PDF Oxu

Dünya

  • 1 335

Suriyada partlayışlar ara vermir

Suriyada partlayışlar ara vermir

Suriyanın sənaye və ticarət şəhəri Hələbdə iki partlayış olub. Suriya dövlət televiziyası Hələbdə iki partlayışın olduğunu, çox sayda əsgər və dinc vətəndaşın öldüyünü, bir çox insanın isə yaralandığını xəbər verib. Televiziya hadisəni terrorçuların törətdiyini bildirib. Partlayışla bağlı detallı açıqlama verilməyib. Partlayışlardan birinin hərbi kəşfiyyat binasında, digərinin isə polisə bağlı bir binada törədildiyi bildirilib. Suriya hökumətinin qüvvələri dünən Xoms şəhərinin bombardmanını gücləndirib. Artıq 6-cı gündür ki, hökumət silahlı müqaviməti dəf etməyə çalışır. Məlumatlara görə, bombardmanlar nəticəsində 30 adam ölüb, üç ailə evlərinin dağıntıları altında qalıb. BMT baş katibi Ban Ki Mun deyib ki, Xomsda "dəhşətli qəddarlığın" daha acı nəticələrə aparacağından narahatdır. O, Suriya hökumətinin BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı tədbirlər barədə razılığa gələ bilməməsindən sonra daha da ürəkləndiyini və öz xalqına qarşı müharibə apardığını bildirib.

Öz növbəsində Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə Suriyada böhranın həlli üçün beynəlxalq platforma yaratmaq istədiklərini və hazırda müxtəlif ölkələrlə bu haqda müzakirələr apardıqlarını deyib. ABŞ-dakı Corc Vaşinqton Universitetində çıxış edən Əhməd Davudoğlu "Rusiya və Çin qərara veto qoydu, biz əlimizdən gələni etdik. Gözləyib, baxacağıq deməyəcəyik. Hamı səssiz dursa da, hər kəs müşahidəçi olsa da, biz Türkiyə olaraq bölgəmizdəki qətliama laqeyd qalmayacağıq. Hazırda da bunu edirik" deyib. Davudoğlu çıxışında terror mövzusuna da toxunub. Xarici işlər naziri heç bir ölkənin dinc vətəndaşlara qarşı terrora göz yummayacağına diqqət çəkib: "Bütün fikirlərə tolerant yanaşa bilərik, demokratik toplumuq, amma heç kimsə - amerikalılar, avropalılar terror hücumlarına dözümlü yanaşa bilməz. Bölgədəki diktatura rejimləri kimi PKK da soyuq müharibə dövrünün arxaik bir strukturudur".

Digər xəbərlər