Mədəniyyət

  • 2 023

Mədəniyyətə həsr olunmuş 47 il - MÜSAHİBƏ

image

Müsahibimiz teatrşünas, dramaturq Çingiz Ələsgərlidir

Yaşı 70-i haqlayan və ömrünün 47 ilini milli mədəniyyətimizə həsr etmiş Çingiz Ələsgərli ilə həmsöhbət olub, onun keçdiyi həyat və sənət yoluna qısa da olsa nəzər saldıq. Yaradıcılıq yoluna izlər salan məqamları səhifələyərək və oxucularımıza təqdim edirik. Müsahibimizin dili ilə tərcümeyi-halından ilk ştrixlər…

- Mən müxtəlif idarə və vəzifələrdə əsasən, mədəniyyət sahəsində işləmişəm. Axırıncı iş yerim Akademik Milli Dram Dram Teatrı olub. Keçən ilin oktyabar ayına qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbi dram hissəsinin rəhbəri vəzifəsində işləmişəm. Teatrın direktoru- bədii rəhbəri işləmiş, rejissor, xalq artisti, professor Azər Paşa Nemətov dünyasını dəyişəndən sonra, onun yerinə rejissor Mehriban Ələkbərzadə təyin olundu və təbii ki, mən pensiya yaşımla bağlı tutduğum vəzifədən uzaqlaşdırıldım.

- Maraqlıdır, illərini sənətə həsr edən insan üçün ömrün kamil. ahıl çağında yaradıcılıq dünyasından kənarda yaşamaq çətin deyil ki?

- Əlbəttə ki, bu Mədəniyyət Nazirliyinin yaş məhdudiyyəti ilə bağlı məktubu ilə bağlıdır. Qanun hər kəs üçün qanundur. Qanunun qarşısında boynumuz qıldan incədir. Amma mənim subyektiv fikrimə qalırsa, bunu düzgün hesab etmirəm. Statistik hesablamalara görə respublikada 60 mindən yuxarı pensiyaçı əmək fəaliyyətini davam etdirir. İş qabiliyyətini itirməyən, işlədiyi sahədə onillərin təcrübəsini toplamış insan işləyib, milli mədəniyyətin inkişafına öz töhfəsini versə, bunu nəyi pisdir? Gənclər bizim gələcəyimizdir. Mən gənclərə inanıram və həmişə onları dəstəkləyirəm. Amma,..

- Nə amma?

- Amma odur ki, işləyə bilən yaşlı insanın işləməsində nə qəbahət ola bilər? Mən yeni rəhbərliyin nümayəndələrinə də bunu dedim. Mən başa düşürəm, yeni rəhbərlik təbii ki, yeni komanda ilə işləməyə üstünlük verir. Olsun,.. Bilənlər bilir ki, ədəbi dram hissəsinin rəhbəri vəzifəsi teatrda əsas vəzifələrdən biridir. Azərbaycan Dram Teatrının ədəbi dram hissəsinin müdiri vəzifəsində vaxtı ilə tanınmış simalar Cəfər Cabbarlı, Sabit Rəhman, Adil Babayev, Qeybulla Rəsulov, Şaiq Səfərov və digər görkəmli şəxslər çalışıblar. Cəfər Cabbarlı və digərləri işləyən vaxtlarda teatrın baş rejissorları onlarla hesablaşıblar. Teatrın repertuarı əvvəllər həmişə bədii rəhbərin və ya baş rejissorun iradəsi əsasında qurulurdu. Bu gün isə, yaxşı ki, vəziyyət dəyişib. Bu söhbətimizi uzada da bilərdik. Amma problem Mədəniyyət Nazirliyi tərəfindən artıq həllini tapdığı üçün, bu məsələ üzərində dayanmaq istəmirik. Hazırda Mədəniyyət Nazirliyi yanında teatr-tamaşa müəssisələrinin illik repertuarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə ekspert şurası fəaliyyət göstərir. Artıq bu vacib problem həllini tapıb. Peşəkalardan ibarət işlək şura teatrların repertuar siyasətini həll edəcək. Mən buna inanıram.

