PDF Oxu

Dünya

  • 1 033

Yaponiyada yeni hökumət formalaşıb

Yaponiyada yeni hökumət formalaşıb

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiyanın yeni biş naziri Yosixiko Noda sentyabrın 2-də Nazirlər Kabinetinin heyətini müəyyənləşdirmişdir. Maliyyə Nazirliyi postu 49 yaşlı Dzün Adzumiyə nəsib olmuşdur. Bu şəxs iqtidarda olan Demokratik Partiyanın parlamentlə koordinasiya üzrə işinə nəzarət etmiş və həm də müdafiə nazirinin müavini vəzifəsini tutmuşdur. "Bloomberq"in məlumatına görə, D.Adzuminin Y.Nodanın müxalifətçi partiyası ilə xoş münasibətlər qurması ona cari ilin büdcəsində dəyişiklik etməyə və gələn maliyyə ilinin büdcəsini təsdiq etməyə imkan verəcəkdir. Qəzet qeyd edir ki, əvvəllər maliyyə naziri postunu tutmuş Y.Nodanın öz yerinə D.Adzumini təyin etməsi ona inandığını və bu təyinatın formal xarakter daşıdığını göstərir.

Baş nazir xarici işlər naziri vəzifəsini 47 yaşlı Koitiro Qembuya həvalə etmişdir. Bu şəxs əvvəllər milli siyasət məsələləri üzrə nazir postunu tutmuşdu. Ölkənin iqtisadiyyat, əmək və sənaye naziri postuna 63 yaşlı Yosio Xatiro təyin edilmişdir. "Sinxua" agentliyinin məlumatına görə, yeni hökumətdə ətraf mühit naziri postunu Qosi Xosono tutmuşdur. Torpaq, meşə təsərrüfatı və balıq sənayesi nazirliyi postunu Mitixiko Kano özündə saxlamışdır. Yeni müdafiə naziri Yasuo İtikava olmuşdur.

Yaponiya siyasi ölçülərinə görə, 40-50 yaşlarında nazirliklərdən birinə rəhbərlik etmək kifayət qədər gənc yaşı hesab edilir. Baş nazirin özünün 54 yaşı vardır. Y.Noda Yaponiyanın baş naziri postuna avqustun 29-da seçilmişdir. Avqustun 30-da tam heyətdə istefaya getmiş Naoto Kan hökumətində Y.Noda maliyyə naziri postunu tutmuşdur. N.Kan hökumət başçısı postundan gedəcəyi haqda avqustun 26-da məlumat vermişdi. Bu şəxs baş nazir postunda bir ildən bir qədər çox vaxt ərzində qala bilmişdi.

Digər xəbərlər