PDF Oxu

Dünya

  • 10

İtaliyada zəlzələdən ölənlərin sayı 179 nəfərə çatıb

İtaliyada zəlzələdən ölənlərin sayı 179 nəfərə çatıb
"Assoşieyted Press" informasiya agentliyinin aprelin 6-da yaydığı məlumata görə, aprelin 6-da İtaliyanın mərkəzi regionunda baş verən zəlzələdən sonra xilasedicilər uçmuş binaların altından 179 nəfərin cəsədini çıxarmışlar. Onlardan 139 nəfəri tanınmışdır.
Təbii fəlakətdən 24 saat sonra xilasetmə xidməti 34 nəfərin tapılmadığını bəyan etmişdi. 1,5 min nəfərə yaxın insan bədən xəsarəti almışdır. Moskva vaxtı ilə saat 05:30-da başlayan zəlzələ 30 saniyə davam etmişdir.
Son məlumata görə, zəlzələ təxminən 10 min  binanı sıradan çıxarmışdır. Onlardan bir çoxunu bərpa etmək mümkün olmayacaqdır. 70 min nəfərə yaxın insan evsiz qalmışdır. Xilasedicilər uçqun altından 100 nəfərə yaxın insanı sağ-salamat çıxarmağa müvəffəq olmuşlar.
Zəlzələnin episentri Abrutstso regionunun administrasiya  mərkəzi L’Akuila şəhəri yaxınlığında olmuşdur. Zəlzələ 30 km radiusda ətraf ərazilərə zərər vurmuşdur. Villa Sant-Ancelo və Borqo di Kstelnuovo adlı iki qonşu kənd yerlə yeksan olmuşdur.
L’Akuila şəhərinin əhalisinin əksəriyyəti şəhəri tərk etmişdi. Şəhərdə qalanlar stadionlarda, idman mərkəzlərində və ordu baraklarında gecələməli olmuşlar. İtaliyanın baş naziri Silvio Berluskoninin dediyinə görə, L’Akuilada 16-21 min nəfərlik çadır şəhərciyi inşa ediləcəkdir.
Aprelin 6-da bütün gecə xilasedici işlər davam etdirilmişdir. İtaliyanın xarici işlər naziri Roberto Maroninin dediyinə görə, aprelin 7-də 1700 nəfər qoşulacaqdır ki, onlardan 1500 nəfəri yanğın söndürənlərdir.

Digər xəbərlər