Ermənistan ABŞ-la Rusiyanın arasında sıxışıb ANALİTİK

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz: “Rusiyanın bəyanatlarına Ermənistan hökuməti reaksiya verməlidir, ABŞ səfiri deyil”

Ermənistanda 2008-ci ilin 1 mart tarixində baş vermiş qanlı olaylarla bağlı istintaq tədbirlərində ABŞ və Rusiya tərəflərinin mövqeləri müxtəlifdir. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzlə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözügedən mövzu ilə bağlı səsləndirdikləri bəyanatlarından da görmək mümkündür. Eyni zamanda, Ermənistanın hazırda da asılı və qeyri-müstəqil ölkə olması verilən bəyanatlar çərçivəsində açıq-aydın görünməkdədir.“Rusiyanın bəyanatlarına Ermənistan hökuməti reaksiya verməlidir, ABŞ səfiri deyil”. SİA erməni mediasına istinadən xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz jurnalistlərlə görüşündə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun 1 mart hadisələri ilə bağlı Ermənistan hökumətinə verdiyi bəyanatını şərh edərkən, bu sözləri deyib.“Bizim mövqeyimiz bu cür qalmaqda davam edir: 2008-ci ilin 1 martında baş vermiş hadisələr obyektiv və dəqiq şəkildə araşdırılmalıdır. Xüsusilə vacibdir ki, bu istintaq ali qanunvericilik və hüquqi proseslər çərçivəsində gerçəkləşdirilsin”, - amerikalı səfir bildirib.

Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov: “Moskva qeyri-sabit vəziyyətdən narahatdır və bu hal həyəcan doğurur”

Erməni mətbuatı xatırladır ki, bir neçə gün öncə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Ermənistanda ölkənin keçmiş rəhbərləri ilə bağlı aparılan istintaq tədbirləri ölkənin daxili işi olmasına rəğmən, Moskva qeyri-sabit vəziyyətdən narahatdır və bu hal həyəcan doğurur.“Əllbəttə ki, Ermənistandakı mövcud vəziyyət bizi narahat edir”, deyə bəyan edən Lavrova görə, on il bundan öncə baş vermiş faktlar məlumdur: “Siz, faktları bilirsiniz, siz, hazırda baş verən həbslərdən də məlumatlısınız. Hesab edirik ki, bütün bunlar sözsüz ki, Ermənistan respublikasının daxili işidir və çox istərdik ki, daxili işlər qanun çərçivəsində qalsın və tezliklə həll edilsin”.Bir daha görünən budur ki, Ermənistanın yeni hakimiyyəti və hökumət başçısı Nikol Paşinyan necə deyərlər, iki od arasında qalıb və Qərblə Moskvanın diktələri bu gün də Ermənistanın çıxılmaz vəziyyətdə qalmasını, eləcə də qeyri-müstəqil olmasını kifayət qədər təsdiq edir.