PDF Oxu

Dünya

  • 1 118

Amerika senatoru BMT-nin maliyyələşdirilməsinin dayandırılmasını təklif edib

Amerika senatoru BMT-nin maliyyələşdirilməsinin dayandırılmasını təklif edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, respublikaçı senator Orrin Xetç Birləşmiş Millətlər Təşkilatının Fələstinin müstəqilliyini tanıyacağı təqdirdə, təşkilatın maliyyələşdirilməsini dayandırmağı təklif edib. Senator BMT-də Fələstinin statusunun artırılmasının İsrailin təhlükəsizliyinə zərbə endirdiyini və bu halın da ABŞ-ın maraqları ilə bir araya sığmadığını bildirir.
Haqqında söhbət gedən layihənin mahiyyəti ondan ibarətdir ki, ABŞ təşkilat və kompaniyalarına BMT-ni maliyyələşdirməyi qadağan edir. ABŞ prezidenti Barak Obama da Fələstinin müstəqilliyinin BMT-də tanınması əleyhinə olsa da, ekspertlər O.Xetçin qanun layihəsinin uğur qazanacağına şübhə ilə yanaşırlar.
Sentyabrın 23-də BMT-nin Baş Assambleyasında Fələstinin müstəqillik məsələsinin müzakirə ediləcəyi ərəfədə ABŞ prezidenti B.Obama İsrailin baş naziri Binyamin Netaniyahu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb. Agentliyin məlumatına görə, görüş sentyabrın 21-də Nyu-Yorkda keçirilib. "Röyters"in məlumatına görə, M.Abbasla görüşü zamanı B.Obama BMT-nin Təhlükəsizlik Şurasında Fələstinin müstəqillik məsələsinin səsverməyə çıxarılacağı halda, öz veto hüququndan istifadə edəcəyini bildirib. B.Obamanın B.Netaniyahu ilə görüşü M.Abbasla görüşündən bir neçə saat əvvəl baş tutub. İsrailin baş naziri ABŞ prezidentinin mövqeyindən razı qaldığını bildirib və "yəhudi dövlətini müdafiə etdiyi üçün ona fəxri mükafat düşdüyünü" bəyan edib.
BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı B.Obama İsrail və Fələstin arasındakı konfliktli vəziyyətdən "sadə çıxış yolunu" görmədiyini bildirib: "BMT-nin bəyanat və əsasnamələri vasitəsilə sülh əldə etmək mümkün deyil. Bu, mümkün olsaydı, indiyədək bir iş görülmüş olardı".
Məlum olduğu kimi, məktubla BMT-yə müraciət edən Fələstin rəhbərliyi ölkələrinin BMT tərkibində 194-cü dövlət kimi tanınmasını xahiş edib. Fələstin Muxtariyyətinə müstəqillik statusunun verilməsini yalnız Fransa prezidenti Nikolya Sarkozi bəyəndiyini bildirib. Bir ilə əvvəl B.Obama BMT-nin Baş Assambleyasının sessiyasında bir ildən sonra Fələstinin təşkilatın tərkibinə daxil olacağına əminliyini bildirmişdi. Ancaq İsrail və Fələstin arasında danışıqlar dalana dirəndikdən sonra ABŞ prezidenti öz fikrindən dönmüşdür. Fələstinin müstəqillik qazanması əleyhinə İsrail hökuməti və "HƏMAS" hərəkatı da çıxır. Ancaq bu ölkənin müstəqillik qazanmasını Braziliya, Livan və Cənubi Afrika Respublikası dəstəkləyir. Ancaq bu dövlətlərin heç biri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri deyil. Fələstinin müstəqillik məsələsinin BMT-də səsverməyə qoyulması sentyabrın 23-nə təyin olunub.

Digər xəbərlər