PDF Oxu

Dünya

  • 1 073

Azərbaycan dünya mətbuatında

Azərbaycan dünya mətbuatında

Küveytin nüfuzlu qəzetlərində Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə Bakıda keçirilən təntənəli hərbi parad barədə geniş məqalələr dərc olunmuşdur.

Ölkəmizin Küveytdəki səfirliyindən bildirmişlər ki, iyunun 27-də nəşr olunan bir sıra nüfuzlu, çoxtirajlı ərəbdilli və ingilisdilli qəzetlərdə hərbi parad barədə geniş məlumatlar və fotoşəkillər öz əksini tapmışdır.

"Kuwait Times", "Arab Times", "Əl-Kuveytiyyə" qəzetlərində dərc edilən məqalələrdə tədbirin ölkənin müstəqilliyindən sonra keçirdiyi ən böyük hərbi parad olduğu vurğulanmışdır. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi paradda söylədiyi nitqdən sitatlar verilmiş, dövlətimizin başçısının ordunun hərbi qüdrətinin artırılması istiqamətində görülən işlər, Azərbaycanın işğal edilmiş torpaqlarının, nəyin bahasına olur-olsun, azad ediləcəyi barədə əminliklə söylədiyi fikirləri yer almışdır.

Məqalədə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər iki tərəfdən 30 min insanın həlak olması, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi barədə də məlumat verilmişdir.

Bildirilmişdir ki, ən son müasir silah və texnikaya malik Azərbaycan Ordusu işğal altındakı torpaqları geri qaytarmaq gücündədir və son illər ölkəmizin hərbi potensialını daha da inkişaf etdirmək məqsədi ilə ayırdığı vəsaitin həcmi artaraq 3,3 milyard dollara çatmışdır.


Pakistanda Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib


Pakistanın aparıcı mətbu orqanlarının -"The Nation", "The News", "Daily Times" və "Pakistan Observer" qəzetlərinin 26 iyun tarixli nömrələrində ölkəmizin İslamabaddakı səfirliyinin Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təşkil etdiyi qəbulda iştirak edən jurnalistlərin fikir və təəssüratları dərc olunmuşdur.

Səfirlikdən bildirmişlər ki, Pakistan Mədəniyyət Forumunun sədri, təcrübəli jurnalist Zəfər Baxtavari "The Nation" qəzetində dərc olunmuş məqaləsində qeyd etmişdir ki, o, diplomatik korpusla işlədiyi otuz il müddətində Pakistan, Türkiyə və Azərbaycanın, əslində, bir xalqın üç dövləti olmasının şahididir. O yazır: "Bu üç ölkə tarixi və mədəni rabitə ilə bir-birinə o qədər yaxındır ki, bir-birinin ürək döyüntülərini hiss edir".

Z.Baxtavari iki ölkə arasında siyasi, iqtisadi, mədəni və hərbi münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın bu ölkədəki səfirliyinin rolunu yüksək qiymətləndirmişdir. Onun yazısında qəzetə müsahibə verən səfir D.Şikarovun gündən-günə inkişaf edən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin daha da irəli aparılmasının zəruriliyini ifadə etdiyi fikri öz əksini tapmışdır. Səfir onu da əlavə etmişdir ki, iki ölkə arasında birbaşa təyyarə reysinin olmaması münasibətlərin səmərəliliyini aşağı salır. Buna görə də birbaşa təyyarə reysi açılmalıdır.

Səfir Azərbaycanda və Pakistanda müştərək şirkətlərin qurulmasının, həmçinin, iki ölkə vətəndaşlarının qarşılıqlı surətdə tarixi və turizm məkanlarına ziyarətlərinin artırılmasının dövlətlərimizin iqtisadi və mədəni münasibətlərinin tərəqqisi üçün faydalı olacağını diqqətə çatdırmışdır.

D.Şikarov müsahibəsində Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu, bu qardaş dövlətin beynəlxalq miqyasda bütün məsələlərdə ölkəmizə dəstək verdiyini, məhz Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanın müstəqilliyini tanımadığını bildirmişdir. Azərbaycanın da hər zaman Pakistan dövlətinin və xalqının yanında olduğunu, Kəşmir məsələsində bu qardaş ölkənin mövqeyini müdafiə etdiyini, 2005-ci il zəlzələsi və 2010-cu il sel fəlakəti zamanı Pakistana maliyyə və humanitar yardım göstərdiyini söyləmişdir.

