Türkiyənin nüfuzlu "EkoAvrasya" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, üz qabığında jurnalın bu sayının xüsusi olaraq Azərbaycana həsr olunduğu barədə qeyd, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III Qurultayında nitq söyləyərkən çəkilən fotoşəkli verilib. Jurnalda Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, xarici siyasəti, Azərbaycanın Qafqazdakı geosiyasi rolu, Azərbaycan və Türkiyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair məqalələr dərc olunub. Jurnalda Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi toxunulub və bu münasibətlərin iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişi ilə daha yüksək səviyyəyə çatdığı qeyd olunub. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfərinə həsr olunmuş məqalədə Türkiyənin bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın yanında olacağı, terrora qarşı birgə apardıqları mübarizənin davam etdiriləcəyi fikri əks olunub. Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayına dair məqalədə Azərbaycanın dövlət başçısı İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Azərbaycan Prezidentinin Qurultaydakı nitqi ilə yanaşı, məqalədə müxtəlif ölkələrin Qurultayın işində iştirak edən hökumət və parlament nümayəndələrinin fikirlərinə də geniş yer verilib. Məqalədə Qurultayın qəbul etdiyi qərarlar, diaspor quruculuğundakı xidmətlərinə görə orden və medallarla təltif olunmuş bir sıra diaspor fəallarının adları qeyd olunub.
Jurnal Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada Kreml sarayında keçirilmiş "Azərbaycan gecəsi" haqqında məqalə dərc edib. Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedevanın iştirak etdikləri tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirdiyini, Azərbaycanın Şərq dünyasında ilk parlament respublikası olduğunu, Şərqdə ilk opera və baletin Azərbaycanda tamaşaya qoyulduğunu qeyd edərək ölkəmizin əldə etdiyi nailiyyətlərlə qürur duyduğunu vurğulaması məqalədə xüsusi qeyd olunub. Jurnalda həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanlı Gənclər Təşkilatının sədri, "Ətraf Mühitin Mühafizəsi fəaliyyəti üzrə Beynəlxalq Dialoq" kampaniyasının təsisçisi Leyla Əliyevanın Böyük Britaniyanın nüfuzlu "Haffinqton post" qəzetində dərc olunmuş "Yaşıl gündəlik: Sərhədləri aşaraq" başlıqlı məqaləsinə dair də material dərc edilib. Jurnalda Azərbaycanın "Eurovision" beynəlxalq mahnı müsabiqəsində qələbəsinə həsr olunmuş məqalə də yer alıb. "EkoAvrasya" jurnalında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bəyan etdiyi "Dünyadakı bütün diaspor təşkilatlarımız azərbaycanlıların rifahı üçün çalışmaqdadır" ifadəsi başlığa çıxarılan məqalədə yer alıb. Məqalədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatların sayının 416-ya çatdığı, onların hər keçən gün daha da gücləndiyi və məskunlaşdıqları ölkələrin cəmiyyətinə təsir imkanlarının genişləndiyi qeyd edilib. Diasporla İş üzrə dövlət Komitəsinin sədri Nazim İbrahimov diaspor quruculuğu prosesinə Heydər Əliyev Fondunun töhfəsinin əvəzsiz olduğunu qeyd edib və "Xocalıya ədalət" kampaniyasının Azərbaycan diasporunun ən böyük uğurlarından biri olduğunu vurğulayıb. Məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun "Azərbaycan lobbisi artıq utopiya deyil. Çox yaxın zamanda biz hamımız güclü Azərbaycan lobbisinin fəaliyyətini hiss edəcəyik" fikri ilə tamamlanıb.
"Pakistan Observer" qəzeti: "bir milyon Azərbaycan qaçqını və məcburi köçkünü dünyadan dəstək gözləyir"
Oktyabrın 13-də Pakistanın aparıcı ingilisdilli qəzetlərindən olan "Pakistan Observer"də ölkəmizdə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edən "bir milyon Azərbaycan qaçqını və məcburi köçkünü dünyadan dəstək gözləyir" adlı məqalə dərc olunub.
