PDF Oxu

Dünya

  • 1 037

Azərbaycan dünya mətbuatında

Azərbaycan dünya mətbuatında

Avstriyanın nüfuzlu "Virtşaftsblatt" qəzetində "Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadiyyatını iflic edir" başlıqlı məqalə dərc olunmuşdur.

Məqalənin müəllifi Cənubi Qafqazı təbii sərvətlərlə zəngin, lakin siyasi cəhətdən həssas bir region kimi xarakterizə edir. Diqqətə çatdırılır ki, münaqişənin həllində maraqlı tərəf, ilk növbədə, Ermənistan sayılmalıdır, çünki bu ölkə münaqişə nəticəsində ağır iqtisadi çətinliklərlə üzləşmişdir. Hazırda Ermənistanın xarici ticarət dövriyyəsində ixrac cəmi 10 faiz təşkil edir. Bu isə heç bir təbii sərvətə malik olmayan Ermənistan kimi kiçik dövlətin iqtisadi inkişafı üçün acı göstəricidən başqa bir şey deyildir.

Sonra müəllif diqqəti regionun ən inkişaf etmiş ölkəsi Azərbaycana yönəldərək, bildirir ki, regionun təbii sərvətlər baxımından nəhəngi olan bu ölkədə ümumi daxili məhsulun həcmi ildən-ilə artmaqdadır. Azərbaycan hökuməti hərbi sənayenin inkişafına da xüsusi diqqət ayırdığını gizlətmir və ölkə rəhbərliyi ötən günlərdə hərbi büdcənin 3,3 milyard dollar təşkil etdiyini elan etmişdir. Azərbaycanın zəngin neft və qaz ehtiyatları xarici sərmayəçiləri ölkəyə cəlb edir və birbaşa xarici sərmayə yatırımına görə Azərbaycan MDB ölkələri arasında öncül yerlərdə qərarlaşmışdır.

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə və hər iki ölkənin bir-birini blokada şəraitində saxlaması Gürcüstanla münasibətlərə öz təsirini göstərir. Avropa bazarına çıxan bütün kəmərlər, eləcə də, planlama mərhələsində olan "Nabucco" layihəsinin marşrutu Gürcüstandan keçir. Həssas müşahidə qabiliyyətinə malik müəllif Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazır ki, bu regional münaqişədə Ermənistan iqtisadi cəhətdən ən çox uduzmuş tərəfdir, Gürcüstanın strateji rolu isə getdikcə öz dəyərini artırmaqdadır.

Cənubi Qafqaz strateji region olaraq Avropa Birliyinin da xarici siyasətinin diqqət mərkəzindədir. Avropa Birliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən enerji yataqlarından öz enerji təchizatının şaxələndirilməsi üçün istifadə etməkdə maraqlıdır. "Nabucco" qaz kəməri vasitəsilə 2017-ci ilədək Xəzər qazı Avropa bazarına çıxacaqdır və bunun sayəsində Rusiyanın AB enerji bazarına təsirini azaldacaqdır. Bu səbəbdən də Moskva regiondakı öz maraqlarını əldən vermək niyyətində deyildir. Məqalədə Sülh və Münaqişə Tədqiqatı üzrə Hessen Fondunun azərbaycanlı tədqiqatçısı Azər Babayeva istinadən bildirilir ki, Gürcüstan müharibəsindən sonra Rusiya Cənubi Qafqazda aktiv siyasət yürütməkdədir və bu inkişaf regional intizam yaradıcısı düşüncəsini əks etdirən yeni xarici siyasət məntiqi ilə birgə baş verir.

Məqalənin sonunda vurğulanır ki, hər şeydən öncə, Dağlıq Qarabağ münaqişəsi regionda böyük qeyri-sabitlik amili kimi qalmaqdadır.


"Azərbaycan regionun ən sürətlə inkişaf edən aparıcı ölkəsidir"


Meksika mətbuatında Azərbaycan reallıqları, ölkəmizin tarixi, mədəniyyəti, inkişaf edən iqtisadiyyatı haqqında məlumat verən məqalələrin dərci davam edir. Meksikanın "The News" qəzetində Therese Marqolisin müəllifliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, süqutunun səbəblərindən, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonrakı illərdəki inkişafından, həmçinin, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən bəhs edən məqalə dərc edilmişdir.

