Almaniyanın "Neues Deutschland" internet portalında Andre Vidmerin Dağlıq Qarabağ münaqişəsini obyektiv əks etdirən "Cəbhədə təhlükəli həyat. Dağlıq Qarabağ münaqişəsinin atəşkəs xəttindəki kəndlərdə" sərlövhəli məqaləsi dərc olunub. Məqalədə atəşkəsin ermənilər tərəfindən tez-tez pozulmasının cəbhə bölgəsində yaşayan azərbaycanlıların həyatına təsiri ətraflı təsvir olunur.Məqalə Goranboy rayonunun cəbhə bölgəsində yerləşən Tapqaraqoyunlu kəndinin atəşkəs dövründəki həyatının təsviri ilə başlayır. Bildirilir ki, tarixən və beynəlxalq hüquqla Azərbaycana mənsub olan Dağlıq Qarabağın ermənilər tərəfindən "müstəqil" elan olunması ilə başlayan münaqişə 1991-1994-cü illərdə Ermənistan və Azərbaycan arasında qanlı müharibəyə gətirib çıxarmışdır. Mövcud atəşkəs rejiminin hazırda tez-tez pozulmasından ən çox cəbhə bölgəsində yaşayan insanlar əziyyət çəkirlər. Tapqaraqoyunlu kəndində əhalinin 17 ildən bəri atəşkəsin olmasına baxmayaraq, daim qorxu içində yaşaması ətraflı təsvir olunur. Təhlükəli vəziyyət kənd sakini Kamil Allahverdiyevin gündəlik həyatının timsalında açıqlanaraq, ermənilər tərəfindən mülki əhaliyə tərəf açılan atəşlərin insanların həyatını necə çətinləşdirdiyi qeyd olunur. K.Allahverdiyevdən sitat gətirilir ki, 2009-cu ildə erməni tərəfinin açdığı atəş nəticəsində həlak olan kənd sakininin cənazəsinin dəfni mərasimi də çətinliklə baş tutmuşdur. Müəllif qeyd edir ki, kənddə sonuncu belə ölüm hadisəsi 2011-ci ilin aprelində olmuşdur. Kəndin icra nümayəndəsi Abbas Allahverdiyevin sözlərinə görə dəfn mərasimləri, şəriət qaydalarına uyğun olaraq, günün batmasından əvvəl deyil, gecələr keçirilməli olur, çünki insan izdihamları ermənilərin diqqətini çəkə bilər.
Müəllifin məlumat verdiyi digər çətinlik kənd əhalisinin İncə çayının suyundan istifadəsi problemidir. Ərazidən 6 kilometr aralıda ermənilər çayın qarşısını kəsirlər və nəticədə cəbhə xəttində yerləşən sututarın səviyyəsi aşağı düşür. Suyun səviyyəsini qum kisələrinin vasitəsilə qaldırmaq üçün kənddən 20 nəfərlik dəstə gecə ikən sututarda işləməyə gedir. Gün çıxana qədər işlərini başa çatdırmasalar, bütün günü ərazidə qalmalı olurlar, çünki işıqlı havada kəndə qayıtmaq təhlükəlidir. Azərbaycan hərbçiləri kənd əhalisinin belə missiyaları haqqında əvvəldən məlumatlandırılır.
Daha sonra məlumat verilir ki, ATƏT-in müşahidəçiləri arabir təmas xəttində monitorinq keçirmək üçün cəbhə bölgəsinə gəlirlər. Ancaq onların gəlişindən erməni işğalçıları da məlumatlı olurlar və monitorinq müddətində atəşkəsi pozmurlar. Kənd sakinlərinin dediklərinə görə, müşahidəçilər getdikdən sonra atəşlər xüsusilə intensiv olur.
Məqalədə daha sonra Tərtərin Qapanlı kəndi haqqında məlumat verilir. Bildirilir ki, mülki əhalini erməni güllələrindən müdafiə etmək üçün kənddə 5 kilometr uzunluğu və 3 metr hündürlüyü olan divar çəkilmişdir. Buna baxmayaraq, bu kənddə də mülki əhali arasında erməni güllələrindən ölənlər vardır. Kənd sakini Elşən Tarıverdiyev, atası 2003-cü ildə evdə ikən ermənilərin açdığı atəş nəticəsində həlak olduqdan sonra, evinin ətrafına yeni hasar çəkməyə məcbur olmuşdur.
Məqalədə cəbhə bölgəsi üzrə ekskursiya Tərtərin Köçərli stansiyasınadək davam etdirilir. Buradan iki kilometr sonra şlaqbaumla yol kəsilir. Şlaqbaumdan sonrakı ərazi də beynəlxalq hüquqla Azərbaycana mənsub olsa da, erməni separatçılarının işğalı altındadır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...