Məqalədə tanınmış siyasətçilər, ziyalılar, Nobel mükafatı laureatları, alim və jurnalistlərin iştirak etdiyi Forumun yüksək səviyyədə keçirildiyi qeyd edilib, tədbirin məqsədindən söhbət açılıb. Müəllif Azərbaycan Prezidentinin Forumdakı çıxışı barədə də məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin nitqində müasir dünyanın dialoqa, tolerantlığa və sülhə ehtiyac duyduğu qeyd edilib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəsi üçün humanitar fəlakət olduğunu, bir milyon qaçqın və köçkünün öz evlərinə qayıtmasını gözlədiyini vurğulayıb. Məqalədə, forumda dövlətləri tolerantlığa, insan haqlarının müdafiəsinə, dövlət resurslarının əhalinin rifahına yönəlməsinə çağıran Bakı Bəyannaməsinin qəbul edildiyi barədə də məlumat verilib. Məqalə müəllifi Azərbaycanın regionda ən yüksə templərlə inkişaf edən ölkə olduğunu xüsusi vurğulayıb. Azərbaycanın Pakistana, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizə birmənalı dəstək verdiyinə görə, xüsusi rəğbət bəslədiyi qeyd edilib. Məqalənin tam mətni ilə http://epaper.pakobserver.net/201110/13/index.php internet ünvanında tanış olmaq olar.
Moldovanın nüfuzlu "Banki i finansı" jurnalı Azərbaycan barədə...
Moldovanın nüfuzlu "Banki i finansı" jurnalında Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyevin "Əlaqələrin yaxşılaşdırılmasının həddi yoxdur" başlıqlı müsahibəsi dərc edilib. Azərbaycanın Moldovadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, müsahibə dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr edilib. Müsahibədə son 20 il ərzində bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindin qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində xarici və daxili siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər öz əksini tapıb. Azərbaycanlı diplomat müsahibəsində Moldovada səfirlik tərəfindən həyata keçirilmiş tədbirlər barədə də məlumat verib.
Kanadanın nüfuzlu "Diplomat & International Canada" jurnalı: "Azərbaycan geniş sərmayə imkanlarına malik ölkədir"
Kanadanın nüfuzlu "Diplomat & International Canada" jurnalının 2011-ci il payız buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyevin "Azərbaycanda sərmayə imkanları genişlənir" sərlövhəli məqaləsi dərc olunub. AzərTAc-ın məlumatına görə, məqalədə ölkəmizin dünyada neft ixracatçısı kimi tanındığını qeyd edən diplomat, eyni zamanda, vurğulayıb ki, son illər ərzində Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün bir sıra islahatlar həyata keçirib. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən F.Şəfiyev 2010-cu ildə bu sahədə istehsal olunan məhsulların xaricə ixracının həcminin əhəmiyyətli dərəcədə artdığını və onların keyfiyyətinin Avropa İttifaqının tələblərinə cavab verdiyini bildirib. Yazıda Azərbaycan iqtisadiyyatının inkişafı, son illər ərzində əldə edilmiş uğurlar, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilmiş mükafat və təltiflər haqqında məlumat öz əksini tapıb. Həmçinin, məqalədə Azərbaycanın geniş sərmayə imkanlarına malik ölkə olduğu vurğulanıb. Azərbaycan ilə Kanada arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa gəldikdə, bu istiqamətdə əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd edilərək bildirilib ki, son illər ərzində ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi artıb.
CNN telekanalında Azərbaycan haqqında növbəti reportaj göstərilib
Amerikanın CNN telekanalı "İpək Yolunun bərpası" adlı reportaj hazırlayıb. Bu reportajda Azərbaycanın nəqliyyat infrastrukturu barədə informasiya təqdim edilir, onun Şərq və Qərb, həmçinin Şimal və Cənub arasında tranzit ölkə kimi mühüm rolu qeyd edilir. Reportajda vurğulanır ki, Azərbaycan vaxtilə Böyük İpək Yolunun keçdiyi regionda yerləşir. Sivilizasiyaların qovuşduğu məkanda yerləşən bu ölkə ta qədim vaxtlardan bu günə qədər nəqliyyat kommunikasiyalarında ən mühüm əlaqələndirici rol oynayır. Süjetdə nəqliyyat infrastrukturunun inkişafına Azərbaycanda böyük əhəmiyyət verilməsi və bunun sayəsində malların ölkə boyu maneəsiz hərəkət etməsi vurğulanır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...