PDF Oxu

Dünya

  • 11

Klinton Pakistanın timsalında dünya üçün “ölüm təhlükəsi” müşahidə edib

Klinton Pakistanın timsalında dünya üçün “ölüm təhlükəsi” müşahidə edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Pakistanda baş verən hadisələrdə istər ABŞ, istərsə də dünyanın digər ölkələri üçün ciddi "ölüm təhlükəsi" olduğunu qeyd etmişdir. H.Klintonun fikrincə, İslamabad "Taliban" hərəkatı üzvlərinə həddən artıq güzəştə getmişdir. Nəticədə Əfqanıstan sərhədində yerləşən Svat vadisində terrorçuların fəaliyyət dairəsi genişlənmişdir.
Əvvəllər məşhur turizm zonası kimi tanınan Svat vadisi 2007-ci ildə taliblərin hücumuna məruz qalmışdır. Taliblər Pakistan hökumətindən tələb etmişdilər ki, Svat əyalətində zorakılığı aradan qaldırmasını istəyirsə, şəriət məhkəmələri yaratsın. 2009-cu ilin martında Pakistan prezidenti Asif Əli Zərdari taliblərin tələblərini yerinə yetirmək üçün müvafiq sərəncam imzalamışdır.
H.Klinton Pakistan hökumətinin bu addımını uğursuzluq kimi xarakterizə etmişdir. Onun dediyinə görə, taliblər yerlərdə hakimiyyəti öz təsirləri altına ala bilərlər. H.Klintonun fikrinin təsdiqi kimi taliblər aprelin 23-də Svat vadisi səmtindən Bunerə hücum edib əyaləti öz nəzarətləri altına almışlar. Bu əyalət İslamabadın cəmi 110-cu kilometrliyində yerləşir. Şahidlərin dediyinə görə, taliblər Bunerdə məscidi ələ keçirmiş, küçə və bazarlarda, blokpostlarda öz nəzarətlərini gücləndirmişlər.
ABŞ prezidenti Barak Obama özünün yeni Əfqanıstan-Pakistan strateji planını təqdim etmişdir. Söhbət Əfqanıstana əlavə hərbi birləşmələrin göndərilməsindən və Pakistana maliyyə yardımından gedir.

Digər xəbərlər