Uqo Çaves Vaşinqtona doğru istiqamətlənmiş “raketləri” nümayiş etdirib
İspaniyanın "EFE" agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves ölkə sahillərində yerləşdirilmiş İran raketlərinin mövcudluğu haqda şayiələri rişxəndlə qarşılamışdır.
Nazirlər Şurasının yığıncağında çıxış edən U.Çaves Venesuelanın Paraquana yarımadasındakı külək generatorlarının fotoşəkillərini yığıncaq iştirakçılarına göstərərək, Qərbin ABŞ-a tuşlanan İran raket qurğularının məhz həmin külək generatorları olduğunu bildirmişdir. "İran raketləri bunlardır" deyə fotoşəkilə baxan U.Çaves qeyd etmişdir. Venesuela prezidenti zarafatını davam etdirərək, "raket qurğularının texniki imkanları" haqda da məlumat vermişdir: "Gördüyünüz kimi hər bir qurğu eyni vaxtda 3 raket buraxa bilir" deyə U.Çaves külək generatorlarının qanadlarını göstərmişdir. Venesuela prezidenti onların Vaşinqtona, Nyu-Yorka və Mayamiyə tuşlandığını vurğulamışdır. U.Çavesin həmin çıxışı dövlət televiziyası ilə nümayiş etdirilmişdir.
Venesuela ərazisində İran raketlərinin olması haqda ilk dəfə mayın 17-də Almaniyanın "Velt" qəzeti yazmışdır. Nəşrin məlumatına görə, Karakas və Tehran məxfi razılaşma əldə edərək, Paraquanada gizli hərbi baza yaradıb, orada raket qurğuları yerləşdirmək qərarına gəlmişdir. Venesuela hökuməti o vaxt həmin məlumatı "imperialist yaramazlığı" kimi xarakterizə edərək, təkzib vermişdir.
U.Çaves İranla əlaqələri haqda birinci dəfə deyildir ki, zarafat edir. U.Çaves Vaşinqtonun Karakas və Tehranla nüvə əməkdaşlığı haqda saziş imzalanmasına bu cür cavab vermişdir ki, o, Mahmud Əhmədinejadla "atom velosipedləri" istehsal edən velosiped fabriki açmaq haqda saziş imzalamışdır.