PDF Oxu

Dünya

  • 9

Pakistan ordusu talibləri Daqardan çıxarıb

Pakistan ordusu talibləri Daqardan çıxarıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistan ordusunun "Taliban" hərəkatına qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyat nəticəsində Buner bölgəsi administrativ mərkəzi Daqar şəhərini ələ keçirmişdir. Hərbi əməliyyat zamanı aviasiya qüvvələrindən və yerüstü xüsusi dəstələrin köməyindən istifadə edilmişdir.
Taliblərə qarşı hərbi əməliyyat aprelin 28-də keçirilmişdir. Bir müddət əvvəl Svat vadisinə gəlib burada möhkəmlənərək nəzarət-keçid məntəqələri yaradan taliblər hökumət qoşunlarına mane olurdular. Yüzlərlə talibin İslamabadın 100 kilometrliyinə yaxınlaşması Pakistanın mərkəzi hökumətinin ünvanına ittihamlar yağdırılmasına səbəb olmuşdur. Onlar hökumətdən tələb etmişlər ki, Svat vadisində sabitliyi bərpa etsinlər.
Aprelin ortalarında Pakistan prezidenti Asif Əli Zərdari Svat vadisində şərait qanunlarının bərqərar olması haqqında sərəncam imzalamışdı. Buna cavab olaraq, taliblər vadidə döyüş əməliyyatlarını dayandırmalı idilər. Taliblər müqavilənin şərtlərini pozduqdan sonra Bunerə Pakistanın ordu hissələri daxil olmuşdur.
Pakistanın atdığı addım ABŞ-ın rəsmi dairələrinin narazılığına səbəb olmuşdur. Aprelin 23-də ABŞ-ın dövlət katibi Hillari Klinton belə bir bəyanat vermişdi ki, Pakistandakı vəziyyət ABŞ-ın və eləcə də dünya dövlətlərinin təhlükəsizliyini təhdid edir.

Digər xəbərlər