PDF Oxu

Dünya

  • 1 936

“...A qadan alım, rus ayısı”...erməni ifasında

“...A qadan alım, rus ayısı”...erməni ifasında

...Yenə bu, lənətə gəlmiş nigarançılıq... Əslində, bu gün biz yenə də tərəddüd məngənəsindəyik. Deyirəm, o gün bizim bəzi başbilənlərimiz, İrəvanın Kiyev körpüsündə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə dəstək aksiyası keçirib 50 metrlik plakat asmaqda tələskənlik etməyiblər ki? Amma bu gün belə görünür ki, deyəsən İrəvan erməniləri bir az tələskənliyə yol veriblər axı...

Çünki Ukraynadan gələn son xəbərlər bizim üçün elə də ürəkaaçan xəbərlərə oxşamır. Deyilənə görə, ruslar son döyüşlərdə yaman uduzurlar. Hətta Ukraynadan gələn xəbərlərdə rus döyüşçülər arasında fərariliyin də geniş yayıldığı deyilir.

Amma bütün bunlara baxmayaraq, biz hələ ki, gözləmə mövqeyindəyik. Görən, o gün BMT-nin İnsan Haqları Şurasının iclası zamanı Ukrayna məsələsinə baxılanda Ermənistanın səs verməməsini ruslar başqa yerə yozmazlar ki? Düşünürəm ki, ruslar bu məsələdə biz ermənilərdən “əleyhinə” səs verməyimizi gözləyirdilər. Amma buna baxmayaraq, biz sivil dünyanın bizdən gözlədiyi “lehinə” də səs vermədik. Yəni biz bununla ruslara başqalarından “bir köynək” yaxın olduğumuzu sübut etmiş olduq. Düşünürük ki, BMT-dəki “ermənisevərlər” bizi başa düşmüş olarlar. Ona görə ki, biz ermənilər hələ ki, ruslar üçün “...a qadan alım rus ayısı”nı oxumağa məcburuq. Çünki, buna bu günkü gündə və bəlkə də lap gələcəkdə də bizim böyük ehtiyacımız var.

Doğrudur, bu gün bəzi ermənilər Ermənistanın ən qısa zamanda Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı olduğunu bəyan etməsini istəyirlər. Amma istəməklə deyil axı. Bu gün Ermənistandakı bütün ermənilər Ukrayna münaqişəsinin ermənilər üçün təkcə iqtisadi problem deyil, həm də siyasi çətinliklər yaratdığını yaxşı başa düşürlər. Amma yenə də bütün bunlara baxmayaraq, baş verənlərdə hər şeyi öz adıyla çağırmaqda acizik.

Çünki, bu gün Rusiya dünyanın ən “yaramaz” ölkələrinin belə məruz qalmadığı sanksiyalar altına düçməkdədir. Ölkədəki, bir-iki erməni sahibkarlar da daxil olmaqla bütün iş adamları üçün ağır günlər başlayır. Hazırda Rusiya iqtisadiyyatın Latın Amerikası ölkələri iqtisadiyyatı səviyyəsindən də aşağı səviyyəyə düşə biləcəyi barədə də danışanlar var. Deyirəm, bu baş verərsə, bax, vay onda biz ermənilərin halına. Belə görünür ki, bu məqamda, yəni ölkədəki yoxsulluq fonunda ruslarda həmişə mövcud olan şovinist hisslər güclənə bilər və təbii ki, bunun da açısını hamıdan çox “məzlum ermənilər” çəkmiş olacaqlar...

...Yenə də görən, İrəvandakı Kiyev körpüsünə üzərində “Ermənistan-Rusiya” yazılmış 50 metrlik kətan plakatı daşıyıb gətirməkdə tələskənliyə yol verməmişik ki, hıy?..

Ağasəf Babayev

Digər xəbərlər