Doğrudanmı, ABŞ-ın Əfqanıstandan çıxması “bütün bölgə üçün problem” yaradıb?
ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması nəticəsində bu ölkədə yaranan siyasi boşluq təhlükəsizlik baxımından çox narahatlıqlar yaradır. Bununla yanaşı, hazırda bu ərazilərdəki regional oyunçular arasında da rəqabət artmaqdadır.
Təkcə onu demək kifayətdir ki, ABŞ əsgərlərinin ölkəni rəsmən tərk etməyə başladığı may ayından bu yana, “Taliban” artıq bütün Əfqanıstana nəzarət etmək üzrədir.
Əslində, Əfqanıstan hökuməti ilə “Taliban” arasında Qətərin paytaxtı Dohada keçirilən sülh danışıqları dayandırıldıqdan sonra bu başadüşülən idi.
Məsələ bundadır ki, “İmperiya qəbiristanlığı” adlandırılan Əfqanıstandakı vəziyyətə əsaslanan bölgə ölkələrinin əksəriyyəti bu gün ən azından öz təhlükəsizlik maraqlarının nəzərə alınmasını təmin etmək istəyirlər. (Əslində bu elə də inandırıcı görünmür, ...məncə onlar “yağlı tikə” uğrunda “özlərini fəda” edirlər.)
Xatırladaq ki, son həftələrdə “Taliban” nümayəndə heyəti Moskva, Tehran və Pekinə səfər edib. Qeyd edək ki, bu gün Əfqanıstanda yaradılacaq sabitlik bu ölkələrin bəziləri üçün regional ticarəti inkişaf etdirmək, insan və narkotik alveri ilə mübarizə aparmaq və qanunsuz miqrasiyanın qarşısını almaq üçün vacib olsa da, digərləri mövcud qeyri -sabitliyi təsir dairələrini genişləndirmək üçün bir fürsət olaraq görürlər.
Məsələn, 900 kilometrdən çox Əfqanıstanla ortaq sərhədə sahib olan İran, ABŞ-ın geri çəkilməsindən sonra bu ölkədə daha əhəmiyyətli rol oynamaq istəyir. Xatırladaq ki, 1998 -ci ildə Tehran “Taliban”la müharibəyə başlamaq astanasında idi. Bu ölkə 2001-ci ildə “Taliban”ın hərbi məğlubiyyətində ABŞ-la fəal əməkdaşlıq da etdi, lakin 2000 -ci illərdə vəziyyət dəyişdikcə İran Əfqanıstanda Amerika varlığına qarşı “Taliban”la əməkdaşlıq etməyə başladı. Amma 2019-cu ildə qoşunlarını geri çəkmək üçün ABŞ-ın “Taliban”la danışıqlara başlamasından sonra Tehranın “Taliban”a münasibətində əhəmiyyətli bir dəyişiklik oldu.
Maraqlıdır ki, bəzi ideoloji fikir ayrılıqlarına baxmayaraq, İran hakimiyyəti Əfqanıstan siyasətində əsas oyunçu halına gələn “Taliban”la əməkdaşlığın davam etdirilməsinin vacibliyini qəbul edir. Lakin Tehran taliblərin rəhbərlik edə biləcəyi Əfqanıstan hökumətinin İranın milli maraqlarına təhlükə yaradacağını da istisna etmir. Belə ki, Tehrana görə, əgər “Taliban” bu ölkədə tam nəzarəti ələ alarsa, iki ölkə arasındakı uzunmüddətli sabitlik elə də çox çəkməyəcək
Bu gün Əfqanıstandakı yaşantılarla bağlı başqa bir nüans Rusiya ilə bağlıdır. Məsələ bundadır ki, bu gün Rusiya, həm “Taliban”, həm də mərkəzi hökumətlə əlaqə saxlayır. Maraqlıdır ki, bu gün bəziləri ABŞ-ın geri çəkilməsindən sonra Rusiyanın Əfqanıstandakı təsirini bərpa etmək üçün fürsətdən yararlanmaq istədiyini də iddia edirlər.
Qeyd edək ki, yaxın gələcəkdə Əfqanıstanda təsir gücünü artırmağa çalışacağı ehtimal edilən ölkələrdən biri kimi Çin göstərilir. Lakin bu ölkə də ABŞ əsgərlərinin geri çəkilməsindən sonra milli iğtişaşların Çinə keçməsindən ehtiyatlanır.
Qeyd edək ki, “Bir kəmər - bir yol” marşrutu üzərində yerləşən Əfqanıstan Çin üçün böyük önəm kəsb edir. Ona görə də, Çin dövləti rəsmilərinin etirafına görə, Əfqanıstan iqtisadiyyatında fəal rol oynamaq istəyən Pekin heç bir hərbi müdaxilə istəmir.
Yeri gəlmişkən, bölgənin digər bir ölkəsi olan Hindistan da Əfqanıstanla bağlı yaşantılara passiv müşahidəçi qalmaq istəmir. Məsələ bundadır ki, taliblərin Əfqanıstanıda hakimiyyətə gəlməsi Hindistanın ənənəvi rəqibi Pakistanın bu ölkədə ekstremist anti-hind qruplarının bazasına çevrilməsindən ehtiyatlanır.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...