Qardaşlaşmış Leql və Naftalan əlaqələri möhkəmlənir
Fransanın Normandiya bölgəsində nəşr olunan gündəlik "Ouest France" qəzetinin 2 iyun tarixli nömrəsində "Fransanın Leql şəhəri Azərbaycan ilə qardaşlaşır" sərlövhəli məqalə dərc edilmişdir.
Yazıda qeyd olunur ki, Fransanın Orn departamentinin paytaxtı Leql ilə Azərbaycanın Naftalan şəhərinin qardaşlaşması münasibətilə imzalanma mərasimi keçirilmişdir. Rəsmi sənədi Leql şəhəri bələdiyyə idarəsinin rəhbəri Tierri Prino və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov imzalamışlar. İmzalama mərasimində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.
Səfir qəzetin müxbirinə verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycan Normandiyanın heyvandarlıq, müasir texnologiya sahələrinə xüsusi maraq göstərir. Əlbəttə, Azərbaycan təkcə neft və qaza əsaslanan iqtisadiyyatla kifayətlənmək fikrində deyildir. Bu baxımdan, Normandiya bizim üçün maraqlı tərəfdaşdır.
Pakistan jurnalı Azərbaycan haqda
Pakistanın nüfuzlu "Diplomatik fokus" jurnalında "Azərbaycan Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatının digər ölkələri ilə dostluq münasibətlərini inkişaf etdirir" sərlövhəli məqalə dərc edilmişdir.
M.Elahinin müəllifi olduğu məqalədə Pakistanda 28 May -Respublika Gününün qeyd olunması barədə ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan qədim tarixi keçmişə və zəngin mədəniyyətə malikdir. Azərbaycan xalqı uzunmüddətli azadlıq mübarizəsi nəticəsində 1918-ci ildə öz müstəqil dövlətini - Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur. Bu, müsəlman Şərqində ilk demokratik respublika olmuşdur.
Pakistanlı müəllif yazıda respublikamızda insan hüquqlarının inkişafına toxunmuş, əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq Azərbaycanda dini dözümlülüyə yüksək dəyər verildiyi, digər azlıqların heç bir ayrı-seçkiliyə məruz qalmadan sülh şəraitində yaşadığı barədə məlumat vermişdir.
Məqalədə qeyd olunmuşdur ki, zəngin təbii ehtiyatlara malik Azərbaycanda xalqın sosial rifahının təmin edilməsinə xüsusi diqqət yetirilir.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Vurğulanmışdır ki, Ermənistan qədim Azərbaycan torpaqlarını işğal etmişdir. Pakistan münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Müəllif Azərbaycan-Pakistan münasibətlərinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın milli xalçaçılıq sənəti Misir mətbuatında
YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədilə Misir Ərəb Respublikasının (MƏR) Mədəniyyət Nazirliyi və Qahirə Opera Evinin mətbu orqanı olan "Əl-Xəyal" jurnalının may-iyun ayları üzrə nömrəsində ölkəmizin MƏR-dəki səfiri Ş.Abdullayevin milli xalçalarımıza həsr olunmuş "Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır" başlıqlı məqaləsi dərc edilmişdir.
Xalçalarımızda xalqımızın zəngin daxili aləmi, dünyagörüşü və gözəllik duyumunun əks olunduğu məqalədə Azərbaycan xalçaçılıq sənətinin yaranmasının tunc dövrünə təsadüf etdiyi qeyd olunaraq, müxtəlif arxeoloji tapıntılar əsasında artıq eramızdan əvvəl II əsrdə Azərbaycan ərazisində xalçadan müxtəlif növ məmulatların hazırlandığı oxucuların diqqətinə çatdırılır.
Məqalədə tarixi mənbələrə və Avropa səyyahlarının təsvirlərinə əsasən Azərbaycanın orta əsrlərdə gözəl xalçalar istehsal edən mərkəzlərdən biri kimi tanındığı qeyd olunur. Təbii şəraitin rəngarəngliyi, müxtəlif tarixi, sosial və iqtisadi amillərin Azərbaycan xalçasının çeşidliliyinə şərait yaratdığı vurğulanır.
Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini əks etdirən xalçalarımızın boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz zərifliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqləndiyi qeyd olunan yazıda ölkəmizin hər bir regionunun özünəməxsus xalçaları və xalçaçılıq məmulatları ilə şöhrət qazandığı diqqətə çatdırılır. Quba, Şirvan, Bakı, Gəncə, Təbriz, Qarabağ, Naxçıvan və Qazax xalçaçılıq məktəbləri və bu məktəblərin xarakterik xalçaçılıq xüsusiyyətləri haqqında misirli oxuculara ətraflı məlumat verilir.
Məqalədə Azərbaycan xalça nümunələrini əks etdirən rəngbərəng şəkillər də öz əksini tapmışdır.
Argentinada Azərbaycan haqqında reportaj yayımlanıb
Argentinanın aparıcı dövlət kanalı olan İctimai Televiziyada bu respublikada fəaliyyət göstərən İslam Mərkəzinə məxsus "El Calamo y Su Mensaje" ("Qələm və onun ismarıcı") həftəlik birsaatlıq proqramda Azərbaycan haqqında reportaj yayımlanmışdır.
