PDF Oxu

Dünya

  • 1 298

Hillari Klinton Myanmaya səfər edib

Hillari Klinton Myanmaya səfər edib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 30-da ABŞ-ın dövlət katibi Hillari Klinton Myanmaya rəsmi səfər edib. Dekabrın 1-də H.Klinton Myanmanın xarici işlər naziri Vunna Maunq Lavin və ölkə prezidenti Teyn Seynlə görüşüb. Amerikanın rəsmi nümayəndəsinin 50 illik fasilədən sonra Myanmaya səfəri ABŞ və Asiya ölkəsi olan Myanma arasında münasibətləri tənzimləyəcəkdir. Ölkə prezidenti T.Seynlə görüşü zamanı H.Klinton demişdir: "ABŞ-ın rəsmi nümayəndəsi kimi mən və prezident Barak Obama sizin Myanma xalqının rifahı üçün gördüyünüz işlərə yüksək qiymət veririk". Myanma prezidenti isə öz çıxışında H.Klintonun ölkəyə səfərini hər iki ölkənin münasibətlərinə müsbət təsir edəcəyini bildirib. H.Klinton daha sonra Myanma prezidenti T.Seynlə paytaxt Neypidonu gəzib.

H.Klintonun növbəti planlarında Myanmanın iqtisadi mərkəzi olan Yanqon şəhərinə səfər də nəzərdə tutulub. Bundan başqa, ABŞ-ın dövlət katibi Myanma müxalifətinin lideri və Nobel sülh mükafatının laureatı Aun San Su Çji ilə də görüşəcəkdir. Hazırda Su Çjinin lideri olduğu Demokratiya Uğrunda Milli Liqa (DUML) Myanma hökuməti ilə ölkədə demokratik islahatların keçirilməsi yönündə danışıqlar aparır.

ABŞ prezidenti B.Obama H.Klintonu Myanmaya göndərəcəyi haqda noyabrın 18-də Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitinin gedişi zamanı bəyanat vermişdir. ABŞ prezidentinin dediyinə görə, "uzun illər ərzində zülmətdə yatan" yeni Myanmanın siyasətində "tərəqqi qığılcımları" gördüyünü bildirmişdi. Xatırladırıq ki, Myanmanın hazırkı iqtidarı 2011-ci ilin martında hakimiyyətə gəlmişdir. B.Obama Myanmada demokratik dəyişikliklər gördüyünü dedikdə, yeni hökumətin senzuranı yumşaltmasını, 300 nəfərdən çox siyasi məhbusları azad etməsini, həmkarlar ittifaqlarına etiraz aksiyaları keçirməyə icazə verməsini və nəhayət, Çin hidroelektrik stansiyasının tikintisini dayandırmasını nəzərdə tutmuşdur.

Digər xəbərlər