Sərdar Cəlaloğlu Rəsul Quliyevlə barışır
Sərdar Cəlaloğlunun ADP-ni parçalamasından o qədər də çox vaxt keçməyib. 2005-ci il 6 noyabr parlament seçkiləri ərəfəsində S.Cəlaloğlu ADP-nin baş katibi kimi Rəsul Quliyevin razılığı ilə partiyanı "Azadlıq" blokunun sıralarına qoşmuşdu. O vaxt seçki bloku hesab edilən "Azadlıq"da ADP ilə birlikdə Müsavat və AXCP (i) də təmsil olunmuşdu. İ.Qəmbərov və Ə.Kərimov S.Cəlaloğludan tələb edirdilər ki, R.Quliyevin Bakıya dönüşünə zəmin yaratsın.
S.Cəlaloğlunun bir neçə təkidli tələbindən sonra R.Quliyev 2005-ci ilin 17 oktyabrında Bakıya dönəcəyini vəd etdi. O, bu məqsədlə Londondan çarter reysi ilə Azərbaycana uçdu. Ancaq Binə aeroportu üzərində bir dövrə vurduqdan sonra enməyə ürək etmədi. Qalan yanacaqla geriyə - Londona qayıtmaq qeyri-mümkün olduğundan, R.Quliyev yanacaq götürmək məqsədilə Sevastopola uçmağa razılıq verdi.
R.Quliyevin bu hərəkəti "Azadlıq" seçki blokunda ikrahla qarşılandı. Radikallar üçün uğursuzluqla başa çatan seçkilərdən sonra S.Cəlaloğlu bir neçə ay ərzində ADP-ni parçaladı. Mühacirət həyatı keçirən R.Quliyev selektor əlaqəsi ilə ADP-yə məqsədli şəkildə gətirdiyi legionerləri yeni yaratdığı "Açıq Cəmiyyət Partiyası"na yığdı. R.Quliyev qurumun lideri olmaqla, Akif Şahbazovu "ACP" sədri seçdi.
ADP-nin yeni sədri S.Cəlaloğlu "Azadlıq" blokunda çox da duruş gətirə bilmədi. Müsavatdan bir qədər sonra, ADP də "Azadlıq" blokunu tərk etdi. "MBH" lideri Lalə Hacıyeva və "VİP" sədri Əli Əliyev AXCP (i)-ni tək qoymayıb, "Azadlıq" blokuna qoşuldular. Bundan sonra "Azadlıq" siyasi blok elan edildi. Ötən üç il müddəti ərzində S.Cəlaloğlu maddi çatışmazlıq və pulsuzluq ucbatından ağır məqamlar yaşadı. Bu cür müstəqil yaşamaq onu bezdirmişdi. Ani olaraq onun beynindən Şultsun "Aclıq partizanları təslim olmağa məcbur edər" ifadələri keçdi. Aclığın bütün əlamətlərini öz üzərində hiss edən S.Cəlaloğlu yenidən R.Quliyevə doğru addım atmaq qərarı qəbul etdi. Ancaq bundan sonra onun mədəsinin gurultusu qəflətən azaldı.
Xatırladaq ki, son bir ildə S.Cəlaloğlu ADP-nin mərkəzi aparatında fəaliyyət göstərənlərin maaşlarını verə bilmirdi. Partiyanın orqanı olan "Hürriyyət" qəzetini nəşr etmək üçün pul tapılmır. ADP funksionerləri S.Cəlaloğlunun sədrlikdən getməsinə zəmin yaranırdı. Belə bir çətin vəziyyətdə S.Cəlaloğlu R.Quliyevə əl uzatmaqla öz problemlərini həll etmək istəyinə düşüb.
Mayın 12-də R.Quliyevlə telefon əlaqəsi yaratmağa nail olan S.Cəlaloğlu, həmkarına olub-keçənləri unutmağı və yeni əlaqələr yaratmağı təklif edib. "ACP" sədri bu haqda düşünəcəyini vəd edib. Ancaq mühacir həyatı keçirməkdə davam edən R.Quliyev, vaxtilə S.Cəlaloğlunun ünvanına təhqiramiz ifadələr işlətməsinə etirazını bildirərək, onu xeyli məzəmmət edib. Tərəflər belə qərara gəliblər ki, gələn həftə yenidən bu mövzu üzərinə qayıtsınlar.
Tərəflər arasında ilkin razılaşmaların olduğu bildirilir. Hələlik, ADP və "ACP" funksionerləri bu haqda geniş açıqlama vermək istəmirlər. S.Cəlaloğlunun təklifi R.Quliyev üçün bir növ göydəndüşmə olub. Uzun illər ərzində xaricdə mühacir həyatı keçirməkdə davam edən R.Quliyev "ACP"-ni bir yana çıxara bilmirdi. "ACP"-də Akif Şahbazovun kifayət dərəcədə məqsədyönlü fəaliyyət göstərə bilməməsi R.Quliyevi məyus edirdi. S.Cəlaloğlunun təklifindən sonra R.Quliyev inanır ki, ADP-nin köhnə formatına qayıtması partiyanın fəaliyyətinin güclənməsinə səbəb olacaqdır. Hər halda R.Quliyev belə hesab edir.
Artıq ADP funksionerləri S.Cəlaloğlunun R.Quliyevlə barışma təklifinə müsbət münasibət göstərməkdədirlər. Dilənçi vəziyyətinə düşmüş ADP funksionerləri tezliklə R.Quliyevin pullarının istisinə qızınacaqlarını güman edirlər. ADP-dən sızan məlumatlara görə, R.Quliyevin yenidən ADP-yə qayıdacağı təqdirdə, partiyanın maliyyə durumu xeyli yaxşılaşacaqdır. Onların dediklərinə görə, S.Cəlaloğlu ilə telefon danışıqları zamanı R.Quliyev hər ay partiyaya 20 min dollar göndərəcəyini vəd edib. Əlbəttə, əlaqələrin bərpa olunacağı təqdirdə. Odur ki, ADP-də bərpa kampaniyası xeyli güclənmişdir.