Mədəniyyət

  • 7 749

Şair Rəfiq Zəka Xəndanın anadan olmasının 80 illiyi qeyd edilib

image

Klassik poetik ənənələrin layiqli davamçılarından biri olan Rəfiq Zəka Xəndan zəngin ədəbi fəaliyyəti dövründə milli poeziyamıza dəyərli töhfələr bəxş edib. Onun yaradıcılığının əsas istiqamətləri Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümündən ibarətdir.SİA xəbər verir ki, bu fikirlər noyabrın 27-də Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 80 illiyinə həsr olunmuş tədbirdə səslənib.Gecədə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Rəfiq Zəka Xəndanı XX əsr Azərbaycan poeziyasında öz yeri olan bir qələm adamı kimi dəyərləndirib.Xüsusilə qeyd edilib ki, onun Azərbaycan ədəbiyyatına sonsuz sevgisi XX əsr Azərbaycan elminin böyük simalarından olan atası Cəfər Xəndanla bağlıdır.O, görkəmli ədibin şəxsi keyfiyyətləri barədə məlumat verib, şairin klassik ənənələrə sadiqliyini, Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılığını yüksək dəyərləndirib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini minnətdarlıq hissləri ilə xatırladıb.Bildirilib ki, hər zaman milli ideyalı əsərləri ilə azərbaycançılığı, türkçülüyü təbliğ edən şair ölkəmizin müstəqilliyini görsə də, xalqımızın üzləşdiyi ağrılara dözə bilməyərək dünyadan vaxtsız köçüb.Filologiya elmləri doktoru Vaqif Yusifli tədbirdə çıxış edərək Rəfiq Zəka Xəndanın ömür yolundan və yaradıcılığından söz açıb.Bildirilib ki, R.Zəkanın 23 yaşında çap olunan ilk şeirlər kitabının adı “Çağlayan” idi. Bu kitabı o, unudulmaz şairimiz Mikayıl Müşfiqə ithaf etmişdi. Müşfiqin sağlığında bu adda bir kitabı çap olunmalı idi, lakin məlum səbəblərdən bu, həyata keçmədi. Amma Rəfiq Zəka şairin arzusunu o adla əbədiləşdirməyə çalışdı.Bütün yaradıcılıq dövründə Rəfiq Zəka 20-dən çox kitabın müəllifi kimi böyük şöhrət qazanıb. Yaşadığı 59 illik bir zaman kəsiyində böyük istedadı və yorulmaz fəaliyyəti ilə adını ədəbiyyat tariximizə əbədi həkk etdirib.Rəfiq Zəka Xəndanın əsərləri nəinki vətəni Azərbaycanda, qardaş Türkiyədə də böyük sevgi ilə oxunur. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, Beynəlxalq Atatürk mükafatı laureatı olub, qardaş ölkənin bir çox bədii jurnallarının redaksiya heyətində təmsil olunub. Ankara və İstanbulda kütləvi tirajlarla kitabları çap edilib. Bir sözlə o, Azərbaycan və Türkiyə arasında ədəbi körpü rolunu oynayıb.Qeyd edilib ki, Rəfiq Zəka ədəbiyyatımızın müxtəlif problemlərinə aid yazdığı onlarla məqalənin, bir sıra dərs vəsaitinin müəllifi, ötən əsrin ədəbiyyat tarixinin mötəbər və nüfuzlu tədqiqatçılarından biri kimi tanınır. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini dərindən bildiyindən görkəmli söz ustadları haqqında əsərlər nəşr etdirib, dünya klassik ədəbiyyatı nümunələrini dilimizə tərcümə edib.Vurğulanıb ki, onun özünəməxsus poeziyası geniş oxucu rəğbəti qazanıb, sözlərinə mahnılar bəstələnib. Şair heca və əruz vəznlərində əsərlər yaradıb. Bəstəkarların, demək olar ki, əksəriyyəti nəğməkar-şairin 300-dən çox şeirinə müraciət edərək, unudulmaz mahnılar bəstələyib.Rəfiq Zəkanı iti hafizəli bir insan kimi də xatırlayan natiq deyib ki, az-az adamların yaddaşı bu qədər güclü ola bilərdi. O, Azərbaycan poeziyasının ən dəyərli nümunələri ilə yanaşı, türk şairi Əbdülhəqq Hamidin 5 min misralıq “Məqbər” poemasını da əzbər bilirdi.Gecədə Rafiq Zəkanın şeirlərindən nümunələr səsləndirilib, tanınmış və gənc musiqiçilər tərəfindən sözlərinə yazılmış mahnılar ifa olunub.Sonda şairin oğlu Xəndan Rafiq Zəka oğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

sia.az

Digər xəbərlər