PDF Oxu

Dünya

  • 1 199

ABŞ dövlət katibi bəyan edib ki, diplomatiya sonsuzluğa qədər davam etməyəcək

ABŞ dövlət katibi bəyan edib ki, diplomatiya sonsuzluğa qədər davam etməyəcək

ABŞ dövlət katibi Hillari Klinton İrana qarşı diplomatiya yolunun sonsuzluğa qədər davam etməyəcəyini, bütün variantların masa üzərində olduğunu deyib. Klinton Tehranı nüvə proqramıyla bağlı narahatlıqlara cavab verməyə çağırıb. Dövlət katibi diplomatik həll üçün zamanın məhdud olduğunu bildirərək Tehrandan dərhal müzakirələrə başlamasını istəyib.

Tehranın mübahisəli nüvə silahı proqramıyla bağlı beynəlxalq birliyin narahatlıqlarına cavab verməyə başlamasının vacibliyini vurğulayan Klinton əks halda bu ölkəyə qarşı təzyiqlərin və izolyasiyanın davam edəcəyini, ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları gündəlikdə saxladığını, ancaq diplomatiya üçün bir pəncərənin açıq olduğunu bildirib.

Yeri gəlmişkən, İranla Türkiyə arasında münasibətlər də problem yaşanmağa başlayıb. Belə ki, İran İslam Respublikasının Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq ondan İran parlamentin sədri Əli Laricaninin açıqlamaları ilə bağlı izahat tələb edilib. "Hürriyet"in yaydığıi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı qarşılıqlı hörmət və anlayış çərçivəsində çox gözəl görüşlər keçirdiklərini, lakin səfərdən dərhal sonra verilən açıqlamanın bu qarşılıqlı hörmət və anlayışa zidd olduğunu bildirib. Ə. Davudoğlu məsələ ilə əlaqədar iranlı həmkarı Əli Əkbər Salehi ilə əlaqə saxladığını bildirib. Salehi Davudoğluna deyib ki, İran dövləti adından açıqlama vermək yalnız prezident, xarici işlər naziri və ali dini liderin səlahiyyəti daxilindədir, digər açıqlamaların dövlət siyasətinə aidiyyəti yoxdur.

Xatırladaq ki, İran parlamentinin sədri Əli Laricani İstanbulda keçirilən "Suriyanın dostları" konfransını tənqid edərək, sammit iştirakçılarını "Suriyanın düşmənləri" adlandırıb. O konfransı İsrailə dəstək vermək məqsədi daşıdığını deyib və sammit iştirakçılarını Bəhreyndəki diktatura rejiminə göz yummaqda ittiham edib.

Digər xəbərlər