PDF Oxu

Dünya

  • 3 184

ABŞ-ın Tayvanla bağlı mövqeyi Çini qane etmir

Çin Xarici İşlər Nazirliyi, ABŞ-ın mövqeyindən asılı olmayaraq Tayvanın Çinlə birləşəcəyini bildirib

ABŞ-ın Tayvanla bağlı mövqeyi Çini qane etmir

Çin hakimiyyəti ABŞ-ın bəyanat və mövqeyindən asılı olmayaraq Tayvanın Çinin tərkibinə qovuşmasını təmin etmək üçün hər şeyi etmək niyyətindədir.

Qeyd edək ki, bu barədə ötən gün Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bir daha bildirib. SİA bu barədə “TASS”a istinad edir.

Tayvan məsələsinin Çinin daxili siyasətində bir nömrəli məsələ olduğunu deyən nazirlik nümayəndəsi adanın mütləq Çinə birləşdiriləcəyini bildirib. Litszyan ölkəsinin Tayvanla dinc birləşmə üçün maksimum tədbirlər görməyə hazır olduğunu da bildirib.

Qeyd etməliyəm ki, nazirlik rəsmisi bu açıqlamanı ABŞ prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın son bəyanatını şərh edərkən bildirib.

Onu da qeyd edim ki, bir müddət bundan əvvəl amerikalı müşavir Ceyk Sallivan ABŞ hakimiyyətinin Tayvanın müstəqilliyini dəstəkləmək üçün bütün mümkün tədbirləri görəcəyinə, Taypeyin (...bilməyənlər üçün deyim ki, Taypey Tayvanın paytaxtıdır-A.B.) güc yolu ilə yenidən Pekinə birləşməsinin qarşısını almaq üşün mümkün olan hər şey edəcəklərini bildirmişdı.

Yeri gəlmişkən onu da bildirim ki, bir müddət bundan əvvəl ABŞ Dövlət Departamenti Tayvanla “Patriot” zenit-raket komplekslərinin saxlanmasına dair sazişin bağlanmasını təsdiqləyib. Qeyd edim ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik İdarəsi məlumat yayıb. (...deyim ki, bizlərdə buna "adama sataşmaq" deyilir-A.B.)

Təbii ki, Vaşinqtonun Tayvanla hərbi-texniki əməkdaşlığı adanın Çinə məxsus olduğunu vurğulayan və Ağ Evi “vahid Çin” siyasətinə riayət etməyə çağıran Pekini narahat edir.

Məhz bundan sonra Litszyan ÇXR hakimiyyətinin Tayvan separatçılarının “materik Çindən ayrılmaq” cəhdlərini sərt şəkildə yatıracağını vəd edib və ABŞ-ı əvvəlki razılaşmalara uyğun olaraq tək Çin prinsipinə əməl etməyə çağırıb.

SİA-nın əlavəsi: Tayvan bu addan başqa Formosa adıyla da tanınır. Beləliklə, Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən sakit bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir. İdarəetmə formasına görə respublikadır. Pul vahidi Tayvan yuanıdır. 16 dairə və 5 bələdiyyədən ibarətdir. Qaosyun, Tayçjun, Tszilun, Pindun və Yualin böyük şəhərləri hesab olunur. Əhalisi 22,2 mln nəfərdir. Ticarət tərəfdaşları ABŞ, Yaponiya, Almaniya, Avstraliya, Sinqapur və Çindir.İxracatında əsas yer tutan məhsullar elektrik avadanlığı və elektronikadır. İdxalı isə neft plastik kütlələr, dəqiq alətlər, saatlar və sairədən ibarətdir. Ən böyük şəhəri və paytaxtı Taybeydir. Bu şəhərdə metallurgiya, maşınqayırma, radioelektrotexnika, neftayırma, sement, kimya, toxuculuq sənaye sahələri inkişaf edib.

Ağasəf Babayev

Digər xəbərlər