PDF Oxu

Dünya

  • 1 303

Azərbaycan dünya mətbuatında

Azərbaycan dünya mətbuatında

Misirdə nəşr olunan "Əl-Cümhuriyyə" qəzetinin 29 may tarixli nömrəsində "Azərbaycanda turizm" sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə ölkəmizin coğrafi mövqeyi, əhalisi, təbiəti və tarixi abidələri barədə ətraflı məlumat verilmişdir. Müəllif Azərbaycanın qədim sivilizasiya və zəngin mədəniyyətə malik olduğunu xüsusi vurğulayaraq, Bakının 2009-cu ildə "İslam Mədəniyyətinin Paytaxtı" elan edildiyini qeyd etmişdir.
Məqalədə istər yerli, istərsə də xarici turistlərin istirahəti üçün bütün lazımi şəraitin yaradıldığı, Xəzər dənizinin Azərbaycan bölgəsində müasir çimərlik və istirahət komplekslərinin, o cümlədən, beynəlxalq standartlara cavab verən hava limanlarının fəaliyyət göstərdiyi vurğulanmışdır. Bildirilmişdir ki, 2002-ci ildə Azərbaycana gələn turistlərin sayı təqribən 430 min nəfər olduğu halda, keçən il bu göstərici 2 milyon nəfərə çatmışdır.
Qəzetdə, həmçinin, Azərbaycanın turizm və mədəniyyət xarakterli müxtəlif beynəlxalq tədbirlərə, xüsusən də, hər il beynəlxalq turizm sərgisinə ev sahibliyi etdiyi qeyd olunmuşdur. Xüsusən, 2010-cu ildə keçirilmiş sonuncu beynəlxalq turizm sərgisində 24 ölkədən 179 turizm şirkətinin iştirak etdiyi vurğulanmışdır.
Müəllif Azərbaycanın turizm sahəsində beynəlxalq qurumlarla fəal əməkdaşlığından ətraflı bəhs edərək, ölkə rəhbərliyinin digər sahələrlə yanaşı, turizm sahəsinə də xüsusi diqqət yetirdiyini yazır. Məhz həmin diqqətin nəticəsi olaraq, 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının qəbul olunduğu diqqətə çatdırılmışdır. Bu proqramın başlıca məqsədinin turizm zonalarının yaradılması, turizm infrastrukturunun və bu sahədə xidmətlərin, insan resurslarının daha da təkmilləşdirilməsi olduğu qeyd edilmişdir.
Yazının sonunda Azərbaycanda turizm sahəsində dövlət tərəfindən görülən işlərin bu sektorun milli iqtisadiyyatımızın gəlirli sahələrindən birinə çevrilməsinə töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

Respublika Günü Suriya mətbuatında

Beyrutda nəşr edilən "Əl-Bayraq" qəzetinin 30 may tarixli nömrəsində "Azərbaycan milli bayramını qeyd edir" başlıqlı geniş məqalə dərc olunmuşdur.
28 May - Respublika Günü münasibətilə dərc edilmiş məqalə "Azərbaycan Xalq Cümhuriyyəti", "Xarici siyasət", "Azərbaycanın ərəb dövlətləri ilə münasibətləri", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İqtisadiyyat, kənd təsərrüfatı və sənaye", "Mədəniyyət, təhsil və səhiyyə", "Azərbaycanda turizm" kimi kiçik tərkib hissələrinə ayrılmışdır.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılmışdır. Yazıda keçən əsrin 80-ci illərinin sonlarında 250 minədək azərbaycanlının Ermənistandan qovulduğu, ermənilərin təkcə Dağlıq Qarabağ və ətraf rayonlarda deyil, Azərbaycanın bir neçə əsas şəhərində də terror aktları törətdikləri qeyd edilmişdir.
Məqalədə 2008-ci ildə BMT-nin Baş Məclisi, 2010-cu ildə Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qəbul edilmiş qərarlara və bəyanatlara da yer verilmişdir.

"Cümhuriyyə" Azərbaycan haqda

Misir və ərəb dünyasının aparıcı "Cümhuriyyə" qəzetinin 28 may tarixli nömrəsində "Azərbaycanın istiqlaliyyəti" adlı məqalə dərc edilmişdir. Yazı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə Misirdəki diplomatik nümayəndəliyimiz tərəfindən təşkil olunmuşdur.
Xüsusi səhifədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafı, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti və onun varisi kimi təşəkkül tapmış müstəqil Azərbaycan Respublikasının 20 illik müstəqillik yolu, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, Azərbaycanın neft tarixi, turizm potensialı, xalçalarımız, milli mətbəximiz və Azərbaycan-Misir iqtisadi əlaqələri haqqında məqalələr öz əksini tapmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyəti və incəsənətinin bütün sahələrində əldə etdiyi uğurları haqqında məlumat verilən digər məqalədə Azərbaycanın regionda lider ölkə olduğu və beynəlxalq sülhə, təhlükəsizliyə və humanitar yardımlara töhfə verən dövlət olduğu vurğulanır.
Şərqin ilk demokratik respublikasının Azərbaycanda təsis edildiyini diqqətə çatdıran məqalədə 23 ay yaşamış və sonradan bolşevik işğalına məruz qalmış Azərbaycan Xalq Cümhuriyyətində Qərb ölkələrindən xeyli əvvəl qadınlara siyasi hüquqların verildiyi diqqətə çatdırılır. AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikasının 20 il ərzində qazandığı uğur və nailiyyətlərlə dolu müstəqillik yoluna nəzər salınır.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: işğal və təcavüz" adlanan məqalədə münaqişənin tarixi, ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması, Xocalı faciəsi, Azərbaycanın işğal olunmuş ərazilərində islam dini və mədəniyyətinə aid olan abidələrin talan edilməsi, danışıqlar prosesində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe barədə oxuculara ətraflı məlumat verilir.
2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğu nəzərə alınaraq Azərbaycanın turizm imkanları, mədəniyyəti, incəsənəti, mətbəxi və Azərbaycan xalçaçılıq sənəti barəsində də oxuculara ətraflı məlumat verilir.

