Mədəniyyət

  • 3 492

Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşası yeni quruluşda - MÜSAHİBƏ

image

Müsahibimiz xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində görkəmli dramaturq Sabit Rəhmanın “Əliquli evlənir” tamaşası hazırlanır. Tamaşanın libretto müəllifi, quruluşçu rejissoru və baş rolun ifaçısı xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Sənətkarımızla görüşüb, tamaşa ilə bağlı söhbət etdik. Həmin müsahibəni dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

- İlham müəllim, necəsiniz, nə var, nə yox?

- Çox sağ olun, yaxşıyam. Hər şey yaxşıdır. Yeni işlər, yeni tamaşalar və sair və ilaxır...

- İlham müəllim, bildiyimizə görə, Akademik Musiqili Teatrda Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasını hazırlayırsınız. Mümkünsə, oxucularımıza bu haqda məlumat verin.

- Məmnuniyyətlə. Milli teatr tarixindən yaxşı bilirik ki, teatrlarımız Sabit Rəhmanın “Əliqulu Evlənir” komediyasına dəfələrlə müraciət edib. Bir çox sənətçilərimiz bu əsərdə özlərini sınayıblar. Görkəmli dramaturq Sabit Rəhmanın komediyaları Azərbaycan dramaturgiyasında özünəməxsus yerlərdən birini tutur. Maraqlısı odur ki, keçən əsrin 60-cı illərində yazılmış bu komediyalar bu gün də müasirliyi ilə diqqət çəkir. “Toy”, “Xoşbəxtlik”, “Yalan”,“Əliqulu evlənir” və digər komediyalar mövzu, ideya, konflikt və obrazların mükəmməlliyi ilə bu gün də maraq doğurur. Məhz bu səbəbdən, mən Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasını müasir düşüncə tərzinə yaxın hesab edərək, on bir il bundan əvvəl, əsərin librettosunu yazaraq, səhnədə hazırlamaq istədim. Tamaşanın hazırlanması gec də olsa, bu günlərdə mümkün oldu.

Yuxarıda qeyd olunduğu kimi, adı çəkilən komediya əsasında hazırlanan tamaşanın libretto müəllifi, rejissoru və baş rolun ifaçısı mən, bəstəkarı xalq artisti, mərhum bəstəkarımız Oqtay Rəcəbov, şeirlərin müəllifi, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysteri Vaqif Məstanov, konsert-meysteri Fidan Əliyevadır. Tamaşada rolları aşağıda adları çəkilən aktyorlar – Əliqulu - mən və İqrar Salamov, Gövhər - Zemfira Əbdülsəlimzadə (GTT-dan dəvət olunub) və Gülçöhrə Abdullayeva, Qumral - Gültac Əlili və Nərmin Əliyeva, Xəlil- Əliməmməd Novruzov, Kamal-Səmədzadə Xasıyev, Rəvşən-Əkbər Əlizadə, Nazlı-Gülnarə Əzizova, Humay-Rəsmiyyə Nurməmmədova, Səfər-İqrar Salamov və Ruslan Mürsəlov, Saadət-Nahidə Orucova, Azad- Ruslan Mürsəlov və Elçin İmanov ifa edəcəklər.

-İlham müəllim, tamaşa haqqında nə deyə bilərsiniz?

- Sabit Rəhmanın “Əliqulu evlənir” əsəri məişət komediyasıdır. Əsərin baş qəhrəmanı Əliqulu vəzifəpərəst və karyeristdir. O, kreslo, vəzifə və kabinet adlı sağalmaz xəstəliyə tutulub. Əsərin adından göründüyü kimi Əliqulu vəzifəyə görə, daha dəqiq desək, vəzifədə qalmasına görə, qoca yaşında evlənmək qərarına gəlib. Bu onun vəzifədə qalmaq üçün istifadə etdiyi sonuncu çıxış yoludur. Əliqulu vəzifə kreslosundan ayrılmasını ölümünə bərabər tutur. Tamaşa bu ideya üzərində qurulub.

