Mədəniyyət

  • 5 426

“Yeni qazax şeiri antologiyası” adlı kitab işıq üzü gördü

image

“2017-ci təqvim ilində “Yeni qazax şeiri antologiyası” adlı kitabımız işıq üzü gördü və qardaş Qazaxıstandan 20 gənc yazarın iştirakı ilə Bakıda (“Kaspi” qəzeti ilə birgə), Sumqayıtda (Poeziya Evi ilə birgə) təqdimatlar keçirdik. Habelə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində qardaş ölkə və topluluqlardan bir qrup istedadlı yazarı ölkəmizə gətirdik, nüfuzlu millət vəkilləri ilə, elm-təhsil, mədəniyyət ocaqlarımızın başçıları, QHT, KİV təmsilçiləri ilə, yazarlarımızla, fəal yaradıcı gənclərlə görüşdürdük, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq, yeni ideyalar əldə etdik”. Bunu SİA-ya açıqlamasında Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının başqanı Əkbər Qoşalı deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili”, Gənclər və İdman Nazirliyinin dəstək verdiyi “Bölgələrdən səslər-3” adlı layihələr çərçivəsində paytaxt Bakıda, Gəncədə, Sumqayıtda, Abşeron, Bərdə, Şəmkir, Gədəbəy və Xaçmazda yaddaqalan görüşlərimiz, müzakirələrimiz oldu: “Sözügedən sonuncu layihə çərçivəsində “Bölgələrdən səslər-3” adlı maraqlı toplu da gün üzü gördü. 2017-ci ildə qardaş Türkiyədə yaşayıb-yaradan Şəki kökənli yazar Coşğun Qarabuludun “Hardan haraya” adlı şeirlər kitabını çap etdirdik. Həm bu kitab, həm də Coşğun bəyin Azərbaycana, o cümlədən baba yurdu Şəkiyə səfəri millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə gerçəkləşdi.2017-ci ildə bizim təqdimatımızla gün üzü görən müəllif kitablarından birini də qeyd etmək istərdim. Bu, Gəncədə yaşayan istedalı gənc yazarımız Şəfa Vəlinin “VEKTOR”da, prof.dr. Elçin İsgəndərzadənin önsözü ilə çıxan “Poçtalyona məktub”udur.Qardaş Türkiyəyə, qardaş Saxa (Yakutiya) Respublikasına və 10 minə yaxın soydaşımızın yaşadığı uzaq Arxangelskə ( - Saxa və Arxangelskə ilk dəfə olmaq etibarı ilə) yaddaqalan səfərlərdə olduğumu da xatırlatmaq istərdim. Türkiyəyə Ankaraya bağlı Pursaqlar bələdiyyəsinin Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə düzənlədiyi Şeir Gecəsində, yenə Pursaqlar bələdiyyəsinin saldığı “Qarabağ Parkı”nın açılışında, Saxaya “Böyük qışın kəraməti” Uluslararası Şeir Şölənində, Arxangelskə isə Azərbaycan Mədəniyyət Günlərinin qapanış törənində iştirak etməkçün getmişdim. Vurğulamaq istərdim ki, bizim Arxangelskdəki Diaspor Təşkilatımız, Rusiya Yazıçılar Birliyi Arxangelsk bölməsi ilə əməkdaşlıq ortamında hazırladığımız quzey şairlərinin “Fəzanın cazibəsi” adlı nəfis antologiya da məhz 2017-ci ildə çıxıb. Və “Fəzanın cazibəsi”nin Arxangelsk Federal Universitetində, Dobrolyubov adına kitabxanada, eləcə də Sumqayıt Poeziya Evində yüksək səviyyəli qonaqların iştirakı ilə təqdimatı baş tutdu.Bütün bu nəşrlər, səfərlər, görüş və müzakirələr bizə təşkilat olaraq yeni istedadlar, dostlar qazandırdı, zövq verdi. Məsələn, Rusiyada, Qazaxıstanda yeni nəsil Azərbaycan şairlərinin antologiyasının çıxması ilə bağlı, habelə Saxa yazıçılarının Bakıda kitabının çıxması ilə bağlı əldə edilmiş ilkin razılıqlar kimi...Fürsətdən istifadə edib, yeni təqvim ilində bütün yazarlarımıza yeni yaradıcılıq uğurları diləyirəm! İnşallah, Şuşada, Laçında, Zəngilanda, Kəlbəcərdə... işğaldan azad edəcəyimiz digər şəhər və kəndlərimizdə necə kitablı günlərə, şölənlərə, törənlərə yığışacaq”.

sia.az

Digər xəbərlər