PDF Oxu

Dünya

  • 942

“Der Standard”: “Azərbaycanın cəlb olunduğu münaqişə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi təhlükə yaradır”

“Der Standard”: “Azərbaycanın cəlb olunduğu münaqişə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi təhlükə yaradır”

Avstriyanın nüfuzlu gündəlik "Der Standard" qəzetində "Dağlıq Qarabağ. Azərbaycan siyasi həll tələb edir" sərlövhəli məqalə dərc olunub. Məqalə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriya mətbuat nümayəndələri ilə görüşündə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın iqtisadi potensialı, enerji siyasəti, regionda oynadığı rola dair fikirləri əsasında hazırlanıb.

Məqalənin girişində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxucuların diqqətinə çatdırılır ki, Bakının bu məsələdə tutduğu əsas mövqe ərazi bütövlüyü prinsipi, yəni işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasıdır. Bununla bağlı A.Əzimov bildirib ki, Azərbaycan münaqişənin həlli istiqamətində müharibə arzulamır və münaqişənin siyasi yolla nizamlanmasına tərəfdardır. Lakin bu məsələ ilə məşğul olan ATƏT-in Minsk Qrupu indiyədək heç bir uğura imza ata bilməyib. Münaqişənin nizamlanmasında Azərbaycanın gedə biləcəyi güzəştli həll heç bir halda ərazilərin Ermənistana verilməsindən ibarət ola bilməz, bu güzəşt hər iki icmanın birgə yaşayışı kimi səciyyələndirilə bilər.

Münaqişənin hərb yolu ilə həlli variantına dair sualı cavablandıran A.Əzimov Azərbaycanın müharibə arzulamadığını bir daha vurğulayıb. Bildirilib ki, Azərbaycan siyasi həll tərəfdarı olsa da, eyni zamanda, güclü ordu qurmalıdır. Lakin bununla yanaşı, Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında bütün siyasi vasitələrdən yararlanaraq ölkənin ərazi bütövlüyünü bərpa etməyə çalışmaqdadır.

Ara-sıra Avropa mətbuatına yol tapan və Azərbaycanın hərbi potensialının güclənməsinə dair Ermənistanın qaldırdığı hay-küyə sadə faktlarla aydınlıq gətirən A.Əzimov qeyd edib ki, üç milyona yaxın əhalisi olduğu halda, Ermənistan hazırda 71 min nəfərlik orduya malikdir. Əhalisinin sayı üç dəfə çox olan Azərbaycanda isə silahlı qüvvələrin heyəti 63 min nəfərdən təşkil olunub. Bu müqayisənin özü kimin hərbiləşməyə daha çox meyilli olduğuna bir misaldır. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ermənistan ordusunun tez-tez atəşkəsi pozması nəticəsində Azərbaycanın mülki əhalisi arasında çoxlu insan tələfatı baş verir.

Qeyd edilib ki, münaqişənin uzanması nəinki Azərbaycan və Cənubi Qafqaz regionu, eləcə də Avropa üçün böyük fəsadlara gətirib çıxara bilər. Çünki neft-qaz resurslarının həm istehsalı, həm də tranziti üçün böyük potensiala malik Azərbaycanın cəlb olunduğu bu münaqişə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi təhlükə yaradır. Azərbaycanın iqtisadi yüksəliş dövrünü yaşadığını qeyd edən nazir müavini ölkənin enerji daşıyıcıları sayəsində yüksək səviyyəli qlobal oyunçu olduğunu bildirib. Çoxşaxəlilik prinsipini rəhbər tutan Azərbaycan qonşu ölkələrlə yanaşı Avropa, Amerika, Asiya dövlətləri ilə sıx iqtisadi və çoxqütblü xarici siyasi əlaqələr qurub. Belə bir vəziyyətdə Ermənistan nəticə çıxarmalı və indiyədək nələr əldə etməsi barədə özünə sual verməlidir. Ağır iqtisadi durum şəraitində vətəndaşların ölkəni tərk etməyə məcbur olduğu Ermənistan müstəqillik əldə edəndən bəri öz əhalisinin yarısını itirib. Bu vəziyyəti yalnız bir adla qiymətləndirmək mümkündür: milli fəlakət. Çünki əsas insan resursu olan gəncləri Ermənistanda qalmaqda özünə heç bir perspektiv görmür. A.Əzimov jurnalistlərin digər mövzularda da suallarını cavablandırıb, Azərbaycan dövlətinin mövqeyini ifadə edib.

Digər xəbərlər