Tamaşada Əliqulu və Səfər kimi vəzifə düşkünü olan mənfi obrazların əks qütbündə Əliqulunun həyat yoldaşı Gövhər, qardaşı Xəlil, qızı Qumral, onu sevən Kamal, Xəlilin ailə qurmaq istədiyi Xumar xanım, Rövşən ilə Nazlı, Azad ilə Səadət çütlüyü kimi işıqlı və müsbət obrazlar durur. Müasir və sağlam düşüncə tərzinə malik və əksəri gənclərdən ibarət olan bu insanlar Əliquluya və Səfərə qarşı mübarizə aparıb, onları doğru yola yönəltmək istəsələr də, heç bir müsbət nəticə əldə edə bilmirlər.

- Əliqulu vəzifə düşkünlüyü ilə hamı üçün problemə çevrilib.

- Bəli. Tamaşanın süjet xətti Əliqulu və Səfər kimi mənfi obrazlarla yuxarıda adları çəkilən müsbət obrazlar arasında olan konflikt üzərində qurulub. Əliqulu və Səfər, təbii ki bu mübarizədə məğlub olurlar.

- Əliqulu vəzifə düşkünüdür...

- Elədir ki, var. Əliqulunun vəzifə uğrunda apardığı mübarizəni kölgədə qoyan gənclərin-Kamal ilə Qumralın saf nəhəbbətidir. Gənclərin saf məhəbbəti və quruculuq fəaliyyəti cəmiyyətin xoş gələcəyi və sabahı deməkdir. Sabah isə bu gündən başlanır. Sonda Kamal ilə Qumralın məhəbbəti qələbə çalır. Tamaşada digər obrazlar da həyat və fəaliyyətləri ilə cəmiyyətin inkişafına xidmət edirlər. Əsərdə gənclərin məhəbbəti ilə yanaşı yaşlı insanların da bir-birinə olan səmimi münasibətləri önəmli yer tutur. Xəlil dayı vəkil, Xumar xanım baxça müəlliməsidir. Onların ömürləri işdə-gücdə keçdiyindən, cavan vaxtlarında ailə qurmaq haqqında düşünməyiblər. Amma yaşlı vaxtlarında təkliyə məhkum olmamaq üçün, gec də olsa ailə qurmaq haqqında düşünürlər. Onların məhəbbətləri bir qədər gecikib. Amma onlar da xoşbəxt olmağa layiqdirlər. Mənə elə gəlir ki, tamaşanın adı “Əliqulu evlənir” yox, “Məhəbbət dastanı” adlansa, daha düz olar. Əsərin sonunda Əliqulunun ailəsinin dağılması, bir növ gənclərə ibrət dərsidir. Gənclər anlayırlar ki, ailədə özünü elə aparmalısan ki, sonda ailən dağılmasın.

- Tamaşa tamaşaçılara bir çox mesajlar verir.

-Əlbəttə. Söz yox ki, bu gün də cəmiyyətimizdə vəzifəpərəstlər və digər mənfi xarakterli insanlar var. Onlar dövrümüzə uyğun geyimlərini dəyişsələr də məqsədləri və məramları dəyişməyib. Məhz bu səbəbdən librettoya müəyyən əlavələr edilib. Məqsədimiz tamaşaçılara özlərini göstərməkdir. Məsələn, tamaşada belə bir səhnə var. Hamı telefonla danışır. Biri problemlərini kiməsə demək istəyir. Amma yan-yörəyə baxıb, onu dinləyəcək adam tapa bilmir. Çünki, hamı mobil telefonla danışaraq, öz problemlərini həll edir. Müasir dövrümüzün ən böyük problemi budur. Hamı danışır, heç kim bir-birini eşitmək istəmir. Əsərə iki musiqiçi qadın obrazı da əlavə olunub. Onlar da tamaşada maraqla qarşılanır.

-Bildiyimə görə, Sabit Rəhmanın “Əliqulu evlənir” əsərində bünlar yoxdir. Bunu yəqin ki, libretto əlavəsi hesab etməliyik.

- Bəli. Bu və digərləri mənim əlavədir. Sadəcə olaraq, librettoya müəyyən əlavə etdik ki, dövrümüzə daha yaxın olsun. Əliqulu həm keşmiş, həm də müasir dövrün Əliqulusudur. Mən tamaşada Əliqulunun “kreslo xəstəliyi” ni daha qabarıq göstərmək üçün onun evində də kabinetindəki kreslonun eynisini təqdim etmişəm. Əliqulunun kreslosunda nə işdə, nə də evdə özündən başqa heç kim əyləşə bilməz. Mənim təxmini rejissor hesablamalarıma görə, onun kreslosu tamaşaçının düşüncəsində şikəst arabasını xatırlatmalıdır.