- Yaxşı bir haldır. Bəs bu gün yaradıcı qələminizdən necə istifadə edirsiniz?

- Mənim işim yazmaqdır. Mədəniyyət Nazirliyində də, Teatr Xadimləri İttifaqında da, Akademik Dövlət Dram Teatrında işlədiyim vaxtlarda da yazırdım, bu gün də yazıram. Mən hər şeyi bir tərəfə qoyub deməliyəm ki, teatr adlı möcüzə haqqında nə desən, nə yazsan, yenə azdır. Teatr çox qədim tarixə malik olsa da həmişə cavan, həmişə canlı, həmişə cəlbedicidir. Teatr tamaşası mövzusundan və janrından asılı olmayaraq oynanılan anda müasirdir. Teatrlarda rejissorlar bir-birlərini əvəz etsələr də teatr səhnəsinin şahı aktyordur. Aktyor olmasa teatr tamaşası adlanan möcüzə də yoxdur. Mən teatr haqqında düşüncələrimi bölüşmək istəyirəm. Hamımız yaxşı bilirik ki, teatr sintetik sənət, yəni sənətlər toplusudur. Yüksək peşəkar səviyyədə işlənmiş dram əsəri, əsərin dövrlə səsləşən maraqlı səhnə həllini kəşf edən rejissor, əsərin musiqi həllini yaradan bəstəkar, səhnə görünüşünü kəşf edən rəssam, tamaşaçı qəlbini fəth edən yüksək peşəkar səviyyəli aktyor oyunu və sonda tamaşaçı reaksiyası...

- Bu, təbii prosesdir və belə də olmalıdır. Amma müasir teatr sahəsində vəziyyət necədir?

- Milli teatr sənətinin problemləri çoxdur. Ölkədə 30-a yaxın, daha dəqiq desək, 27 dövlət teatrı fəaliyyət göstərir. Bir neçə müstəqil teatr da tamaşalarını hazırlayaraq, ümumi görüntüdə fərqlilik yaratmağa çalışır. Nəyi pisdir ki, olsun. Amma,.. nə dövlət, nə də qeyri-dövlət teatlarının hazırladıqları tamaşaların, yuxarıda qeyd etdiyim kimi, heç biri, təəssüf ki, hadisəyə çevrilə bilmir.

- Bu qədər sayda teatrların ölkəmizdə olduğu halda, nəyə görə müasir dövrümüzdə hadisəyə çevrilən tamaşaya göz şahidliyi edə bilmirik?

- Ya zaman dəyişib, ya da biz. Amma vaxtı ilə hadisəyə çevrilən tamaşalar olub. Adil İskəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun, sonralar Hüseynağa Atakişiyevin, Azər Paşa Nemətovun, Vaqif Abbasovun, Vaqif İbrahimoğlunun və digərlərinin tamaşaları hadisəyə çevrilərək, uzun müddət müzakirəlrə səbəb olurdu. Bu gün hadisəyə çevrilmiş tamaşalara təəssüf ki, rast gəlmirik. 27 teatr dövlət büdcəsindən maliyyələşir. Deməli, dövlət teatrlarının maliyyə və zal problemi yoxdur. Teatrın inkişafı dövrə uyğun olmalı, hələ bəlkə dövrü də qabaqlamalıdır. Amma hələ ki, bunlar yoxdur. Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi çox böyük işlər görüb, bir müddət keçmiş rəhbərlikdən qalma əgər-əskiyi aradan qaldırmaqla məşğul oldu. İlk növbədə Mədəniyyət Nazirliyinin strukturuna düşmüş, bu sahəyə dəxli olmayan təsadüfü insanlar oradan uzaqlaşdırıldı. Teatr forumu, kino forumu və digər iri formatlı tədbirlər keçirildi. Nəsə etmək üçün struktur dəyişikliklər etmək lazımdır.

- Teatrlarda bir dəyişikliyə nail olunubmu?

- Hələki teatrlar elə əvvəlki qaydada öz fəaliyyətlərini davam etdirirlər. İlk növbədə teatrların və digər müəssisələrinin rəhbərliyinə gətirilən şəxslər peşəkarlar olmalıdırlar. Amma belə görünür ki, bu peşəkarlar azdır və ya heç yoxdur. Kadr çatışmamazlığı var.

