PDF Oxu

Dünya

  • 939

Azərbaycan dünya mətbuatında

Azərbaycan dünya mətbuatında

Naxçıvan türk iş adamlarını gözləyir

Türkiyənin nüfuzlu "Türkiyə" qəzetində Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşəbbüsü ilə dərc olunmuş "Naxçıvan türk iş adamlarını gözləyir" başlıqlı məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və turizm imkanlarından bəhs olunur.

Məqalədə vurğulanır ki, Türkiyəni bu ölkənin Asiyaya qapısı olan və son 15 ildə mühüm sosial və iqtisadi nailiyyətlər qazanmış Muxtar Respublika ilə yalnız 11 kilometrlik sərhəd deyil, habelə, etnik, dini və tarixi köklərlə bağlılıq birləşdirir. Bu bərəkətli diyar qardaş Türkiyənin iş adamlarını gözləyir.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun "Kipr Türkiyə üçün "Yavru Vətən" olduğu kimi, Naxçıvan da belə olmalıdır" sözləri xatırladılan məqalədə daha sonra qeyd olunur ki, bu qədim diyar Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini ilk olaraq elan etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün müstəqillik prosesini buradan başlatmışdır.

Qəzet Muxtar Respublikada həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində iqtisadi tərəqqiyə nail olunduğunu da vurğulayır. Bildirilir ki, Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəri son 15 ildə abadlaşmış və gözəlləşmişdir. 2009-cu ildə ümumi daxili məhsulun həcmi 21 faiz, ötən il isə 17 faiz artmışdır. Adambaşına düşən milli gəlir ötən il 2008-ci ildəki 2 min 600 dollardan 3 min 592 dollara yüksəlmişdir.

Naxçıvanın sərmayə qoyulacaq sahələrindən bəhs edilən bölmədə qeyd olunur ki, burada sement, duz, şüşə, xalça, tekstil istehsalı, hidroelektrik stansiya, qida sənayesi sahələri üzrə müəssisələr fəaliyyət göstərir. Turizm sektorunda da geniş imkanlara malik olan Muxtar Respublikada Əshabi-Kəhf ibadət yeri və "Duz dağı" sanatoriyası minlərlə turistin gəldiyi məkanlardır.


ABŞ Konqresində Azərbaycana dair brifinq keçirilib

Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ABŞ Konqresində Ceymstaun Fondunun və "Eurasia Daily Monitor" nəşrinin aparıcı tədqiqatçısı Vladimir Sokorun iştirakı ilə konqresmenlərin aparat rəhbərləri və hüquq məsləhətçiləri üçün brifinq keçirilmişdir.

V.Sokor Azərbaycanda həyata keçirilən iqtisadi və sosial islahatlardan, iri regional enerji və nəqliyyat layihələrindən, Avropanın və ABŞ-ın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan, habelə, beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsindən ətraflı söz açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun indiki mərhələsinə toxunmuşdur.

Təqdim olunmuş informasiya brifinq iştirakçılarında böyük maraq doğurmuşdur. Sonda V.Sokor suallara cavab vermişdir.


Ukrayna dövlət telekanalında Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş veriliş göstərilib

Ukraynanın UTR dövlət telekanalında Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş "Diplomatik Ukrayna" adlı veriliş yayımlanmışdır. Verilişdə Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətli ilə müsahibə də səslənmişdir. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin iştirakı ilə Prezidentlər Şurasının Bakıda keçirilmiş üçüncü iclası, Azərbaycanda dünya miqyaslı neft-qaz obyektlərinin istifadəyə verilməsi haqqında videokadrlar göstərilmişdir. Səfir videosüjetləri şərh edərək Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonrakı iyirmi ildə siyasi, iqtisadi və humanitar sahələrdə qazanılmış uğurlar barədə söhbət açmışdır.

Diplomat müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması tarixinə nəzər salmış, XX əsrin əvvəlində AXC ilə Ukrayna arasında diplomatik münasibətlər, Azərbaycanda Ukraynanın Taras Şevçenko və Lesya Ukrainka kimi milli şair və mütəfəkkirlərinin xatirəsinə ehtiram göstərilməsi barədə məlumat vermişdir.

Daha sonra Azərbaycanın Ukraynadakı səfiri ölkəmizin ən yeni tarixi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülünə, ölkənin firavanlığına, millətin rifahının yüksəldilməsinə verdiyi dəyərli töhfələr barədə danışmışdır. O, vurğulamışdır ki, bu gün Azərbaycanda qazanılan bütün uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan dövlətçiliyinin əsasını, müasir Azərbaycanın bünövrəsini Heydər Əliyev qoymuşdur. Buna görə də Onun xatirəsi xalqımızın qəlbində yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasəti bu gün də yaşayır və uğurla davam etdirilir. Bu siyasət Azərbaycanı inkişaf və modernləşmə, tərəqqi, ölkənin müasir dinamik və azad dövlətə çevrilməsi yolu ilə aparır.

