Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

Noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək. Layihə Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki ölkə arasında mədəni-ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.Fonddan Trend-ə verilən məlumata görə, festival çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda İmadəddin Nəsiminin büstünün açılış mərasimi keçiriləcək. Açılış zamanı Nəsimi poeziyasından müxtəlif nümunələr də səsləndiriləcək.
Festival zamanı, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək. Çıxışlarda İmadəddin Nəsiminin Azərbaycan poeziyasının inkişafında oynadığı roldan, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfədən bəhs olunacaq. Tədbirdə MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə səsləndirəcək, həmçinin Azərbaycandan olan aktyorların ifasında “Mərhəba” musiqili-poetik tamaşası təqdim ediləcək.
Festival noyabrın 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi irsinə həsr olunmuş konfransla davam edəcək. Tədbirdə “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiya təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərq və Qərbin mədəni birliyi”, “Nəsiminin dili – dünən, bu gün, sabah” və digər mövzularda məruzələr ediləcək. Konfransda Nəsimi yaradıcılığını, şairin ədəbi-fəlsəfi irsini müxtəlif aspektlərdən təhlil edən çıxışlarla yanaşı, müasir gəncliyin mənəviyyatı, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına dair müzakirələr də aparılacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı təşkil olunub. Layihə çərçivəsində həm şairin doğulduğu Şamaxı şəhərində, həm də Bakıda müxtəlif sənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, eləcə də mühazirə, simpozium və seminarlar təşkil olunub. Dörd gün davam edən festivalda Nəsimi yaradıcılığının tərənnümü ilə yanaşı, şeir və sənətin yaşadılması, müxtəlif müstəvilərdə və formatlarda təqdimatları ilə yadda qalıb.

yap.org.az