PDF Oxu

Dünya

  • 1 232

Putin qələbəsinə görə ağladı

Putin qələbəsinə görə ağladı

Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK), səsvermənin ilkin nəticələrinə görə, "Vahid Rusiya" partiyasının lideri, Baş nazir Vladimir Putin 61,81 faiz, kommunistlərin lideri Gennadi Zyuqanov 17, 85 faiz, liberal-demokratların lideri Vladimir Jirinovski 8,1 faiz, bitərəf Mixail Proxorov 7,55 faiz, "Ədalətli Rusiya" partiyasından olan namizəd Sergey Mironov isə 3,67 faiz səs topladığını bildirib. Daha sonra Rusiyanın paytaxtında Vladimir Putin tərəfdarlarının izdihamlı mitinqi keçirilib. Kreml yaxınlığında yerləşən "Manej" meydanında keçirilən mitinqə Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin də qatılıblar. 110 min nəfərdən çox insanın iştirak etdiyi mitinqdə D. Medvedev çıxış edib. O, V.Putinin qələbə qazandığını söyləyib: "Vladimir Putinin qələbəsi bütün xalqa lazımdır. Biz bu qələbəni heç kəsə verməyəcəyik".

Daha sonra V. Putin gözyaşlarına qərq olaraq çıxış edib. O, bütün rus xalqına prezident seçkilərində iştirak etdiyinə görə təşəkkürünü bildirib: "Bura gələnlərə isə öz xüsusi təşəkkürümü bildirirəm. Böyük Rusiyaya "hə" deyənlərə öz minnətdarlığımı bildirirəm. Mən sizə demişdim, qələbə qazanacağıq. Biz açıq və haqlı mübarizədə qələbə qazandıq".

Xatırladaq ki, martın 4-də Rusiyada keçirilən prezident seçkilərində 5 namizəd mübarizə aparıb. Bunlar hakimiyyətin namizədi, indiki Baş nazir Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, "Ədalətli Rusiya" partiyasından Sergey Mironov və milyarder Mixail Proxorovdur.

Digər xəbərlər