Qəzetdə səfirə istinadla Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müzəffərabad şəhərində tikilən Rara Qızlar Məktəbinin iki xalq arasında qardaşlığın simvolu olduğu oxucuların nəzərinə çatdırılmışdır.

"The News", "Daily Times" və "Pakistan Observer" qəzetlərində Azərbaycan Silahlı Qüvvələrinin yaranma və inkişaf tarixi, ordumuzun gündən-günə güclənməsi və hərbi-texniki bazasının müasirləşdirilməsi, xalqlarımız və dövlətlərimiz arasında inkişaf etməkdə olan dostluq və qardaşlıq əlaqələri barədə faktlar əks olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycan iqtisadiyyatının inkişafı hərbi büdcənin artmasına imkan vermiş, ordunun peşəkarlığı və döyüş qabiliyyəti əvvəlki illərlə müqayisədə dəfələrlə artmışdır. Xüsusilə, vurğulanmışdır ki, Azərbaycan Ordusu ölkə daxilində və dünyada sülh və təhlükəsizliyin qorunmasına öz töhfəsini verməkdədir.

Qəzetlərdə bütün sahələrdə ölkələrimizin münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edilmişdir.


"Die Welt" qəzetində Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir


Almaniyanın "Die Welt" qəzetinin 25 iyun tarixli nömrəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Unudulmuş münaqişə" başlıqlı məqalə dərc olunmuşdur.

Məqalə cəbhə bölgələrinin birində qoşunların təmas xəttinin təsviri ilə başlayır və bildirilir ki, Azərbaycan əsgərlərini erməni separatçılarından 200 metrlik məsafə ayırır. Azərbaycan əsgərlərinin səngərindən Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan yaşayış məskənlərinin xarabalıqları görünür. Öz doğma yurd-yuvalarından didərgin salınmış bu ərazilərin azərbaycanlı əhalisi hazırda qaçqın düşərgələrində yaşayır. Müəllif bildirir ki, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonrakı 17 illik danışıqlar da bu vəziyyətə heç bir təsir göstərmir. Azərbaycan və Ermənistan prezidentləri hazırda Rusiyanın dövlət başçısının vasitəçiliyi ilə razılaşma əldə etməyə çalışırlar.

Daha sonra 120 kilometr uzunluğu olan cəbhə xəttində daim atəşkəsin pozulduğu və təkcə 2010-cu ildə hər iki tərəfdən 30 nəfərin həlak olduğu barədə məlumat verilir. Qəzet bildirir ki, amma bu vəziyyət səngərdə qulluq edən Samir Əliyev adlı Azərbaycan əsgərini qorxutmur. Əksinə, Samir Əliyev "Mən bu torpağın azad olunması üçün həyatımı verməyə hazıram" deyir.

Qəzet yazır ki, məcburi köçkünlərin yaşayış şəraitinə nəzər yetirəndə 1992-ci il mayın 17-də ermənilər tərəfindən işğal olunmuş ərazilərdən qovulmuş S.Əliyevin bu mübarizə ruhunun haradan qaynaqlandığı da bəlli olur. Qarabağ müharibəsi nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Onlar uzun müddət çadır düşərgəsində, vaqonlarda və yaşayış üçün qeyri-münasib olan digər tikililərdə yerləşdirilmişlər. Sonradan ölkənin böyük neft və qaz gəlirləri hesabına onlar üçün müvəqqəti müasir yaşayış məskənləri salınmışdır və bu iş davam etdirilir.

Müəllif bildirir ki, heç də qaçqınların hamısı üçün müasir qaçqın şəhərcikləri salmaq mümkün olmamışdır. Məsələn, Ağcabədi rayonunun 120 min nəfərlik əhalisindən 30 mini işğal olunmuş rayonlardan qovulmuş məcburi köçkünlərdir ki, onların da əksəriyyəti hələ də fəlakətli şəraitdə yaşayır. Artıq 20 ildir ki, məcburi köçkün düşmüş və ailəsi ilə birgə acınacaqlı şəraitdə yaşayan Əsgər Bağırov "əslində bizə yeni ev deyil, öz dədə-baba torpağımız lazımdır", - deyir.

Daha sonra məqalədə "ruhlar şəhəri" adlandırılan Ağdamın 1993-cü il iyulun 23-də işğal olunması və şəhərin indiki xarabalıq vəziyyətinin təsviri yer alır. Yazıda "Human Rights Watch" təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərin Ağdam şəhərini heç bir lüzum olmadan dağıtmaları barədə məlumat sitat gətirilir.

Digər xəbərlər