Suriyanın mərkəzi hissəsində naməlum şəxslər İrandan olan 11 zəvvarı qaçırıblar. Zəvvarların olduğu avtobus Dəməşqə doğru hərəkət edirmiş. Lakin ölkənin mərkəzi hissəsində naməlum silahlılar avtobusa hücum ediblər.
Hadisənin təfərrüatları məlum deyil. İranın Xarici İşlər Nazirliyi insidenti "bağışlanmaz" adlandırıb və Dəməşqdən qaçırılanların azad olunmasına nail olmağı tələb ediblər. Xatırladaq ki, bu, Suriyada iranlıların qaçırılması ilə bağlı ilk hadisə deyil. Ötən ilin dekabrında Homs şəhərində beş iranlı mühəndis də qaçırılmışdı. Yaranmış gərgin vəziyyətdə müxalif Suriya Milli Şurasının icraiyyə komitəsinin üzvü Əhməd Ramadan Səudiyyə Ərəbistanı rəhbərliyinin tez bir zamanda bu təşkilatı rəsmi olaraq tanıyacağını bəyan edib. Bu barədə Ə. Ramadan Küveyt mətbuatına müsahibəsində bildirib. "Səudiyyə xarici işlər naziri şahzadə Səud əl-Feysal Qahirədə keçirilmiş görüşdə Suriyanın Milli Şurasının nümayəndə heyətinə krallığın şuranı Suriya xalqının rəsmi nümayəndəsi kimi tanıyacağını vəd edib" - deyə Ramadan bildirib. Bununla belə, o, Ər-Riyadın bu addımı nə zaman atacağını və Səudiyyə Ərəbistanının Fars körfəzindəki müttəfiqlərinin bu nümunəni dəstəkləyib-dəstəkləməyəcəklərini dəqiqləşdirməyib. Lakin Ramadanın sözlərinə görə, körfəzin Əməkdaşlıq Şurasının ölkələri Suriyada vəziyyətin pisləşməsində ölkə hökumətinin məsuliyyət daşıdığına əmindirlər.
Ümumiyyətlə, Suriyada vəziyyət gərgin olaraq qalır. Artıq BMT Təhlükəsizlik Şurası Suriyada zorakılığı müzakirəyə çıxarmaq qərarına gəlib. Fransanın BMT-dəki missiyası bu barədə məlumat yayıb. Verilən məlumata görə, qapalı iclasda Suriya ilə bağlı atılacaq növbəti addımlar və Mərakeşin təqdim etdiyi qətnamə layihəsi müzakirə olunacaq. Suriyada siyasi keçidə çağıran qətnamə layihəsində bu ölkəyə qarşı sanksiyaların tətbiqi yer almayıb. Həmin qətnamə layihəsində Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti vitse-prezidentə təhvil verməsi və növbəti iki ay ərzində seçki keçirmək üçün keçid birlik hökuməti formalaşdırması ilə bağlı Ərəb Ölkələri Liqasının çağırışına dəstək ifadə olunur. Təhlükəsizlik Şurasının gələn həftə isə Böyük Britaniya və Fransanın Qətər, Mərakeş, ABŞ, Almaniya və Portuqaliya ilə məsləhətləşmələr əsasında hazırladığı yeni qətnamə layihəsi ilə bağlı səsvermə keçirəcəyi gözlənilir. Bu qətnamə layihəsi isə Rusiyanın ötən ay təqdim etdiyi sənədi əvəzləyəcək. Rusiya Suriya böhranının dinc yolla həlli və danışıqlar tərəfdarıdır, Liviyada olduğu kimi hər hansı hərbi müdaxilənin əleyhinədir. BMT-nin insan haqları üzrə nümayəndəsi Navi Piley isə bəyan edib ki, təşkilat Suriyada artıq 5400-dən çox olan ölü sayını nəzarətdə saxlaya bilmir.
Son məlumatlara görə, Rusiya Ərəb Birliyinin Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi qanun layihəsinin qəbuledilməz olduğunu bəyan edib. Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Ərəb Birliyinin Təhlükəsizlik Şurasına təqdim etməyi düşündüyü Suriya Sülh Planının Moskvanı təəccübləndirdiyini bildirib. Qatilov "Bəzi Qərb ölkələrinin də dəstək verdiyi bu planın qəbul edilmə şansı yoxdur, çünki bizim və bir çox ölkənin fikri öyrənilmədi" deyib. Planın məzmununu da sərt sözlərlə tənqid edən Rusiya rəsmisi Bəşar Əsədin səlahiyyətlərinin vitse-prezidentə verilməsi təklifinin Moskva üçün qəbuledilməz olduğunu söyləyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...