Məqalədə, 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Meksikadakı səfirliyində cari ilin may ayında keçirilmiş rəsmi qəbulu xatırlayan müəllif, 1918-1920-ci illərdə cəmi 23 ay mövcudluğundan sonra süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, dünyəvi dövlət olduğunu, daha sonra isə Sovet İttifaqının tərkibinə daxil edildiyini qeyd etmişdir.

Daha sonra məqalədə, Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik qazanması və günümüzədək növbəti iyirmi il ərzində ölkəmizin iqtisadiyyatının, mədəniyyətinin və təhsil sisteminin, enerji sektorunun və digər müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi vurğulanmışdır.

Yazıda, Azərbaycan və Meksika arasında ikitərəfli əlaqələrin inkişafı, 2010-cu ildə Meksikada keçirilmiş Azərbaycan Mədəniyyət Günləri, yüksək səviyyəli səfərlər, habelə, Azərbaycan xarici işlər naziri E.Məmmədyarovun 2011-ci ilin martında Meksikaya ilk rəsmi səfərindən bəhs edilmişdir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzündən bəhs edən məqalədə, bir milyondan artıq azərbaycanlının öz torpaqlarında qaçqın və məcburi köçkün düşməsi, işğal edilmiş ərazilərdəki vəziyyət, həmçinin, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda geniş məlumat verilmişdir.

Səfir İlqar Muxtarovun 28 May - Respublika Gününə həsr edilmiş tədbirdəki çıxışına istinadən müəllif qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət əsasında, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və Dağlıq Qarabağda azərbaycanlıların və erməni icmasının sülh şəraitində birgə yaşaması üçün müvafiq şərtlərin yaradılması nəticəsində mümkündür. Qeyd edək ki, "The News" qəzeti Meksikada ingilis dilində yeganə dərc edilən mətbuat orqanıdır.


"Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və sabit siyasi sistemə malik gənc demokratik dövlətdir"


Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir. Ölkəmizin Meksikadakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, məqalədə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi, Azərbaycanın inkişaf edən iqtisadiyyatı, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs olunmuşdur. Məqalədə, həmçinin, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2011-ci ilin mart ayında Meksikaya səfəri ilə bağlı da geniş məlumat verilmişdir.

Məqalədə bildirilir ki, Sovet İttifaqının dağılmasından sonra, öz müstəqilliyini bərpa etmək, dövlətçiliyini inkişaf etdirib gücləndirmək üçün Azərbaycan xalqı tarixi imkan qazanmışdır. O zaman Azərbaycanın yaranmış vəziyyətdən çıxması və uğur qazanması böyük sual altında olmaqla yanaşı, həmçinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkə daxilində siyasi sabitliyin pozulması və iqtisadi çətinliklər vəziyyəti daha da ağırlaşdırmışdır. O dövrdən indiyədək Azərbaycan, özünün əzəli prinsiplərini elan edərək, qanunun aliliyi və demokratik institutlara əsaslanan müasir dövlət quruculuğu istiqamətində inkişaf edəcəyini bildirmişdir.

Qeyd edilir ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər, o cümlədən, ölkənin özünəməxsus neft strategiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasətin nəticəsidir.

Yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə siyasəti, bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş azərbaycanlının hüquqlarının pozulması, habelə, Azərbaycanın böyük bir ərazisində xalqın mədəni və tarixi irsinin məhv edilməsi məsələlərinə xüsusi yer ayrılmışdır. Bildirilir ki, Ermənistan tərəfindən təcavüzkar siyasətin davam etdirilməsi regional və beynəlxalq sülhə təhdidlər yaradır.

Məqalədə, habelə, Şərqdə ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, ölkəmizin keçdiyi tarixi inkişaf proseslərindən də bəhs edilir.

Bildirilir ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və sabit siyasi sistemə malik gənc demokratik dövlətdir. Azərbaycan regionda lider dövlətə çevrilmişdir və beynəlxalq münasibətlərdə mühüm rol oynayır.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından da bəhs edilən məqalədə qeyd edilmişdir ki, 2008-ci ildən etibarən fəaliyyət göstərən Meksikadakı səfirliyimiz Azərbaycanın Latın Amerikasında ilk səfirliyi olmuşdur. Bu isə, öz növbəsində, Azərbaycan tərəfindən Meksika ilə münasibətlərin inkişaf etdirilməsinə verilən əhəmiyyətin göstəricisidir.

Digər xəbərlər