PDF Oxu

Dünya

  • 8

ABŞ İranın nüvə proqramının başlıca danışıqaparanı olacaq

ABŞ İranın nüvə proqramının başlıca danışıqaparanı olacaq
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ İranın nüvə proqramı ilə əlaqədar danışıqların hamısında bilavasitə iştirak edəcəkdir. Tehranın nüvə proqramının müzakirəyə çıxarılmasını Barak Obama administrasiyası aprelin 8-də bəyan etmişdi. Bununla da Vaşinqton növbəti addımını İranın siyasi xətti istiqamətində atacaqdır. Vaxtilə Corc Buş administrasiyası İranı "şər oxu" siyahısına daxil edib onunla mübarizə aparırdı. C.Buş administirasiyası zamanı BMT TŞ və Almaniya nümayəndələri İran hökuməti ilə görüşlərə cəlb edilirdi. ABŞ-ın dövlət katibi Hillari Klintonun dediyinə görə, bundan sonra ABŞ İranla daim danışıqlar stolu arxasında oturacaqdır. "Başlıca cəhət odur ki, İranı nüvə silahı yaratmaq cəhdindən çəkindirəsən" deyə H.Klinton bildirmişdir. Aprelin 8-də ABŞ diplomatı Uilyam Berns London görüşündə ABŞ-ın qərarını Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya nümayəndələrinə çatdırmışdır. ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Vud ümid etdiyini bildirmişdir ki, İran rəhbərliyi danışıqlara cəlb ediləcəkdir. Həmin gün İran prezidenti Mahmud Əhmədinejad Vaşinqtonun ədalətli dialoq aparacağı təqdirdə, ABŞ-la danışıqlara hazır olduğunu bildirmişdir.

Digər xəbərlər