- Mədəniyyət və İncəsənət Universiteti hər il xeyli sayda ixtisaslı kadr yetişdirdiyi halda kadr çatışmazlığına səbəb nə ola bilər?

- Bəli, doğru deyirsiniz. Əvvəllər, keçmiş dönəmlərdə incəsənət institutunu bitirən bütöv bir aktyor kursunu, müəyyən müddətə hansısa bölgəyə göndərirdilər. İrəvan, Şəki və digər teatrların tarixi təcrübəsini nümunə göstərmək olar. Amma bu gün nədənsə, bu təcrübədən istifadə edilmir. Ölkənin elə dövlət teatrları var ki, orada bircə nəfər belə ali təhsilli aktyor və rejissor yoxdur. Belə teatrlardan hansı peşəkar səviyyəli tamaşa gözləmək olar? Belə olan halda, illərin təcrübəsini qazanmış təcrübəli teatr xadimlərini yaş məhdudiyyəti ilə əlaqədar işdən uzaqlaşdırmaq nə dərəcə doğrudur? Bütün bunlar haqqında yerlərdə olan səlahiyyətli nümayəndələr vaxtında Mədəniyyət Nazirliyinə məlumat versələr, hər şey yerinə düşər. Çünki Mədəniyyət Nazirliyinin işini dövrə uyğun qurmaq istəyi hiss olunur. Demək, bu quruma kömək etmək lazımdır. Hələlik isə, hansı teatr və digər müəssisədə direktor, baş rejissor və ya bədii rəhbər yeri boşalırsa, həmin vəzifəyə yeni təyinatlar olur. Anlaşılandı, idarə rəhbərliyini boş qoymaq olmaz. Amma, tədricən bu problemin də həll olunacağına inanıram.

- Bəs teatrlarda və ya digər mədəniyyət müəssisələrində fəaliyyət necədir?

- Mədəniyyət nazirliyinin yeni rəhbərliyi, dediyim kimi, işini müasir şəkildə qurmağa çalışır. Yuxarıda qeyd etdiyim kimi, nazirliyin yeni rəhbərliyi əvvəlki rəhbərliyin etdiyi kobud səhvləri aradan qaldırmaqla məşğuldur. Yaxşı bilirik ki, Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyinin fəaliyyəti bərbad halda olub. Elə bu səbəbdən də, ölkə rəhbəri o dövrün bir neçə vəzifəli şəxsi işdən uzaqlaşdırılmış və hətta məsuliyyətə cəlb olunmuşdu.

- Belə bir fəaliyyət hansı hallarda özünü biruzə vermişdi?

- Bir çox halalarda. Həmin rəhbərliyin mədəniyyət xadimlərinə qarşı haqsızlığını saymaqla bitməz. Fəxri adların, mükafatların, təqaüdlərin və sairin verilməsində, bir çox hallarda hansısa güzəştlərə, tapşırıqlara və daha nələrəsə yol verilib. Səməndər Rzayevin xalq artisti fəxri adı almadan 42 yaşında dünyadan köçməyi, Novruz Novruzovun heç bir fəxri ad almadan vəfat etməsi, Qulu Əskərovun fəxri ad almadan həyatla vidalaşması və sair dediklərimizə misal ola bilər. Bu siyahını uzatmaq da olar. Oqtay Ağayevlə bağlı maraqlı hadisəni xatırlatmaq istərdim. Bir dəfə Ulu Öndər Respublika sarayında konsertdə olarkən, aparıcı elan edir ki, oxuyur, Oqtay Ağayev. Ulu Öndər Heydər Əliyev yanında əyləşmiş, sabiq Mədəniyyət naziri Polad Bülbüloğlundan soruşur ki, məgər Oqtay Əliyevin fəxri adı yoxdur? Elə həmin gün, 66 yaşlı mərhum Oqtay Ağayev, əməkdar artist fəxri adı almadan, birbaşa xalq artisti fəxri adına layiq görülür. Belə hadisələr çoxdur. Mən sizə yaş senzi ilə bağlı daha bir hadisəni də danışmaq istəyirəm. Vaxtı ilə Həsən Turabov o vaxt ki Mədəniyyət Nazirliyinin göstərişi əsasında xalq artistləri Sofa Bəsirzadəni, Məhluqə Sadıqovanı və Muxtar Afşarovu pensiya yaşı ilə bağlı teatrdan uzaqlaşdırmışdı. Amaliya Pənahova dərhal həmin sənətkarları yeni yaratdığı Bakı Bələdiyyə Teatrına işə qəbul etmişdi. Mən vaxtı ilə rəhmətlik Amaliya Pənahova ilə "Şanlı Vətən" əsərini işləmişdim. Həmin tamaşanın ideya müəllifi Amaliya Pənahova, quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov idi. Amaliya xanım söhbət əsnasında mənim dram əsərlərimi çox bəyənmiş, niyə bu vaxta kimi fəxri adımın olmamağına isə, təəccüblənmişdi.

