cür elan edilmişdir: Əhmədinejad 24,5 milyon, Musəvi 13,2 milyon, Kərrubi isə 333,6 min səs qazanmışdır.
Belə ehtimal edilir ki, məktubun mətni xeyli saxtalaşdırılmışdır. Əhmədinejadla və Kərrubiyə verilən səslər arasındakı fərq inandırıcı görünmür. Müşahidəçiləri narahat edən cəhətlərdən biri də ölkənin ali dini liderinə ünvanlanan məktubun altında "nazirin sərəncamı ilə" imzası qoyulmuşdur.
Seçkinin nəticələri elan edildikdən sonra müxalifət onun nəticələrini tanımaqdan imtina etdi. Bundan sonra Tehranda kütləvi etiraz aksiyaları başlandı və nəticədə 7 nəfər qətlə yetirildi. Hakimiyyət dairələri yalnız bundan sonra səsvermənin nəticələrini yenidən hesablamağa razılıq verdilər.
İyunun 18-də İran müxalifətçiləri öldürülmüş tərəfdarların xatirəsini yad etmək üçün sülh nümayişi keçirmişlər. Etiraz aksiyaları dünyanın digər ölkələrində də keçirilir. Müxalifətçilər M.Əhmədinejadın Rusiyada hərarətlə qarşılanmasına etirazlarını bildirmişlər.
"Röyter" agentliyinin yaydığı məlumata görə, İranın İsfahan ostanının prokuroru Məhmmədrza Həbibi belə bir bəyanat vermişdi ki, qanun pozuntusu törədiciləri islam şəriətinə əsasən, edam cəzasına məhkum edilə bilərlər. Prokurorun dediyinə görə, Tehran küçələrindəki qanun pozuntuları xaricdən idarə olunur. O, nümayişçilərdən "cinayət əməlləri"ni dayandırmağı tələb etmişdir.