Pakistanın nüfuzlu "Centreline" jurnalında nəşrin baş redaktoru, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Ansar Mahmud Battinin bu mötəbər tədbir ilə bağlı məqaləsi və səfir Daşqın Şikarovun müsahibəsi dərc olunub.
Məqaləsində A.Batti Azərbaycan nümayəndələri ilə yanaşı, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçilərinin, o cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarının və nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun tarixi hadisə olduğunu vurğulayıb. Pakistan nümayəndə heyətinin Türkiyə və Rusiyadan sonra tərkibinin sayına görə üçüncü olduğunu bildirən müəllif qeyd edib ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının və beynəlxalq arenada bir-birlərinin mövqelərini tam dəstəkləməsinin bariz nümunəsidir.
A.Batti Azərbaycanın Qərb və Şərqin qovuşuğunda yerləşdiyini və burada bir çox etnik qruplara, mədəniyyətlərə və dinlərə mənsub olan insanların tam anlaşma şəraitində yaşadığını, buna görə də forumun məhz Bakıda keçirildiyini vurğulayıb.
Jurnalın baş redaktoru forumun çox mədəniyyətliliyinin nailiyyətləri və problemləri, dünyada dəyişən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara həsr olunduğunu qeyd edib.
Müəllif yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev forum iştirakçılarına müraciətində qloballaşan dünyanın dialoqa və tolerantlığa ehtiyac duyduğunu qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açmış, işğal nəticəsində bir milyon insanın qaçqın həyatını yaşadığını və məsələnin tezliklə həll olmasının vacibliyini vurğulayıb.
Məqalədə qeyd olunub ki, forumun yekununda qəbul olunmuş Bakı Bəyannaməsində bəşəriyyətin inkişafı üçün mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun təşkil edilməsi ön plana çəkilib. Sənədin tam mətni jurnalın səhifələrində dərc edilib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov jurnala verdiyi müsahibəsində isə ölkələrimiz arasında münasibətlərə, Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsinə, Pakistan ilə İslam Əməkdaşlıq Təşkilatının bu məsələnin nizamlanması istiqamətində gördüyü işlərə, Azərbaycan iqtisadiyyatına, dövlətlərimiz arasında mədəniyyət əlaqələrinə və Pakistanın terrora qarşı apardığı mübarizəyə dair sualları cavablandırıb.
Azərbaycan-Pakistan münasibətlərini yüksək qiymətləndirən diplomat ölkələrimiz arasında bir dənə də olsa problemli məsələnin olmadığını, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyib, gündəmdə olan hökumətlərarası birgə komissiyanın bu əlaqələrə təkan verməsində böyük rol oynayacağından söz açıb. Səfir ticarət əlaqələrinin inkişafı üçün ölkələrimiz arasında birbaşa hava əlaqəsinin qurulmasının vacibliyini də vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında sualı cavablandıran diplomat bu ərazinin qədim Azərbaycan torpağı olduğunu qeyd etmiş, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini və bir milyon insanın öz doğma yurd-yuvasından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyib. D.Şikarov Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq hələ də işğalçı siyasətindən əl çəkmədiyini vurğulamış, Pakistanın tutduğu prinsipial mövqeyinə və indiyədək Ermənistanı bir dövlət kimi tanımadığına görə Pakistan hökuməti və xalqına minnətdarlığını bildirib. Diplomat İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Dağlıq Qarabağa aid bir neçə qətnamənin qəbul edildiyini demiş və mötəbər təşkilatın bu istiqamətdə daha da böyük rol oynaya biləcəyi haqqında fikir irəli sürüb.
Azərbaycanın iqtisadi tərəqqisindən danışan səfir, ölkəmizdə aparılan neft strategiyasından və enerji layihələrin icrasından daxil olan gəlirlərin Neft Fondunda cəmləşərək xalqın rifahına və qeyri-neft sektorun inkişafına yönəlməsi haqqında ətraflı məlumat vermişdir. Diplomat dövlətimizin başçısının apardığı siyasət nəticəsində respublikamızın Nigeriya və Holland sindromuna düçar olmadığını, Azərbaycanın mühüm bir tranzit ölkəyə çevrildiyini bildirmişdir.
Azərbaycan-Pakistan münasibətlərinin qədim tarixindən söz açan D.Şikarov mədəni əlaqələrin inkişafından danışmış, iki xalqın mədəniyyətlərində, dillərində, adət-ənənələrində oxşarlıqlardan məlumat vermişdir.
Pakistanın terrorla apardığı mübarizəni yüksək qiymətləndirən səfir dost ölkənin hökuməti və xalqının bu çətin sınaqdan alnı açıq çıxacağından əmin olduğunu bildirmişdir.
Məqalənin və müsahibənin tam mətnləri ilə www.centreline.com.pk linkindən tanış olmaq olar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...