- Çingiz müəllim, məgər sizin fəxri adınız yoxdur?

- İnanın mənə, düzü mən də bunu bilmirəm ki, niyə mənim fəxri adım yoxdur. Nə fəxri adım var, nə də evim. Bunun bir neçə səbəbləri var. Mən müxtəlif instansiyaları gəzib, qapılar döyən biri deyiləm. Başımı aşağı salıb, sevdiyim işimlə məşğulam. Dram əsərləri, ssenarilər, məqalələr və mədəniyyət sahəsinə həsr olunmuş kitablarımı yazıram. 40-dan yuxarı dram əsəri və səhnələşdirmələrin, 5 ssenarinin, 300-dən yuxarı məqalənin, 20 kitabın müəllifiyəm. Əsərlərimdən 30-u müxtəlif Dövlət Dram teatrlarında tamaşaya qoyulub, ssenarilərimin 3-ü əsasında bədii-televiziya filmi çəkilərək, nümayiş olunub. Akademik Milli Dram Teatrında "Qətibə İnanc", Bakı Bələdiyyə Teatrında "Şanlı Vətən", "İmadəddin Nəsimi", İrəvan Dövlət Dram Teatrında "İnsan ömrünün nağılı" və digər əsərlərim əsasında tamaşalar oynanılır. Ağdam Dövlət Dram və Qax Dövlət Kukla teatrınlarında pyeslərim hazırlanacaq.

- Yaradıcılığınız çox məhsuldardır. Amma təəssüf ki, nə fəxri adınız, nə də qeyd etdiyiniz kimi, eviniz var.

- Mən də təəssüf edirəm. Amma nə etməli, bu belədir. İstər fəxri ad, istərsə də mənzil məsələsi yuxarı instansiyalarda həll olunur. Yuxarı instansiyalara bu problemin həlli üçün gərək təqdimat ola. Təqdimat olmasa, məsələn Mədəniyyət Nazirliyinin rəhbərliyi bu və ya digər instansiyalar problemdən necə xabərdar ola bilərlər. Problem bundadır. Mən bir neçə dəfə, fəxri ad və mənzil məsələsi ilə bağlı müxtəlif yuxarı instansiyalara müraciət etsəm də heç bir nəticə olmayıb. Bütün bunlara baxmayaraq, mən yenə əvvəlki qaydada yaradıcılığımı davam etdirirəm və etdirəcəyəm də. Mədəniyyət Nazirliyinin bugünki rəhbərliyi hazırda keçmiş rəhbərliyin əyri-əskiyini aradan qaldırmaqla məşğuldur. Belə davam edərsə, yaxın gələcəkdə dəyişiklik və yeniliklərin olacağına inanıram.

- Dəyişiklik və yenilik deyəndə nəyi nəzərdə tutursunuz?

