Rusiya iqtisadiyyatı çökür
ABŞ Federal Ehtiyat Sistemi (FES) isə son iki ay ərzində ikinci dəfə kreditlər üzrə faiz dərəcəsini 0,25 faiz azaldaraq 4,5 faizə endirib. Bundan dərhal sonra dolların məzənnəsi 1999-cu ildə tətbiq edildikdən bəri vahid Avropa valyutasına nisbətdə ən aşağı həddə düşüb və bir avro 1,45 dol-a bərabər olub. Bütün əsas dünya valyutalarına nisbətdə dolların qiymətdən düşməsi prinsipcə Amerika valyutası ilə satılan malları əcnəbilər üçün daha cazibədar edir. Ancaq bu, neft müqavilələrinə aid deyil. Dünyada neftə tələbatın artması, neft çıxaran ölkələrin hasilatı kəskin şəkildə artırmağa qadir olmaması və İran körfəzi ölkələri ətrafında siyasi gərginliyin artması şəraitində "qara qızıl" satıcıları dolların məzənnəsinin aşağı düşməsi ucbatından öz gəlirlərinin azalması ilə barışmaq niyyətində deyil. Üstəlik, təcili neft müqavilələri çoxdandır dollar zəifləyən zaman investorların "xilas olmaq" üçün istifadə etdikləri maliyyə alətinə çevrilmişdir.
Rubl qoyuluşları da dünya bazarlarında hazırkı tufan şəraitində investorlar üçün daha bir "xilasetmə limanı" olur. Qeyd edək ki, artıq Rusiya valyutasının rəsmi məzənnəsi bir dollar müqabilində 24,67 rubl təşkil etmişdir. Rubl 8 ildən çox - 1999-cu ilin avqustundan bəri bu qədər baha olmamışdır. Həm də, hər şeydən göründüyü kimi, bu, son hədd deyil. Rubl dollara nisbətdə, bir tərəfdən dünya bazarında Amerika valyutasının zəifləməsi sayəsində, digər tərəfdən isə, Rusiyaya daxil olan neft dollarları hesabına möhkəmlənir.
Qlobal kredit bazarlarında vəziyyət də, çox güman ki, rublun xeyrinə dəyişəcək. Rusiyanın iri bankları ölkənin qənaətbəxş makroiqtisadi göstəriciləri sayəsində güclənən Rusiya şirkətlərinin ehtiyaclarını ödəmək üçün, yenə də Qərbin maliyyə bazarlarından uzunmüddətli kreditlər cəlb edə biləcək. Beləliklə, daxili kreditlərə tələbat rublun xeyrinə işləyəcək.
Rusiya mətbuatında isə müasir iqtisadi nəzəriyyələrin plastmas kərpiclərdən ucalan bina kimi asanlıqla dağıldığı haqqında fikirlər səslənir və bu zaman ən nüfuzlu təşkilatların proqnozları bir-birini inkar edir. Amma maliyyə böhranı səngimək bilmədən milyonlarla insanı şoka salmaqdadır.
Bu böhranda başqa bir məqam daha maraqlıdır. Necə olur ki, bütün iqtisadi əzəməti ilə dünyanı özünə tabe etmək iddiasında olan supergüc mərkəzləri, gözlənilmədən ipoteka krediti adlı bank xidmətinin bir növünün birdən-birə "Təpəgöz"ə çevrilməsi qarşısında aciz və müdafiəsiz qaldı. İndi isə bu "Təpəgöz"ü milyardlarla belə doyurmaq mümkün deyil. Bəlkə dünyada cövlan edən maliyyə böhranının səbəblərindən biri planetin ümumi iqtisadi balansının pozulmasıdır? Bəlkə enerji ehtiyatlarına nəzarətdə yarışa girən supergüclərin maraqlarının toqquşması, illər boyu davam edən kəskin qarşıdurmalarıdır? Bütün hallarda bunu zaman göstərəcək.
Yeri gəlmişkən, MDB Maliyyə-Bank Şurası Koordinasiya Şurasının sədri Anatoli Kazakov bildirib ki, dünya maliyyə böhranı Qazaxıstan və Ukraynanın maliyyə sektoruna cidi ziyan vurub, ən az zərər çəkən isə Azərbaycandır. Azərbaycan kiçik dövlət olsa da, artıq özünü bölgənin əsas gücü kimi tanıda bilib. Azərbaycanı bu fəlakətdən kənarda saxlayan amillərdən biri, məhz balanslaşdırılmış siyasətin yeridilməsi və iqtisadi islahatları ardıcıl həyata keçirməsidir.