PDF Oxu

Dünya

  • 1 020

“Foreign Policy” jurnalı “Nabucco” layihəsindən yazır

“Foreign Policy” jurnalı “Nabucco” layihəsindən yazır

Xəbər verdiyimiz kimi, ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalında Azərbaycanın enerji siyasətindən bəhs edən "Xəzər enerji oyununda yüksək maraqlar" başlıqlı məqalə dərc olunmuşdur. Məqalənin müəllifi siyasi icmalçı Daniyel Vaqner "Nabucco" layihəsinə dair fikirlərini bölüşmüş, onun qlobal enerji təhlükəsizliyindəki rolunu və bölgədə maraqları olan fövqəldövlətlər üçün əhəmiyyətini təhlil etmişdir.

Məqalədə deyilir ki, 1993-cü ildə hakimiyyətə gələn Prezident Heydər Əliyev Qərb qüvvələri və Rusiya ilə münasibətlərdə tarazlığı saxlaya bilmişdir. Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər gündən-günə yaxşılaşır. 2009-cu ildə Rusiyanın "Qazprom" şirkəti, ilk dəfə olaraq, Azərbaycan qazını Avropa müştərisinin Rusiya qazına verdiyi qiymətə almasını təklif etdi. Bu qiymət Türkiyənin Azərbaycana ödədiyindən qat-qat yuxarı idi. O vaxtdan bəri Bakı Rusiyanın da qaz idxalçısına çevrildi.

Məqalənin müəllifi yazır ki, Bakı və Moskva arasında enerji münasibətləri mürəkkəbdir. Sovet İttifaqının süqutundan indiyədək Azərbaycan enerji daşıyıcıları idxalçısı olsa da, tarixən neft və qaz ehtiyatlarının nəqli üçün Rusiyadan keçən marşrutlardan asılı olmuşdur. Bu vəziyyət 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri fəaliyyətə başladıqdan sonra dəyişmişdir. Bir ildən sonra Cənubi Qafqaz kəməri də işə başlamışdır. Birləşmiş Ştatlar hər iki kəməri dəstəkləmişdir. ABŞ Şərq-Qərb enerji dəhlizi yaratmaqla, Rusiya və İranın bölgədə nüfuzunu azaltmağa cəhd göstərirdi.

Daniyel Vaqnerin fikrincə, ən iddialı və Moskvanın ən çox müxalifliyinə səbəb olan layihə "Nabucco" kəməridir. Avropa Birliyi tərəfindən güclü şəkildə dəstəklənən bu layihə Türkiyəni Bolqarıstan, Macarıstan və Rumıniya vasitəsilə Avstriyaya birləşdirmək niyyətindədir. Hazırda Avropanın 25 faiz qaz idxalının Rusiyadan asılı olduğunu nəzərə alaraq, Avropa Birliyi bu layihəyə yüksək diqqət verir.

Müəllifin fikrincə, "Nabucco" Rusiya və İtaliyanın "Cənub axını" kəmərinin əsas rəqibidir. Artıq aydındır ki, "Nabucco"nun aqibəti layihəni qazla təmin edəcək tərəflərin marağından və kəmərin kim tərəfindən maliyyələşəcəyindən asılıdır. Ötən ay "Nabucco" layihəsi üzrə beş tranzit ölkə - Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə ilə hüquqi çərçivəni müəyyənləşdirən razılıq imzalamışdır. Layihədə İran qazının iştirakı siyasi səbəblərə görə problemlidir. İraq isə hələ ki, layihəyə maraq göstərmir.

Məqalə müəllifinin qənaətinə görə, bu mərhələdə "Nabucco" layihəsinin irəliləməsi üçün ABŞ və Avropa çox şey edə bilmir. Bakı ABŞ-ın etibarlı tərəfdaşı olmasını nümayiş etdirmək üçün xeyli siyasi kapitalını sərf etsə də, bölgə Obama hakimiyyətinin xarici siyasət prioritetləri arasında deyil. Azərbaycan, həmçinin, Amerikanın Dağlıq Qarabağla bağlı ermənimeyilli mövqeyindən narazıdır. Məhz bu səbəb ABŞ-Azərbaycan əlaqələrinin genişlənməsinə ciddi maneə törədə və strateji tərəfdaşlığa mənfi təsir göstərə bilər.

Daniyel Vaqnerin yekun fikri budur ki, Xəzər enerji oyununun nəticələri Moskva ilə Vaşinqton arasında geniş geostrateji rəqabət baxımından böyük rol oynamaq potensialına malikdir. "Cənub axını"nın baş tutacağı təqdirdə, Moskva həm öz qonşuluğunda, həm də bütün Avropada daha çox nüfuza malik olacaqdır. Vaşinqtonun başının büdcə məhdudiyyətləri və bir sıra digər məsələlərə qarışdığını və onun bölgədəki təsirinin ümumilikdə azaldığını nəzərə alsaq, Moskvanın uğur qazanacağını proqnozlaşdırmaq olar. Belə olduğu təqdirdə, bu, həm Vaşinqton, həm də bölgə üçün uzunmüddətli siyasi və strateji qiymətə başa gələcəkdir.

Digər xəbərlər