Tom Tankredo Barak Obamanı “təriqət lideri” adlandırıb
"Kharlotte Observer"in məlumatına görə, ABŞ prezidentliyinə keçmiş namizəd Tom Tankredo ABŞ prezidenti Barak Obamanın "təriqət lideri" adlandırıb. T.Tankredo yaxın vaxtlaradək Konqresdə Kolorado ştatını təmsil edirdi və qeyri-leqal mühacirət əleyhinə qəti mübarizə tərəfdarı kimi tanınırdı. O, bu sahədə B.Obamanın planlarını heç vaxt bəyənməmişdi.
T.Tankredo prezident seçkilərində Respublikaçılar Partiyasını təmsil edirdi. Ancaq partiya praymerizləri başlamamışdan əvvəl yarımçıq yolu tərk etmişdi. Bundan sonra o, mühafizəkar radioproqramlarından birində mühacirət siyasəti haqda qeydlərini söyləyirdi. B.Obama haqqında isə bu sözləri demişdi: "Etiraf etmək lazımdır ki, B.Obama təriqət lideridir. O, bu təriqəti istədiyi səmtə aparacaqdır. Biz, sadəcə olaraq, bu tərəqətin üzvlərinin sayını bilmirik. Bilmirik ki, o nə qədər böyükdür və sayı artır, yoxsa çoxalır?!"
Məlum olduğu kimi, B.Obama yanvar ayında prezident postunu tutduqdan sonra, cari ildə mühacirət islahtları aparacağını vəd etmişdi. O, ilk növbədə, ABŞ-da fəaliyyət göstərən qeyri-leqal mühacirlərin statusunu gerçəkləşdirmək fikrində idi. Hazırda ABŞ-da qeyri-qanuni surətdə fəaliyyət göstərən mühacirlərin ümumi sayı təxminən 12 milyon nəfərdir.