PDF Oxu

Dünya

  • 958

ABŞ-da istidən ölənlərin sayı 64 nəfərə çatıb

ABŞ-da istidən ölənlərin sayı 64 nəfərə çatıb

"MSNBC" telekanalının məlumatına görə, ABŞ-ın mərkəzi və cənub hissələrində tüğyan edən anomal istilərdən ölənlərin sayı 64 nəfərə çatmışdır. Bu məlumat iyulun 27-də ABŞ milli meteoroloji xidməti tərəfindən təsdiq edilmişdir. Ölüm hadisələrinə yüksək hərarət səbəb olmuşdur. Bu cür hadisələr ölkənin 15 ştatında müşahidə edilmişdir. Filodelfiyada ölənlərin sayı 21, Çikaqoda isə 15 nəfərə çatmışdır. Kanzas-Siti ştatında oxşar hadisə nəticəsində 17 nəfər həlak olmuşdur. Verilən məlumata görə, ölənlərin əksəriyyəti yaşlı adamlardır. İstidən narahatlıq keçirən yüzlərlə adam tibb məntəqələrinə müraciət etmişdir. Yüksək temperatur mal-qara üçün də problem yaratmışdır. ABŞ Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, 4 minədək iri buynuzlu istiliyə dözə bilməmişdir.

ABŞ-ın mərkəzi və cənub ştatları olan İllinoys, Missuri, Kanzas, Oklahoma və Texas ştatlarında hərarət yüksək həddə çatmışdır. Cümə axşamınadək davam edən istilər yaxın saatlarda cüzi sərinliklə əvəz ediləcəkdir. Hazırda ABŞ-ın mərkəzi rayonlarında istilik 30 dərəcə Selsi həddindədir. Burada olan yüksək nəmişlik və təzyiq insanlara mənfi təsir göstərir. İyulun 28-də Kanzas, Texas və Oklahoma ştatlarının cənub hissələrində hərarət 40 dərəcəyə çatmışdır.

Digər xəbərlər