Levon Ter-Petrosyan: "Qərb demokratiyanın qeydinə yalnız lazım olanda qalır"
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın "Vaşinqton Post" qəzetində verilən məqaləsində bildirib ki, ölkəsində keçirilən son prezident seçkilərində saxtalaşdırılma prosesi seçki günü yox, ondan çox-çox əvvəl başlayıb: "Seçki kampaniyası zamanı hökumətin əlində olan mətbuat Brejnev dövründəki kimi biabırçı təbliğatla məşğul oldu. Sonra da hökumət müxalifətçilərin dinc aksiyasını zorla dağıtdı". L.Ter-Petrosyan yazır ki, "erməni xalqı baş verənlərə təəccüblənmir, çünki xalq Köçaryanla Sarkisyanın demokratiyanı zorlamasına öyrəşib".
Onun sözlərinə görə, Ermənistan müxalifətini təəccübləndirən beynəlxalq aləmin laqeydliyidir. L.Ter-Petrosyan yazır ki, onlar ATƏT kimi təşkilatın saxta seçkinin nəticələrini tanımasına mat qalıblar. Aksiyaların zorla dağıdılmasına gəlincə, L.Ter-Petrosyan hesab edir ki, R.Köçəryan və S.Sarkisyanın rahatlığının səbəbi var. Qərb rəsmi Yerevana eyham vurub ki, beynəlxalq aləmin reaksiyasından narahat olmasını. L.Ter-Petrosyanın yazdığına görə indi erməni müxalifəti beynəlxalq aləmin laqeydliyinin səbəbini anlamağa çalışır. Onun fikrincə, əldə olan dəlillər məsələni iki cür izah etməyə imkan verir: "Birincisi, Qərbin bəzi nüfuzlu təşkilatları və simaları müsbət dəyişikliklərlə bağlı məlumatlara inanıb və hesab ediblər ki, hökumətin özünü yaxşı aparması üçün kiçik islahatları tərif etmək böyük xətaları tənqid etməkdən yaxşıdır. Amma Ermənistandakı rejimə bələd olanlar belə yanaşmanın absurd olduğunu bilirlər".
Beynəlxalq aləmin laqeydliyinə ikinci səbəb, L.Ter-Petrosyanın fikrincə, Qarabağ danışıqları ilə bağlıdır: "Bəziləri hesab edir ki, Qarabağ məsələsini yalnız Qarabağdan olanlar həll edə bilərlər. Serj Sarkisyan qarabağlıdır. Həm də o, Ermənistanda daha mühafizəkar, güzəştə getməyəcək lider kimi tanınır". L.Ter-Petrosyan qeyd edir ki, qarabağlı liderlər 10 ildir hakimiyyətdə olsalar da, danışıqları irəli aparmaq üçün çox az iş görüblər. Müəllif onu da yazır ki, "çətin seçim etməli olan lider xalqın etibar etdiyi adam olmalıdır, amma Sarkisyana etibar edən yoxdur".
Müxalifət lideri məqaləsində vurğulayır ki, bütün bunlardan sonra erməni xalqı Qərbin Yerevandakı zorakılığı pisləməsini, seçkiyə yenidən qiymət verməsini istəyir: "Yoxsa erməni xalqı iki arzuolunmaz nəticəyə gələcək. Birincisi qanuni və dinc siyasi mübarizənin mənası yoxdur. İkincisi, Qərb demokratiyanın qeydinə yalnız lazım olanda qalır".
"Bizim indi iki tələbimiz var. Saxtakarlıqda iştirak edənlər cəzalandırılsın və bütün siyasi məhbuslar azad edilsin". L.Ter-Petrosyanın sözçüsü Armen Musinyan isə "Azadlıq" radiosuna belə deyib. L.Ter-Petrosyanın düşərgəsi, həmçinin, ölkədə tətbiq olunan sərt rejimin də ləğvini istəyir.
Qeyd edək ki, sabiq prezidentin bu fikirləri Ermənistan cəmiyyətindəki ziddiyyətlərin nə qədər dərin olduğunu göstərir.