- Vəzifə xəstəliyi, əslində elə şikəstlik deməkdir.

- Elədir ki, var. Satirik gülüş hədəfinə çevrilən Əliqulu və Səfər obrazlarının bütün xarakterik cizgiləri tamaşa boyu qabarıq şəkildə üzə çıxmalıdır. Mən Əliqulu və Səfər obrazları vasitəsi ilə müxtəlif yollarla vəzifələrə soxulan, cəmiyyətin inkişafına mane olan və müasir dövrümüzdə də tez-tez rastlaşdığımız nadan və tüfeyli insanların ifşasına çalışmışam. Əliqulu tamaşa boyu bütün varlığı ilə müqavimət göstərərək, çarpışır, vuruşur, dediyiniz kimi, evli olduğu halda, məsul bir işçi ilə qohumluğa can atır. Qızı Qumralı, vəzifəsi olan meymuna belə ərə verməyə razıdır. Kreslo, vəzifə və kabinet onun yaşam tərzi, həyat amalıdır. İnsan yeməyə, yatmağa və sairə adət etdiyi kimi, Əliqulu da kresloya, vəzifəyə və kabinetə adət etmişdir. Tamaşada Əliqulunun həyatını vəzifədən üstün tutmağını onun xarici və daxili rəsminin vəhdətində, geyimində, davranışında, ətrafı ilə münasibətlərdə göstərməyə çalışmışam. Oxucuların yadına salım ki, əsərdə Əliqulunun xarici görünüşünün “remontdan əvvəl” və “remontdan sonrakı” rəsmi də obrazın xarakterik cizgilərinin açılışına xidmət edir.

- Bu gün vəzəfəpərəst deyəndə, dərhal Əliqulu yada düşür.

- Bəli. Müəllif əsərdə Əliqulunun vəzifəpərəstliyini, mənsəb düşkünlüyünü bədii mübaligə vasitələri ilə ifşa edirsə, mən də tamaşada obrazın mənəvi cılızlığını rəngarəng və qrotesk vasitələrlə qabarıqlaşdırmağa çalışmışam. Bunları onun geyimində, saç düzümündə, yerişində, üzünün ifadəsində və danışıq tərzində canlandırmaq istəmişəm. Əliqulu və onun kimi vəzifəpərəst məmurlar mənsəb uğrunda apardıqları mübarizələrində əvvəl gülüş, sonra isə ikrah hissi oyadırlar. Əliqulunun əsərdə daim təkrar etdiyi “Mən müdir olmaq, sədr olmaq, rəhbər olmaq üçün yaranmışam” deyimini tamaşa boyu əsas leytmativ olaraq qırmızı xətt kimi keçirməyə çalışmışam. Əliqulunun və digər obrazların əsərin ideya xəttinə və xarakterlərinə uyğun olaraq səhnədə təklif olunan vəziyyətlərdə dəqiq fiziki hərəkət-mizan toplusunun tapılmasına, rolların həm zahiri, həm də daxili rəsmlərinin vəhdətini məntiq və ardıcıllıqda göstərməyə çalışmışam.

- Yaxın günlərdə maraqlı bir tamaşa ilə tamaşaçıları sevindirəcəyinizə əminəm.

- İnşallah. Tamaşanın tərtibatında və obrazların təqdimində də müxtəlif təsvir vəsitələrindən istifadə etmişəm. Tamaşada rəssam tərtibatı, geyimlər, musiqi, rejissura və obrazların təsviri arasında sıx vəhdət yaratmışam. “Əliqulu evlənir” tamaşasının teatrın repertuarında layıqli yer tutacağına və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına inanıram.

- Mən də buna inanıram və çoxsaylı oxucularımızı yaxınlarda Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində xalq artisti İlham Namiq Kamalın quruluşunda Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasına dəvət edirəm.

Müsahibəni apardı: teatrşünas, dramaturq Çingiz Ələsgərli

Digər xəbərlər