Klassik opera müğənnisinin xatirəsi ehtiramla yad edilib

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli sənətkar, klassik opera müğənnisi Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş anma tədbiri keçirilib. SİA-nın məlumatına görə, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova müğənninin həyat və fəaliyyətindən söz açıb.Bildirilib ki, Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş görkəmli sənətkar 1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olub. Kiçik yaşlarından musiqiyə, teatra həvəs göstərib. Sabirabad rayonunda fəaliyyət göstərən teatrda aktyor kimi özünü sınayıb. Bakıda Asəf Zeynallı adına musiqi məktəbində, daha sonra Azərbaycan İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb. 1958-ci ildən ömrünü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasında baş rolu elə məharətlə ifa edib ki, vətənə qayıdan kimi ona Əməkdar Artist fəxri adı verilib.Muzeyin şöbə müdiri Xanım Abdinova bildirib ki, L.İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni mərhələ təşkil edir. Onun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə əbədi həkk olunub.Xalq Artisti Canəli Əkbərov L.İmanovun yaradıcılığının yeni sənətkarlar nəsli üçün örnək olduğunu, onun əməyinin dövlətimiz tərəfindən layiqincə dəyərləndirildiyini söyləyib. Sənətkarın Azərbaycan SSR Ali Sovetinin deputatı seçildiyini, ölkəmizin ən şərəfli mükafatı olan “İstiqlal” ordeni ilə təltif olunduğunu bildirib.Əməkdar Artist Bəsti Sevdiyeva müəllimi kimi onun müsbət xüsusiyyətlərindən danışıb. O, L.İmanovun uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsində mühüm xidmətlər göstərdiyini, onun müəllim kimi dəyərinin böyük olduğunu deyib. Müğənninin unudulmaz xatirəsinin tələbələrinin ürəyində daim yaşayacağını, sənətkarın 90 illik yubileyinin hər yerdə qeyd edildiyini söyləyib.Bildirilib ki, L.İmanov 2008-ci il yanvarın 21-də Bakıda dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.Sənətkarın ailəsi adından oğlu Rauf İmanov çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.Sonda sənətkarın tələbələrinin ifasında vaxtilə L.İmanovun ifa etdiyi mahnılar, vokal əsərlər səsləndirilib.

sia.az