- Mən Polad Bülbüloğlunun nazir işlədiyi dövrdə Mədəniyyət Nazirliyində çalışmışam. O dövrdə incəsənət idarəsinə yazıçı, tərcüməçi və dramaturq Vaqif Əlixanlı, sonralar teatrşünas Elmira Əliyeva rəhbərlik edirdi. Məhz həmin illərdə yeni dramaturqlar nəsli yetişdi. Əli Əmirli, Firuz Mustafa, Rəhman Əlizadə, Firudin Qurbansoy, Camal Yusifzadə, bəndəniz Çingiz Ələsgərli və digərləri həmin illərdə meydana çıxdılar. "Pantamima", "Yuğ", "Marionet", "Kamera", "İlham"miniatür və digər teatrlar məhz həmin illərdə yarandı. Forum keçirmək çox yaxşıdır. Amma forumdan sonra müasir və ya klassik növzulu tamaşalarının festivalını keçirmək daha yaxşı olmazmı? Əlbəttə, olar. Həm teatr, həm kino, həm də digər sahələr üçün gəncləri xaricə təhsilini artıqmağa və təcrübə mübadiləsi keçirməyə yollamaq olmazmı? Olar və yəqin ki, nəticə özünü çox gözlətməz.

- Teatr aləmindəki vəziyyətlə bağlı kifayət söhbət etdik və bəs kinoda vəziyyət necədir?

- Kino yaranandan sonra hamı elə bilirdi ki, kino teatrı məhv etdi. Amma zaman göstərdi ki, kino nə qədər inkişaf edib, cazibəsi ilə göz oxşasa da, heç vaxt teatrın canlılığını verə bilməz. Rəhmətlik Səməndər Rzayev məşhur filmdə dediyi kimi, kino ki var, həm qəliz, həm də lazımlı sahədir. Kino bütün hallarda ssenari, ssenari və yenə ssenari deməkdir. Peşəkar yox, yüksək peşəkar səviyyəli ssenari olmadan kino yoxdur. Keçmiş kinolar sadə kino aparaturalari ilə çəkilsə də, bu günə qədər baxılır. Səbəb peşəkar səviyyəli ssenarilərin olmamağı və ya az olmağındadır. Dövr başqadır. Texnika inkişaf edir. Və o da anlaşılandı ki, əvvəllər milli teatr və kino ənənəsi olub. Bu gün bütün bunlar yoxdur. Yadımıza salaq. "Nəsimi" filmi deyiləndə, İsa Hüseynov, rejissor Həsən Seyidbəyli və rolların ifaçısı Rasim Balayev, Yusif Vəliyev, İsmayıl Osmanlı və digərləri, "Əhməd hardadır?" filmi deyiləndə, Sabit Rəhman, rejissor Adil İsgəndərov, rolların ifaçıları Lütfəli Abdullayev, Səyavuş Aslan, Məmmədrza Şeyxzamanov, Məcibə Məlikova, Eldəniz Zeynalov və digərləri, "Qaynana" filmi deyiləndə, Məcid Şamxalov, rejissor Hüseyn Seyidzadə, rolların ifaçıları Nəsibə Zeynalova, Fuad Poladov, İlham Namiq Kamal və başqalrı, "Bəyin oğurlanması" filmi deyiləndə Mövlud Süleymanlı, rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayev, rolların ifaçıları Həsən Turabov, Yaşar Nuru, İlham Namiq Kamal, Ramiz Əzizbəyli və başqaları yada düşür. Amma bütün hallarda yüksək peşəkar film çəkilişi üçün yüksək məbləğdə vəsait, peşəkar ssenari, bu günün nəbzini tutan rejissor və maraqlı aktyor heyəti olmalıdır.

- Deməli, deyilənlərdən belə qənaətə gəlmək olar ki, yaxın zamanda hələ ki, maraqlı filmlərə tamaşa etməyimiz mümkün olmayacaq.

- Yox, elə niyə, yaxın gələcəkdə maraqlı filmlərimiz olacaq. Çünki Mədəniyyət Nazirliyi bu sahədə də vacib addımlarını atır. Mən optimist insanam və Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin fəaliyyətinə çox inanınaram. Yaxın gələcəkdə teatrlarda və kinoteatrlarda maqarlı tamaşa və kinofilmlərin olacağına böyük ümidim var.

Müsahibəni apardı:

Zümrüd BAYRAMOVA

Digər xəbərlər