PDF Oxu

Dünya

  • 990

Barak Obama Suriya hakimiyyətini növbəti dəfə hədələdi!

Barak Obama Suriya hakimiyyətini növbəti dəfə hədələdi!

ABŞ prezidenti Barak Obama Suriya hakimiyyətini yeni qurbanlara görə ittiham edib. Onun sözlərinə görə, Suriyada ölkə hakimiyyətinə qarşı etirazlar səngimək bilmir, prezident Bəşər Əsəd rejimi isə aksiyaları zorakı yolla dağıdır.

Obama Ağ Evdə İordaniya kralı Abdulla ilə danışıqlardan sonra bildirib ki, ABŞ Əsədin hakimiyyəti tərk etməsinə təzyiq etmək üçün diplomatik səyləri gücləndirir: "Təəssüf ki, biz ölkədə zorakılığın xoşagəlməz səviyyədə davam etdiyini görürük. Ona görə də biz Suriyada hazırkı rejimi hakimiyyətdən uzaqlaşdırmaq və ölkə daxilində demokratik sistemə keçidə nail olmaq üçün beynəlxalq diplomatik təzyiqlər edilməsi ilə bağlı İordaniya ilə məsləhətləşmələrə davam edəcəyik". Bu ərəfədə isə BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın Suriyada zorakılıqlara son qoyulması ilə bağlı təqdim etdiyi qərar layihəsini müzakirə edir. Suriyanın əsas müttəfiqlərindən olan Rusiyanın təqdim etdiyi layihədə Bəşər Əsəd hökuməti zorakılığa son qoymağa və məhbusları azad etməyə çağırılır. Rusiya isə Suriyaya xarici müdaxiləni istisna edir.

Öz növbəsində Suriya qoşunları Dəməşqin 50 kilometrliyində yerləşən Zəbədani şəhərini ələ keçirən üsyançıları mühasirəyə alıblar. Bu barədə "əl-Cəzirə" peyk telekanalı məlumat yayıb. Məlumata görə, rejimin silahlı əleyhdarlarının gizləndiyi qonşu dağ kurortu Madayyada atışma gedir. Livan dağlarının şərq hissəsinin ətəklərinə zirehli texnika və əsgərləri daşıyan avtobuslar yeridilib. Açıq-aydın görünür ki, bu ərazidə qiyamçılara qarşı əməliyyata hazırlıq işləri gedir. Zəbədani şəhərində hərbi əməliyyatlar cümə günündən davam edir və bu 200 yerli ailənin şəhərin qərb hissəsindən şərqdəki mənzillərə köçürülməsi ilə nəticələnib. Atışma nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat verilmir.

Digər xəbərlər