5 Fevral Kəşmirin Həmrəylik Günüdür
Artıq 18 ildir ki, dünyada yaşayan pakistanlılar 5 fevral tarixini öz müqəddəratını təyin etmək uğrunda altmış ildən çox mübarizə aparan və misli görünməyən qurbanlar verən kəşmirlilərlə birlikdə həmrəylik günü kimi qeyd edir. Hər il olduğu kimi, bu il də Pakistan xalqı işğal altında olan Kəşmir cammatına mənəvi, siyasi və diplomatik dəstək verir. Bu il də bu məqsədlə müxtəlif seminarlar, konfranslar və mitinqlər keçirəcəklər. Kəşmir probleminin bütün məqamları açıqlanacaq və hind qoşunları tərəfindən insan hüquqlarının pozulma faktları qabarıq şəkildə göstəriləcək.
"Kaşmir mediaservis"in baş xəbər redaktoru M.Raza Malik "Səs" qəzetinə ünvanladığı məktubda bir sıra tarixi araşdırmalara diqqət yönəldib. Belə ki, o, Britaniya Parlamentinin 1947-ci il iyulun 18-də qəbul etdiyi 3 iyun Hindistan Müstəqillik Aktı və Parçalanma Planına əsasən, Britaniyanın Hindistan Kolonyasının 2 hissəyə parçalandığını bildirir. Parçalanma nəticəsində hinduların çoxluq təşkil etdiyi ərazilər Hindistana, müsəlmanların çoxluq təşkil etdiyi qərbi əyalətlər və şərqi Benqal isə Pakistan dövlətinə daxil edildi.
M.Raza Malikin yazdığına görə, bölünmə planına əsasən əhalisinin 87 faizi müsəlmanlardan ibarət olan Kəşmir, Pakistana birləşməli idi. Lakin hindlilərin başçısı Maharaca Hari Sinq və Hindistan Milli Konqresi bunun reallaşmaması üçün bir sıra addımlar atdı. Yəni, Hindistan 1947-ci il oktyabrın 27-də ştatı zəbt etmək üçün öz ordusunu orada yerləşdirdi.
Kəşmir camaatının Hindistanın həmin əraziləri qeyri-qanuni zəbt etməsindən narahatçılıq keçirdiyini yazan M.Raza Malik, o vaxtdan azadlıq mübarizəsinin başladığını bildirib: "Onlar silahlı mübarizəyə ümumxalq qiyamı ilə başladılar. 1948-ci il yanvarın 1-də qüvvələrinin məğlub olduğunu başa düşən Hindistan BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdi. Həmin təşkilat hər iki dövlət tərəfindən bəyənilən qətnamə qəbul etdi. Qətnaməyə əsasən sərhəd boyu atəşkəs xətti qoyulmalı, ştat silahsızlaşdırılmalı və BMT tərəfindən aparılan azad və qərəzsiz ümumxalq səsverməsi keçirilməli idi".
Atəşkəs nəticəsində Kəşmirin 2 hissəyə - Azad Camu və Kəşmir və Hindistanın zəbt etdiyi Kəşmirə bölündüyünü diqqətə çatdıran "Kaşmir mediaservis"in baş xəbər redaktoru məktubunda BMT qətnaməsinin birinci mərhələsi - atəşkəsin icra edildiyi halda, ərazinin silahsızlaşdırılması və ümumxalq səsverməsinin keçirilməsi məsələlələrinin hələ də icra edilmədiyini yazır: "Kəşmir mübahisəsinin ən acınacaqlı aspekti budur ki, Hindistan özü mübahisəni BMT-yə çıxardığı halda, çıxarılan qətnaməyə dönük çıxıb". O, Kəşmir camaatının mübahisəsinin həll olunmasında bütün sülh vasitələrinin müvəffəqiyyətsizliyini gördükdən sonra 1989-cu ildən genişmiqyaslı üsyanlara başladığını bildirib: "Hindistan qoşunları zəbt olunan Kəşmir ərazisində 92 minə yaxın mülki şəxsi qətlə yetirib, 7 mindən çox insanı həbs edib, 25 mindən artıq qadını dul, 100 minə yaxın uşağı yetim qoyublar".
Tarixi nöqteyi-nəzərdən Pakistanın kəşmirlilərlə həmrəy olması üçün bir çox səbəblər var. Ümumi mədəniyyət, ideologiya, coğrafi və emosional birlik, əsrlər boyu 2 ərazinin xalqlarını biri-birinə bağlayıb. Redaksiyamıza göndərdiyi məktubunda Kəşmir məsələsinə görə, Pakistanın Kargil müharibəsi də daxil olmaqla 4 müharibə apardığını qeyd edən M.Raza Malik, 2008-ci ilin noyabrında baş verən Mumbay teerrorçu hücumundan sonra bir daha müharibə təhlükəsinin yarandığını vurğulayıb: "Kəşmirlilərə -"Biz yaxşı və pis gününüzdə daim sizinləyik"; Dünyaya - "Yalnız ədalət bu planetdə yaşayan insanlar üçün təhlükəsiz bir məkan olmasına kömək edə bilər" və Nyu-Dehliyə - "Təzyiqlər davam edə bilər, amma daim qala bilməz".