Analitika

  • 16 160

Müstəqil Azərbaycanın dili və əlifbası var

image

Möhsün Nağısoylu: "MDB ölkələrinin kiril əlifbasına qayıtması təklifi təxəyyül məhsuludur"

Ölkəmiz müstəqillik qazandıqdan sonra, bütün sahələrdə olduğu kimi, ana dilimizə, əlifbamıza da dövlət səviyyəsində daima yüksək qayğı göstərilib və bu gün də bu diqqət özünü büruzə verir. Məlumdur ki, yaşadığımız tarixin sərt rejimli illəri Azərbaycan dili və əlifbasından da yan keçməmişdir. Bu gün keşməkeşli yollar keçən müstəqil dövlət dilimiz və əlifbamız var. Belə bir dövrdə yaşadığımız zamanda Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva "Rus dünyası və rus dili: inkişafın tarixi kökləri və istiqamətləri" forumunda çıxışında MDB ölkələrinin kiril əlifbasına qayıtması təkliflifini irəli sürüb. Onun sözlərinə görə, son 10 ildə şriftlərin latın və ərəb əlifbasına keçməsi çox böyük mövzu olub: "Biz indi MDB məkanında vahid əlifbaya qayıtmalıyıq", - deyən nazir bunun kiril əlifbası olduğunu diqqətə çatdırıb. Bu məsələyə münasibət bildirmək üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu ilə əlaqə saxladıq. O bildidi ki, müstəqillik tarixinin 25 ilini arxada qoyan Azərbaycan yeni tarixi dövrünü yaşayır və dövlət başçısı tərəfindən ölkənin bütün sahələrində müstəqil siyasət həyata keçirilir. Bu gün Azərbaycan dövləti müstəqil bir ölkədir və dövlət dil syisəti var: "Artıq geriyə qayıtmaq və yenidən kiril əlifbasını qəbul etmək qeyri-mümkündür. Onu da deyim ki, müasir texnologiyalara, mühitə və kommunikasiyalara uyğun olaraq, qloballaşan dünyada latın qrafikasına geniş yer verilir. İnternet məkanında latın qrafikasından istifadə edilir. Rusiyanın təhsil və elm naziri Olqa Vasilyevanın MDB ölkələrinin kiril əlifbasına qayıtması təklifi yalnız təxəyyül məhsuludur. Ola bilsin ki, slavyan xalqları bu təklifi qəbul etsinlər. Bunun Azərbaycana heç bir aidiyyatı yoxdur. SSRİ-nın süqutundan sonra türkdilli dövlətlər Azərbaycan, Türkmənistan və Özbəkistan artıq kiril əlifbasından latın əlifbasına keçib. Bildiyiniz kimi, Qazaxıstan dövləti də yaxın illərdə - 2025-ci ilə kimi tamamilə latın əlifbasına keçəcəkdir".
Məlumdur ki, 1922-ci ildə yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım Yeni Əlifba Komitəsinin yaradılması oldu və komitəyə latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. İmperiya dövründə yaşadığımız illərdə SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi məsələsini gündəmə gətirdi və 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu.
Möhsün Nağısoylu yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələrinin yaradıldığını qeyd etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandığını bildirən M.Nağısoylu 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunduğunu söylədi. 2001-ci ildə isə, artıq latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı: "Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladağı Fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edildi və bu günü hər il qeyd edirik".
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti müasir dövrümüzdə Onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının məlum Sərəncamı ilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.
Onun sözlərinə görə, tarixin dönəmlərində müxtəlif təqiblərə məruz qalan əlifbamız bir neçə dəfə dəyişdirilsə də, bu günün zamanı artıq bunu qəbul etmir, Azərbaycanın müstəqil dili və əlifbası var.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər