PDF Oxu

Dünya

  • 11

Boliviya əhalisi yeni konstitusiya layihəsini dəstəkləyib

Boliviya əhalisi yeni konstitusiya layihəsini dəstəkləyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Boliviya əhalisi referendum zamanı ölkə prezidenti Evo Moralesin təklif etdiyi yeni konstitusiya layihəsini dəstəkləmişdir. Referendum iştirakçılarının 56,8 faizi konstitusiya layihəsini dəstəkləmiş, 43,2 faizi isə əleyhinə səs vermişdir. Yeni konstitusiya Evo Moralesə imkan verir ki, tutduğu prezident postunda 2014-cü ilədək qalsın. E.Moralesin qalib gələcəyi ehtimal edilən növbəti prezident seçkiləri 2009-cu ilin dekabrında keçiriləcəkdir.

Sənəddə yeni Konqresin çağırış məsələsi də əksini tapmışdır. Konqresdə torpaq üzrə kvota məsələsi Boliviyanın yerli əhalisi olan hind qəbiləsinin nümayəndələrinin xeyrinə həll ediləcəkdir. Bu bənd müxalifətin ciddi tənqidinə səbəb olmuşdur. Onların fikrincə, Konqresin bu prinsiplə formalaşdırılması şəhərlərdə yaşayan hind qəbiləsinin və digər millətlərin maraqlarını kifayət qədər təmin etməyəcəkdir.

Layihədə torpaq sahələrinin bölgüsünün məhdudlaşdırılması da ön plana çəkilmişdir. Bu da Boliviyada kənd təsərrüfatı məhsulları istehsal edən beynəlxalq kompaniyaların narazılığına səbəb olmuşdur. Referendum iştirakçıları beş və ya on min hektar maksimal torpaq sahələrinin verilməsi məsələsini müəyyənləşdirməlidirlər. Hələlik, bu məsələyə aydınlıq gətirilməmişdir. Konstitusiyanın yeni maddəsində hind xalqlarının dillərinin öyrənilməsi də vacib hesab edilir. Qədim hindlilərin Paçamama tanrıçasının dövlət səviyyəsində qəbul edilməsi də ön plana çəkilmişdir.

Digər xəbərlər