Ukrayna telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

Mayın 28-də Ukraynanın "TONİS" telekanalı Azərbaycan haqqında veriliş yayımlamışdır. Verilişdə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli iştirak etmişdir. Bu haqda Krımdakı Azərbaycan İcmasının sədri Rəhim Hümbətov açıqlama vermişdir.
Respublika gününə həsr olunmuş verilişdə Azərbaycanın mədəniyyəti və milli mətbəxi, respublikanın paytaxtı barədə süjetlər göstərilmişdir. Səfir E.Mədətli Azərbaycan və Ukrayna arasında strateji əlaqələr, Azərbaycan mədəniyyəti, tarixi və həyatının bir çox digər sahələri barədə ukraynalı tamaşaçılara ətraflı məlumat vermişdir.

Azərbaycanın Özbəkistandakı səfiri 28 may haqda müsahibə verib

Daşkənddəki gazera.uz internet qəzeti 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovla müsahibə dərc etmişdir.
Müsahibədə deyilir ki, 1918-ci il mayın 28-də Azərbaycanda Müstəqillik Bəyannaməsi qəbul olunmaqla müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranmışdır. Cəmi 23 ay yaşayan bu suveren dövlət qısa müddətdə hökuməti və parlamenti formalaşdırmış, dövlətin bayrağı, gerbi, himni təsdiq olunmuş, özünün pul vahidini buraxmışdır.
Bu müddətdə Azərbaycanda dövlət quruculuğu, iqtisadiyyat, ordu quruculuğu, təhsil, səhiyyə, mədəniyyət sahələrində köklü işlər görülmüşdür. Bir faktı qeyd etmək kifayətdir ki, 1920-ci ilin aprel işğalına qədər AXC-ni 26 dövlət tanımış, 19 ölkə ilə diplomatik əlaqə qurulmuşdur.
Müsahibədə ölkəmizin dövlətçilik ənənələri, tarixi haqqında geniş məlumat verilir, müstəqil Azərbaycanın ərazisi və əhalisi, dövlət quruluşu haqqında söhbət açılır.
"1991-ci il oktyabrın 18-də Azərbaycan parlamentində Konstitusiya Aktı qəbul olunmaqla Azərbaycan Respublikası öz müstəqilliyini elan etmişdir. 1993-cü ildə isə Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlətçiliyin yeni mərhələsi başlanmış, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir" deyə səfir müsahibəsində bildirmişdir.
Qəzetdə "Əsrin müqaviləsi", ümumiyyətlə, ölkəmizin neft strategiyasının uğurlarından ətraflı söhbət açılır. Burada Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutmasından da geniş danışılır.
Müsahibədə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi ilə bağlı oxuculara geniş məlumat verilir, ölkəmizdə aparılan köklü islahatlar, Azərbaycan-Özbəkistan əlaqələrindən söhbət açılır.
Materialda Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabrında Özbəkistana rəsmi səfəri, imzalanan sənədlərin əhəmiyyəti vurğulanır, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilir.

Azərbaycan Argentina mətbuatında

28 May - Respublika Günü Argentinanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Bu münasibətlə ölkə mətbuatında çoxsaylı məlumatlar verilmiş, video və audio reportajlar yayımlanmışdır.
İlk olaraq mayın 26-da "La Prensa" qəzetində Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən təşkil ediləcək respublika günü barədə məlumat, habelə, Azərbaycanın müstəqillik tarixi, ölkəmizin hazırkı həqiqətləri və Argentina ilə inkişaf etməkdə olan əlaqələri barədə məlumat dərc olunmuşdur.
Həmin tarixdə "AMBA" informasiya agentliyi tərəfindən "İlk dəfə olaraq Azərbaycanın Argentinadakı səfirliyi Respublika Gününü qeyd edir" başlıqlı məlumat yayımlanmışdır.
Mayın 27-də Argentina Respublikası Konqresinin mətbuat orqanı olan "Noticias Congreso Nacional"da "Azərbaycan Argentina ilə əlaqələrini möhkəmləndirir" adlı məlumat dərc olunmuşdur.
KİV-lərdə Azərbaycanın, ilk dəfə olaraq, respublika gününü Argentinada qeyd etməsi, bu günün tarixi əhəmiyyəti, həmin tarixin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyi bildirilmişdir. Məlumatlarda ölkəmizin Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadla qeyd olunmuşdur ki, Azərbaycan müstəqilliyinin bərpasından sonrakı ilk illərdə bir sıra problemlərlə üz-üzə qalmasına, xüsusilə də, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, 1993-cü ildən başlayaraq Azərbaycan öz suverenliyini və müstəqilliyini gücləndirmək istiqamətində uğurlar əldə etmişdir. Bildirilmişdir ki, ölkə iqtisadiyyatı yüksək inkişaf səviyyəsi nümayiş etdirmiş, sosial-iqtisadi çiçəklənmə və rifah təmin edilmiş və Azərbaycan regional liderliyə yüksəlmişdir.
Vurğulanmışdır ki, böyük karbohidrogen layihələrinin həyata keçirildiyi Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə, maliyyə resurslarının isə 95 faizinə malik olaraq regionun önəmli infrastruktur mərkəzinə çevrilmişdir.

Digər xəbərlər