Aramsız leysan yağışları Tacikistanı BMT-yə müraciət etməyi məcbur edib
"BMT xəbərlər mərkəzi"nin məlumatına görə, Tacikistan hökuməti respublikada baş vermiş təbii fəlakətlə əlaqədar yardım üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət etmişdir. Xatırladırıq ki, bir aydan artıqdır ki, Tacikistanda aramsız yağışlar yağmaqdadır. Bu da ölkənin müxtəlif ərazilərində torpaq sürüşmələrinə, daşqınlara və sel axınlarına səbəb olur.
İlkin hesablamalara görə, təbii fəlakət ölkəyə 100 milyon dollar məbləğində zərər vurmuşdur. 200-ə yaxın bina dağıdılmış, onlarla körpü uçmuş və yüzlərlə dövlət obyektləri məhv edilmişdi. 160 kilometrə yaxın avtomobil yolu yuyulub aparılmış, elektrik xətləri sıradan çıxmış, on minlərlə adam evsiz-eşiksiz qalmışdır.
Ölkənin kənd təsərrüfatına ağır zərbə vurulmuşdur. Sel daşqınları nəticəsində yüzlərlə hektar əkin sahələri su altında qalmış, üç mindən çox mal-qara məhv olmuşdur. Sürəkli leysan yağışlar biçin kampaniyasına maneçilik törədir.
Hazırkı vəziyyətdə respublikada tikinti materiallarına, yanacağa, təkərli generatorlara, qida məhsullarına dərman preparatlarına, toxumlara və çadırlara böyük ehtiyac duyulur. Tacikistanın BMT-dəki daimi nümayəndəsi Siracəddin Aslovun dediyinə görə, təbii fəlakətlərlə əlaqədar kənd təsərrüfatı məhsullarının bərpası üçün nəhəng resurslar lazımdır.
Tacikistan fövqalədə vəziyyət komitəsinin məlumatına görə, təbii fəlakət nəticəsində aprel və may aylarında 23 nəfər həlak olmuşdur.