Azərbaycanlı diplomat Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli xarici və daxili siyasət islahatları barədə söhbət açaraq vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı ölkəmizin dost Ukrayna ilə strateji tərəfdaşlığının inkişaf etdirilməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Ukrayna ilə münasibətlər bizim üçün çox vacibdir, biz onları yüksək qiymətləndirir və əziz tuturuq.

İkitərəfli iqtisadi əməkdaşlıq mövzusuna toxunan səfir xatırlatmışdır ki, keçən il Azərbaycandan Ukraynaya 1,5 milyon ton neft nəql edilmiş, Odessa-Brodı neft kəməri işə salınmışdır.

Bu ilin yanvar ayında prezidentlər İlham Əliyev və Viktor Yanukoviç Azərbaycandan Ukrayna ərazisinə maye qaz nəql edilməsi haqqında sənəd imzalamışlar. Ölkələrimiz arasında həm energetika sahəsində, həm də qeyri-neft sektorunda iqtisadi münasibətlər fəal inkişaf edir. Hökumətlərarası Komissiyanın bu il aprelin 21-də Bakıda keçirilmiş iclasında bu məsələnin hərtərəfli müzakirə edildiyini vurğulamış səfirin fikrincə, aerokosmik sahədə əməkdaşlıq üçün də yaxşı perspektivlər vardır. Burada Ukraynanın zəngin potensialı, Azərbaycanın isə bu sahəni inkişaf etdirmək üçün güclü istəyi vardır. Səfir vurğulamışdır ki, Azərbaycanda Kosmik Məsələlər üzrə Agentliyin yaradılması, kosmik sənayenin inkişaf etdirilməsi niyyətləri və gələn ilin sonuna qədər ilk telekommunikasiya peykinin buraxılması planları nəzərə alınmaqla, bu sektor bizim üçün prioritet sahələrdən birinə çevrilməkdədir. Maşınqayırma, kənd təsərrüfatı məhsulları istehsalı sahələrində də böyük perspektivlər vardır. Biz müştərək istehsalatlar yaratmaq, ixracın və idxalın çeşidinin genişləndirilməsi barədə düşünürük.

Ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyinin başçısı teleefirdə Ukraynadakı böyük Azərbaycan diasporunun həyat və fəaliyyəti, GUAM çərçivəsində Azərbaycan-Ukrayna əməkdaşlığı barədə suallara da cavab vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə proqramda xüsusi diqqət yetirilmişdir. Azərbaycanlı diplomat vurğulamışdır ki, Ukrayna bu məsələdə obyektiv mövqe tutur. Ukrayna dövlətinin başçısı Viktor Yanukoviç əmin etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə Ukraynanın mövqeyi dəyişməz qalır və bu mövqe Azərbaycanın suverenliyinə, onun beynəlxalq aləmdə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünə hörmətə əsaslanır.

Azərbaycanlı səfir vurğulamışdır ki, biz bu münaqişənin tənzimlənməsi məsələsində tərəfdaşlarımızın dəstəyini alqışlayırıq. Diplomat Azərbaycanın zəngin mədəniyyəti haqqında, Heydər Əliyev Fondunun səyləri və himayəsi sayəsində mədəniyyətin inkişafı üzrə genişmiqyaslı proqramın həyata keçirilməsi barədə də danışmışdır.


ABŞ-ın nüfuzlu CNN

telekanalının internet

saytında Azərbaycanla bağlı material dərc edilib

ABŞ-ın nüfuzlu CNN telekanalının internet saytında Azərbaycanla bağlı material dərc edilmişdir. CNN-in hər həftə yenilənən "Where in the world ...?" rubrikasında bu dəfə Bakının görməli yerlərindən birini əks etdirən fotoşəkil dərc edilmişdir. Nümayiş olunan fotoda Şirvanşahlar sarayı ilə birlikdə tikilməkdə olan "Alov qüllələri" əks olunmuşdur.

Çoxmilyonlu beynəlxalq auditoriyaya təqdim olunan məlumatda qeyd olunur ki, keçmişlə gələcəyin qovuşduğu şəkildə Azərbaycanın paytaxtı Bakı əks olunmuşdur. Bildirilir ki, ön planda XV əsr memarlıq sənətinin nadir nümunələrindən olan Şirvanşahlar sarayıdır və bu abidə YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmişdir.

Şəkildə arxa planda isə tikilməkdə olan "Alov qüllələri"nin olduğu bildirilir. 39 mərtəbədən ibarət olacaq bu 3 hündür göydələnlərdə otel, yaşayış mənzilləri və ofislərin yerləşəcəyi qeyd edilir.

Digər xəbərlər