Reportajda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi, ölkəmizlə bağlı kadrlar, 28 May - Respublika Günü ilə əlaqədar diplomatik nümayəndəliyimiz tərəfindən təşkil olunmuş ziyafətdən görüntülər göstərilmişdir.
M.Əhmədzadə müsahibəsində Azərbaycanın sosial-iqtisadi inkişafı, xarici siyasət istiqamətləri, Argentina ilə əlaqələri, ölkəmizdə dini tolerantlıq, Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, habelə, tarixi, mədəni irsi, turizm potensialı barədə danışmışdır.
"Neues Deutschland" qəzeti Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edib
Almaniyanın "Neues Deutschland" qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair "Səngərdə və onun arxasında: Dağlıq Qarabağ münaqişəsinin məğlublarının yanında" başlıqlı məqalə dərc olunmuşdur.
Məqalə cəbhə bölgəsində - Füzuli ərazisində qoşunların təmas xəttinin təsviri ilə başlayır və Azərbaycan əsgərlərinin səngərindən hazırda heç kəsin yaşamadığı Azərbaycan yaşayış məskənlərinin xarabazarlığının göründüyü bildirilir. Daha sonra münaqişənin tarixinə qısa ekskurs edilir və qeyd olunur ki, atəşkəs müqaviləsindən əvvəl ermənilər təkcə Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın daha yeddi rayonunu işğal etmişlər. Azərbaycan Ordusu Füzuli və Ağdam rayonlarının bir hissəsini geri qaytara bilsə də, hazırda ölkə ərazisinin 11 min kv km və ya 20 faizi erməni işğalı altındadır. İşğal olunmuş ərazilərdən bir milyona yaxın azərbaycanlı qaçqın düşmüşdür.
Daha sonra səngərdə qulluq edən Samir Əliyev adlı Azərbaycan əsgərinin özünün qaçqın düşdüyü işğal olunmuş Laçın rayonu haqqında xatirələri yer alır, Laçının gözəl təbiəti və coğrafi mövqeyi, erməni işğalından sonra Berdzor adlandırılması haqqında məlumat verilir. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə işğal olunmuş Laçın həmin rayondan qaçqın düşmüş insanların hamısı üçün həsrət yeridir. Samir Əliyev "Mən bu torpağın azad olunması üçün həyatımı verərdim", - deyir.
Müəllif münaqişə nəticəsində insanların təkcə işğal olunmuş ərazilərdən qovulmadığını, eyni zamanda, 1988-ci və 1994-cü illər arasında 300 min azərbaycanlının Ermənistandan və elə o qədər də erməninin Azərbaycandan qaçqın düşdüyünü bildirir. Qeyd edir ki, gənc Azərbaycan dövləti birdən-birə özünün çoxsaylı qaçqın problemi ilə üz-üzə qalmış, qaçqın və məcburi köçkünlər əvvəlcə uzun müddət dözülməz şəraitdə yaşamış, sonradan ölkənin böyük neft və qaz gəlirləri hesabına onlar üçün müvəqqəti müasir şəhərciklər salınmağa başlanmışdır.
Müəllif bildirir ki, heç də qaçqınların hamısı üçün hər cür şəraiti, özünün məktəbi, tibb məntəqəsi və idarəetmə orqanları olan müasir qaçqın şəhərcikləri salınmamışdır. Məsələn, Ağcabədi rayonunun cəmi 120 minlik əhalisindən 30 mini işğal olunmuş rayonlardan gəlmiş məcburi köçkünlərdir ki, onların da əksəriyyəti hələ də çətin şəraitdə yaşayırlar. Artıq 20 ildir qaçqın düşmüş və dörd nəfərlik ailəsi ilə birgə çətin şəraitdə yaşayan Əsgər Baqitov "bizə öz dədə-baba torpağımız lazımdır", - deyir.
Laçının Vaqazin kəndindən qaçqın düşmüş iki qadın isə danışırlar ki, ermənilər onların kəndini işğal edərkən oradan qovduqları azərbaycanlıların əllərindən bütün əşyalarını, var-dövlətlərini almışlar. Qadınlar kəndlərindən qovulduqdan sonra Laçına üç həftə ərzində piyada çatdıqlarını, ata və qardaşlarının isə iki il erməni əsirliyində qaldıqlarını söyləyirlər. Yaxın zamanlarda onlar da yeni evlə təmin olunacaqlarını bildirir, amma əslində, doğma kəndlərinə qayıtmaq arzusunda olduqlarını vurğulayırlar. Sonda müəllif Azərbaycanda bir çox insanın artıq münaqişənin sülh yolu ilə həll oluna biləcəyinə ümidlərini itirdiyini və hərbi yoldan başqa yol görmədiklərini bildirir və Prezident İlham Əliyevdən sitat gətirir ki, Azərbaycan vətəndaşlarının səbri sonsuz deyildir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...