PDF Oxu

Dünya

  • 943

Suriyada ölənlərin sayı 9 mini keçib

Suriyada ölənlərin sayı 9 mini keçib

Suriya hakimiyyəti uşaqlarla amansız rəftar edir. Bunu BMT-nin insan haqları üzrə baş komissarı Navi Pillay bildirib. Pillay Suriyada həbsdə olan yüzlərlə uşağın taleyi ilə bağlı kəskin narahatlığını bildirib. O, deyib ki, onlar böyüklərlə bir yerdə ağır şəraitdə saxlanılır, onlara tibbi yardım göstərilmir. Navi Pillay onu da deyib ki, prezident Bəşər Əsədin bir əmri ilə dinc adamların öldürülməsi dayandırıla, həbsdə olan uşaqlar azad oluna bilər. O, əlavə edib ki, Əsəd zorakılıqlarla bağlı məhkəmə qarşısında cavab verməlidir.

Onun sözlərinə görə, hərbiçilər qəsdən və sistemli şəkildə az yaşlı uşaqları hədəfə alırlar. "Uşaqlar dizlərindən vurulurlar. Faktlar onu deməyə əsas verir ki, bütün bunlar hakimiyyət qüvvələri tərəfindən törədilir" - deyə BMT nümayəndəsi bildirib. Suriyada keçən ilin martından indiyə qədər baş verən qarşıdurmalarda həlak olanların sayı 9 min keçib. Ölənlərin çoxu isə dinc sakinlərdir. Bu haqda isə BMT baş katibinin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Robert Serri məlumat verib. BMT-nin rəqəmlərinə görə, Suriyanı 200 minə qədər adam tərk edib. Suriya artıq BMT-nin və Ərəb Birliyinin nümayəndəsi Kofi Annanın planını qəbul edib. Plana görə, yaralıların köçürülməsi və humanitar yardımın çatdırılması üçün Suriya qoşunlarının gündə iki saat atəşkəs elan etməsi də daxil olmaqla problemin siyasi həllinə nail olunacaq. Toqquşmalar dayandırılacaq, mülki şəxslər müdafiə olunacaq. Bütün münaqişə bölgələrinə humanitar yardımlar çatdırılacaq. Mediaya ölkə ərazisində sərbəst gəzmək hüququ veriləcək, toplaşma azadlığı təmin olunacaq.

Öz növbəsində ABŞ dövlət katibi Hillari Klinton Bəşər Əsədin sülh planını qəbul etməsinə münasibət bildirib. Bundan əvvəl də verdiyi vədlərə işarə edərək o deyib ki, "verilən qərarların səmimi qərarlar olduğunu sübut etmək üçün hökumət bunları yerinə yetirməlidir".

Suriyadan qaçaraq Livana üz tutan qaçqınlar Suriya ordusunun onlar yerləşən bölgələrinə atəş açdığını bildirib. Fəalların sözlərinə görə, ötən gün ordunun 35 əsgəri Livanın Suriya ilə sərhəd bölgəsində yerləşən əl-Kaa şəhərinə keçərək buradakı suriyalılara atəş açıb. Bir neçə evin isə yandırıldığı bildirilir. Yerli Koordinasiya Komitəsindən verilən məlumata görə, Bəşər Əsədin sülhə razılıq verməsinə baxmayaraq, ötən gün də təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında toqquşmalar davam edib. Xeyli insanın yaralandığı bildirilir. Fəallar əsasən Türkiyə ilə sərhəd bölgədə yerləşən İdlib şəhərində qızğın döyüşlərin getdiyini qeyd ediblər. Dəraa və Homs şəhərlərindən isə yeni həvəskar kadrlar yayımlanıb. Dəraada çəkilmiş kadrlarda prezident Bəşər Əsədin hakimiyyəti tərk etməsini tələb edən onlarla insanın etiraz aksiyası keçirməsi görüntüləri yayımlanıb. Digər bir kadrda şəhərin havadan helikopter zərbələrinə məruz qaldığı görüntüləri yayımlanıb.

Digər xəbərlər